Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17223/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əsəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “bank kartından qanunsuz silinmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdeh ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının kartından qanunsuz olaraq pul vəsaitlərinin silinməsi ilə bağlı Cavabdehın hərəkətlərin qanunsuz hesab edilməsi, onun bank kartından qanunsuz silinmiş 45 000 manatın geri qaytarılması, bankdan faizlərin və 4500 manat məbləğində kompensasiyanın alınması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının razılığı olmadan, cavabdehin ona heç bir bildiriş və ya izahat vermədən, ona məxsus Cavabdehın 4127-2044-4230-4356 nömrəli bank kartımdan 45 000 manat pul silinib. Bunu aşkar etdikdən dərhal sonra həm Daxili İşlər Nazirliyinə (qaynar xətt olan 102-ə zəng etməklə və DİN-in internet saytı vasitəsilə), həm KAPİTAL BANKA (qaynar xətt olan 196-a zəng etməklə və bankın tətbiq proqramı vasitəsilə) bu barədə məlumat verdi və bank tərəfindən qanunsuz olaraq kartından silinən onun 45 000 manat olan pulunu qaytarmağını tələb etdi. Sonradan isə bank tərəfindən qanunsuz olaraq kartından silinən onun 45 000 manat olan pulunu qaytarılmasını tələb edərək banka yazılı şəkildə də poçt vasitəsi ilə (Azərpoçt MMC-in qəbz №si 4********) sifarişli, xəbəmaməli pretenziya göndərdi, lakin bank öz hərəkətlərinin qanuniliyinə dair heç bir sübut təqdim etmədən, pulunun kartından qanunsuz silinmə faktını etiraf etməkdən imtina edib. Bank hətta hesabdan çıxarışların təqdim edilməsi ilə bağlı heç bir müraciətlərinə cavab vermir, buna görə də, təqdim edə biləcəyi sübutlar yalniz tətbiqdəki əməliyyat tarixçəsindən olan qəbzlərdir. Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat İdarəsinin rəisi İsmayil Əliyevin ona göndərdiyi 3-13-44-2/2- H8046/3 saylı, həmçinin Daxili İşlər Nazirliyinin Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirlinin ona göndərdiyi 54/2-H-8046/11/25 saylı məktublara əsasən, hal-hazırda bu faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır, cinayət işinin №si 2********. Mövcud qanunvericiliyə uyğun olaraq, vətəndaşın şəxsi və ya əmlakına dəymiş ziyan zərər vuran şəxs tərəfindən tam ödənilməlidir. Qanunla müəyyən edilmiş əsaslar olmadan və ya başqa şəxsin hesabına əmlak əldə etmək hüququ olmayan şəxs əsassız əldə etdiyi və ya qənaət etdiyi əmlakı ona qaytarmağa borcludur. Başqasının pulunu qanunsuz saxlamağa, qaytarmaqdan yayınmağa, ödənilməsinin başqa gecikdirilməsinə və ya əsassız olaraq başqa şəxsin hesabına alınmasına və ya istifadəyə görə bu vəsaitin məbləğinə faizlər ödənilir. Onun pulundan qanunsuz istifadə müddəti cavabdeh onun pulunun silinməsinin əsassız olduğunu bildiyindən və pulunun könüllü olaraq qaytarılması üçün heç bir tədbir görmədiyindən cavabdeh kartından pul sildiyi andan başlayıb. Beləliklə, onun da pulunun qanunsuz olaraq silindiyi gündən ona qaytarıldığı günə qədər cavabdeh tərəfindən onun vəsaitindən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququ var. Kapital Bankın fəaliyyətini Azərbaycan qanunvericiliyində, Mülki Məcəllədə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş müştəri kimi hüquqlarını pozulmuş kimi hesab edir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Cavabdeh ASC inzibati orqan sırasına daxil edilməmişdir.
10. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisənin mövcud olmağından söz gedə bilməz.
11. Odur ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı mülki münasibətlərindən irəli gəlir və inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
12. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.
13. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
14. Göstərilənlərə əsasən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir.
15. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə, fərdi sahibkar olduğu təqdirdə Bakı Kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ləman Musayeva