Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1723/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı pensiya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04.03.2021-ci il tarixdə güzətli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətindən cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki, o, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. 02.09.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 02.09.1977-ci il tarixdən 01.03.1979-cu il tarixədək olan müddət ərzində Neftçalasementorqda təmir briqadasında fəhlə işləmişdir (1 il 5 ay 29 gün). 01.10.1979-cu il tarixdən 28.02.1980-ci ilədək Azərbaycan SSR ANN-nın Bakı Nəqliyyat Agentliyinin Neftçala avtokalonunda 1-ci dərəcəli çilingər qismində işləmişdir (4 ay 27 gün). 16.06.1980-ci il tarixdən 23.09.1986-cı il tarixədək Bakı Kamvol Kombinatında Qatışıqların hazırlanması sexində 2-ci dərəcəli emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (6 il 3 ay 7 gün). 23.09.1986-cı il tarixdən 01.09.1988-ci ilədək həmin sexdə daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (1 il 11 ay 22 gün). 01.09.1988-ci il tarixdən 06.09.1988-ci il tarixədək Elektrik sexində elektromontyor işləmişdir (5 gün). 06.09.1988-ci il tarixdən 03.09.1991-ci il tarixədək Qatışıqların hazırlanması sexində 3-cü dərəcəli daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (2 il 11 ay 27 gün). 03.09.1991-ci il tarixdən 06.02.1992-ci il tarixədək həmin sexdə emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (5 ay 3 gün), 06.02.1992-ci il tarixdən, 20.09.2013-cü il tarixədək həmin sexdə usta köməkçisi işləmişdir (21 il 7 ay 14 gün). Beləliklə, 35 il 2 ay 14 gün ümumi və 33 il 3 ay 13 gün xüsusi iş stajına malikdir. Onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da öz əksini tapmışdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Toxuculuq sənayesinin 26.1-ci bəndinə əsasən usta köməkçisi, 26.7-ci bəndinə əsasən daşıyıcı, Yüngül sənaye bölməsinin 26.9-cu bəndinə əsasən emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya pensiya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2021-ci il tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri. əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 10.02.2021-ci il tarixli, 077 nömrəli arayışında 22.09.1986-02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin (26.3) fəhlələr yarımbəndində darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən arayışda onun 06.02.1992-16.09.2013-cü il tarixləri arasındakı dövr ərzində Qarışdırıcı sexdə usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsinə uyğun deyil. Qeyd olunan səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 9 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiaysının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeyd alınan pensiya kapitalı cəmi 23456.27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdə “Neftçalasmentorq” təmir briqadasına fəhlə qismində təyin edilmiş, 01.03.1979-cu il tarixdə təhsili ilə bağlı işdən azad edilmiş, 01.10.1979-cu il tarixdə Azərbaycan SSR ANN-nin Bakı Nəqliyyat Agentliyinin “Neftçala avtokolonuna” 1-ci dərəcəli çilingər qismində qəbul edilmiş, 01.03.1980-ci il tarixdə öz istəyinə əsasən işdən azad edilmiş, 16.06.1980-ci il tarixdə qatışıqların hazırlanması sexinə 2-ci dərəcəli emulsiya hazırlayan qismində qəbul edilmiş, 22.09.1986-cı il tarixdə qatışıqların hazırlanması sexinə nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş, 01.09.1988-ci il tarixdə Elektron sexinə 1-ci dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş, 01.09.1988-ci il tarixdə qatışıqların hazırlanması sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş, 02.09.1991-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli emulsiya hazırlayan vəzifəsinə keçirilmiş, 06.02.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş, 16.09.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən iddiaçı barəsində verilmiş 22 nömrəli, 23.07.2021ci il tarixli “Güzəştli arayış”dan görünür ki, İddiaçı həqiqətən 16.06.1980-ci ildən (əmr № 68) 16.09.2013-cü ilə kimi (əmr № 12) Bakı Komvol Kombinatında işləmişdir. 16.06.1980ci il tarixdə Qatışıqların hazırlanması sexinə (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalını xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı qəbul edilmiş (əmr № 68, 16.06.1980. Yüngül sənaye. 26.9); 22.09.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmiş (əmr № 133, 23.09.1986), İslatma-küllənmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahələrində), dəri xəz xammalının ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfakrikatları, kimya materiallarını və istehsal tullantılarını daşıyanlar 26.7; 02.09.1986cı il tarixdə həmin sexə 3-cü dərəcə ilə emulsiya tərtibatçısı keçirilmiş (əmr № 16, 03.09.1991), yüngül sənaye 26.9; 06.02.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcə ilə usta köməkçisi keçirilmiş (əmr № 37, 06.02.1992), ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri, toxuculuq sənayesi 26.1; 16.09.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsilə öz xahişi ilə işdən azad edilmişdir (əmr № 12, 20.09.2013). Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineitnin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Toxuculuq sənayesinin 26.1-ci bəndinə usta köməkçisi, 26.7-ci bəndinə daşıyıcı, yüngül sənaye bölməsinin 26.9-cu bəndinə əsasən emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 24 nömrəli, 09.08.2021-ci il tarixli “Güzəştli arayış”-dan görünür ki, İddiaçı həqiqətən 16.06.1980-ci ildən (əmr № 68) 16.09.2013-cü ilə kimi (əmr № 12) Bakı Komvol Kombinatında işləmişdir. 16.06.1980-ci il tarixdə qatışıqların hazırlanması sexinə (ağardıcı, buraxlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı qəbul edilmiş (əmr № 68, 16.06.1980, Yüngül sənaye. ******* – 9 bölmə. 2211000a-18711 kodu); 22.09.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmiş (əmr № 133, 23.09.1986, İslatma-külləmə, aşılamaboyama-yağlaşdırma sexlərində (sahələrində), dəri xəz xammalının ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfabrikatları, kimya materiallarını və istehsal tullantılarını daşıyanlar – 2210800a – 16746 kodu; 02.09.1986-cı il tarixdə həmin sexə 3-cü dərəcə ilə emulsiya tərtibatçısı keçirilmiş (əmr № 167, 03.09.1991, yüngül sənaye, 22111000a- 18711a kodu; 06.02.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş (əmr № 37, 06.02.1992, ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri, toxuculuq sənayesi, XX yüngül sənaye, 1. Toxuculuq sənayesi – 2200200a – 16848, 16.09.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi il işdən azad edilmişdir (əmr № 12, 20.09.2013). Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XX.Yüngül sənaye - toxuculuq sənayesinin 1-ci bölməsində 2200200a-16848 kodu üzrə usta köməkçisi, yüngün sənaye 210800a-16746 kodu üzrə daşıyıcı, yüngül sənaye bölməsinin 2211000a-18711 kod üzrə emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən "xxxx" ASC adlandırılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 448 nömrəli, 22.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 16.06.1980-ci il tarixdə “Qatışıqların hazırlanması” sexinə (ağardıcı, buxarlanma, boyama, boyaqbişirmə, karbonlaşdırma, avadanlığın və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı peşəsinə qəbul olunmuşdur. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xlor və sinkdən istifadə edərək yunun təmizlənməsi üçün 1.5 tonluq qazanlarda qatışıqların hazırlanması funksiyasını həyata keçirmişdir. 22.09.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmişdir. Daşıyıcı peşəsini icra edən zaman o kimyəvi maddələrlə təmizlənmiş yunu sexin anbarından arabalarla digər sexə daşımışdır. İddiaçı 06.02.1992-ci il tarixdən 16.09.2013-cü il tarixədək həmin sexdə 5-ci dərəcə ilə usta köməkçisi kimi fəaliyyət göstərmişdir. Artıq o usta köməkçisi funksiyasını yerinə yetirən zaman yunun həmin sexə daxil olduğu vaxtdan digər sexə daşınan vaxta qədər həyata keçirilməli olan prosesslərin icrasını həyata keçirmişdir (digər usta köməkçiləri ilə birgə). Belə ki, yunun yuxarıda da, qeyd etdiyi 1.5 tonluq kimyəvi maddələrdən ibarət qatışıqların hazırlandığı qazanlara doldurulması, müəyyən müddət orada qaldıqdan sonra çıxarılaraq təmizlənmək üçün aparatlara verilməsi, eləcə də, aparatlardan çıxarılan yunun sexin anabrında bir sutka saxlanıldıqdan sonra digər sexə arabalarla daşınaraq təhvil verilənədək bütün prosedurları həyata keçirmişdir. Onu da, qeyd edir ki, “Qatışıqların hazırlanması” sexi istehsal olunan bütün məhsullar üçün lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar burada hazırlandığı üçün kombinatlarında ən zərərli sex hesab olunurdu. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 27 aprel 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilməklə, "xxxx" ASC-nin 10 fevral 2021-ci il tarixli, 07 nömrəli arayışında 22.09.1986-02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadı, eyni zamanda, Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin (26.3) fəhlələr yarımbəndində darama avadalığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulması, həmin arayışda 06.02.1992-16.09.2013cü il tarixləri arasındakı dövr ərzində qarışdırcı sexində usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunması, işlədiyi vəzifənin darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsinə uyğun olmadığı, qeyd olunan səbəblərdən də, güzəştli iş stajının 12 il 6 aydan az (6 il 8 ay 9 gün) təşkil etməsi, həmçinin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800.00 manat hesalandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23456.27 manat təşkil etməsi bildirilərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və o, hazırda 01.01.2006cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 18.10.2017-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətindən onun güzəştli iş stajının olmamasına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edilməklə imtina edilmişdir. Məhkəmə ilk öncə cavabdehin iddiaçının güzəştli iş stajı ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də işlədiyi emulsiya tərtibatçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilməklə iddiaçının güzəştli iş stajına daxil edilmişdir. Bu səbəbdən də, həmin dövr artıq məhkəmə mübahisəsinin predmetini təşkil etmir. Hazırda məhkəmə mübahisəsi üzrə mübahisəli dövr iddiaçının həmin müəssisədə 06.02.1992-ci il tarixdən 16.09.2013-cü il tarixədək işlədiyi usta köməkçisi vəzifəsinin güzəştli iş stajına daxil edilib-edilməməsi təşkil edir. Cavabdehin qənaətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül Sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin (26.3) fəhlələr yarımbəndində darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuş, iddiaçının Qarışdırıcı sexdə işlədiyi usta köməkçisi peşəsi həmin bəndə aid deyildir. Halbuki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçı tərəfindən verilmiş 22 nömrəli, 23.07.2021-ci il tarixli güzəştli arayışdan müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC-də 06.02.1992-ci il tarixdən 16.09.2013-cü il tarixədək Qatışıqların hazırlanması sexində işlədiyi usta köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-da 26. “Yüngül sənaye” bölməsində “ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri” peşəsi altında nəzərdə tutulmuşdur. İddiaçının həmin peşəsinin xarakteristikası, onun həqiqətən zərərli peşədə işləməsi məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 48 nömrəli, 22.11.2021-ci il tarixli məktubla da, təsdiq edilmişdir. İddiaçının işlədiyi həmin peşə eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı Qərarının XX. “Yüngül sənaye” bölməsində 2200200a—16848 kodu (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzək vurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri) altında öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajını toplamışdır. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” yarımbəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığından, ona münasibətdə 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinin, yəni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi halının araşdırılmasına zərurət yoxdur. Bununla da məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şəilərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə eləcə də, iddia tələbinin müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə də, qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 18.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1723/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1723/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver