Məhkəmə qərarları › İş №2-1(112)-1723/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1723/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1723/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha sahəsi olan 2033 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Komitəsinin xx.xx.1997-ci il tarixli 139 nömrəli Qərarına əsasən Goradil Bağlar sahəsində 0.12 ha olan 2033 nömrəli bağ sahəsi ona ayrılmışdır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti aparatının X6 və istismarı birliyi tərəfindən 10 saylı order iddiaçıya verilmişdir. Ona ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti aparatının X6 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan başqa elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti aparatının X6 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməməsi və torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi mənim təqsirim deyil və bu səbəblə mənim mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv Arayışından görünür ki, arxivdə qeyd edilən bağ sahəsinin ona ayrılmasına dair məlumatlar mövcuddur. Torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd etmişdir ki, Azərişıq ASC tərəfindən verilmiş 24 may 2022-ci il tarixli məktubdan görünür ki, ona məxsus olan bağ sahəsi elektrik şəbəkəsinin mühafizə zonasında yerləşsə də, bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmirlər. Cavabdeh orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 15-ci maddəsinə zidd olaraq ona imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan başqa elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV - l>20, L, m – 10; Un, kV - 35, L, m – 15; Un, kV - 110, L, m – 20; Un, kV - 150, L, m – 25; Un, kV - 220, L, m – 25; Un, kV - 330-500, L, m – 30. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 251 saylı kooperativinin 10 saylı orderində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 139 nömrəli qərarı ilə İddiaçı Goradil bağlar sahəsində 251 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2033 saylı bağ ayrılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/02/12- 13/M-518/4054 nömrəli arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 2033 saylı bağ sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini bildirir və qeydiyyata alınmasına etiraz etmirik. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 7-4596/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: sərəncam № 139, xx.xx.1997-ci il “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ay bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə:

3. Qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılsın: 3.10. İddiaçı Cəlal o. - Goradil BTK № 251 bağ № 2033 Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubu ilə göndərilmiş Göradil bağ sahəsindəki 58-194-251 saylı BTK-nın tərkibində ayrılmış bağ sahələrinin sxematik planının surətindən görünür ki, “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarına əsasən “Goradil” bağ sahəsindəki 58-194-251 saylı BTKnın tərkibində ayrılmış bağ sahələrinin sxematik planı”nda 23 sayda bağ sahəsi göstərilmişdir ki bunlardan da biri İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi olan 2033 saylı bağ sahəsidir. Plan Bağlar İdarəsi Texniki şöbənin rəisi tərəfinfən xx.xx.2007-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubunda qeyd olunmuşdur ki, faktiki torpaq sahəsi hasar daxilindədir, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir (bununla bağlı aidiyyəti təşkilatın rəyi alınmalıdır). Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Qonşu özəl bağ nömrələri 2027, 2021 nömrəli bağlardır. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xxxx/7665 nömrəli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan torpaq sahəsi 110/35/6 kV-luq “Goradil” yarımstansiyasından çıxan 6 kV-luq “Rabitə nazirliyi” hava xəttindən ******* dispetçer saylı komplekt transformator məntəqəsini qidalandıran və 2016-cı ildə istismara verilmiş budaqlanmadan 2 metr məsafədə yerləşir. Bildiririk ki, elektrik qurğularının mühafizə zonaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2014-cü il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan’’na əsasən müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Göradil bağ massivi 2033 saylı bağ; BTK 251 torpaq sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 1200,0 kv.m və faktiki – 1270,0 kv.m. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə tikili yoxdur. Bağ sahəsinin hasarın çölündən bir metr kənarda 6kv-luq elektrik xətti keçir. Azərişıq AC-nin arayışı əlavə olunub. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik bölgüdə öz əksini tapmayıb. Arxivin qeydi. Göstərilən sahənin koordinatları əlavə olundu. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********22 nömrəli məktubunda qeyd olunmuşdur ki, faktiki hasardaxili torpaq sahəsi 1270 kvm təşkil edir. Bağ sahəsinin nömrəsi bağların bğlgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. İdarənin arxiv məlumatlarına əsasən 58-194-251 saylı BTK-nın tərkibindən ayrılmış bağ sahələrinin sxematik planında İddiaçı Cəlil oğlunun adına 2033 saylı bağ sahəsi göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 2034, 2036, 2035, 2047, 2027, 2021, 2022, 2025, 2023, 2027, 2044, 2048, 2019, 2032 və 2029 saylı bağ sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla göndərilmiş daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış Göradil kəndi 2027, 2021, 2044 və 2022 nömrəli bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətindən görünür ki: 2027 saylı bağ sahəsinə dair: - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 251 saylı kooperativinin 03 saylı orderində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarlı ilə X13 Goradil bağlar sahəsində 251 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2027 saylı bağ ayrılmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2027 saylı bağ sahəsi, 0,12 ha mülkiyyət hüququ ilə X12 adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 2021 saylı bağ sahəsinə dair: - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 251 saylı kooperativinin 01 saylı orderində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarı ilə X10 Goradil bağlar sahəsində 251 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2021 saylı bağ ayrılmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 2021 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -2022 saylı bağ sahəsinə dair: Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 251 saylı kooperativinin 02 saylı orderində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarlı ilə X5 Goradil bağlar sahəsində 251 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2022 saylı bağ ayrılmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 578674 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2022 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -2044 saylı bağ sahəsinə dair: -Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 58 saylı kooperativinin 05 saylı orderində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, Pr:166BTB nömrəli qərarlı ilə X2 Goradil bağlar sahəsində 58 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2044 saylı bağ ayrılmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 58 saylı BTK-nın 2044 saylı bağ sahəsi, 0,12 ha mülkiyyət hüququ ilə X1 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********66 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, təqdim etdiyiniz X7 və istismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin nömrəs bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Aparatının X6 və X9 Bağlar sahəsindəki 251 saylı kooperativi tərəfindən 10 saylı orderlə verilmiş sahəsi 0,12 ha olan 2033 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: - təqdim edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. - bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. - elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşir. Hazırkı halda iddiaya etirazın əsasları cavabdehin imtina əsasları ilə eynidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 139 nömrəli qərarı ilə İddiaçı Goradil bağlar sahəsində 251 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2033 saylı bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 139 nömrəli qərarı dövlət arxivində mövcuddur, məhkəmə iclasında iddiaçı tərəfindən 10 nömrəli orderin əslinə baxış keçirilmiş, həmin orderin notarial təsdiqli surəti iş materiallarına əlavə edilmişdir. Belə olan halda iddia olunan bağa sahəsinə dair orderin cavabdehin arxivində olmaması iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir və iddiaçının təqdim etdiyi orderin mötəbərliyini şübhə altına alınmasına əsas vermir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli məktubu ilə göndərilmiş 251 nömrəli bağ tikinti kooperativi 14 nəfərdən ibarət üzvlərinin siyahısında İddiaçı adının olmaması mümkündür. Belə ki, təqdim edilən BTK siyahısı kooperativin ilkin siyahısı olub xx.xx.1994-cü il tarixdə təsdiq edilmişdir. İddiaçı isə kooperativ üzvlüyünə 3 il sonra, yəni xx.xx.1997-ci il tarixli qərarla daxil edilmiş və ona həmin tarixli qərarla bağ sahəsinin ayrılmasına dair order verilmişdir. Beləliklə, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Odur ki, cavabdehin imtinasının ilkin dəlili əsassızdır. Cavabdehin qeyd etdiyi iddia olunan 2033 nömrəli bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmaması da hazırkı müraciətin təminindən imtinaya əsas vermir. Belə ki, cavabdeh göstərilən dəlili ilə bağlı Göradil sahəsinə yerləşən bağ sahələrinin sxemini təqdim etmişdir. Təqdim edilən sxematik xəritədən görünür ki, bağların sxematik xəritəsi bağlar Təsərrüfatı İdarəsinin mühəndisləri tərəfindən xx.xx.1992-ci ildə tərtib edilmişdir və belə olan halda aydın məsələdir ki, təqdim olunan xəritə məhz 1992-ci il vəziyyətinə uyğun olaraq ayrılmış bağların yerləşmə yerini, ardıcıllığını göstərir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi 2033 nömrəli bağ sahəsi ona 1997-ci ildə ayrılmışdır və bu halda həmin nömrəli bağın sözügedən 1992-ci il sxematik xəritəsində olmaması mümkündür. Bundan əlavə qeyd edilməlidir ki, “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarına əsasən “Goradil” bağ sahəsindəki 58-194-251 saylı BTK-nın tərkibində ayrılmış bağ sahələrinin sxematik planı” tərtib edilmiş, həmin sxematik plan Bakı şəhər İcra Hakimiyyəti Bağlar İdarəsi Texniki şöbənin rəisi tərəfindən xx.xx.2007-ci il tarixdə imzalanaraq təsdiq edilmişdir. Sözügedən sxematik planda 23 sayda nömrəli bağ sahəsi göstərilmişdir ki bunlardan biri İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi olan 2033 saylı bağ sahəsi olduğu görünür. Bağlar idarəsinin arxiv saxlayıcısı olan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazisi qeyd edilən sxematik planı arxiv üzrə təhvil almış, hazırda da həmin sxem cavabdeh idarənin arxiv qovluğunda saxlanılır. Odur ki, cavabdeh orqan 2007-ci ildə təhvil aldığı bağların sxematik xəritəsində 2033 nömrəli bağ sahəsi olduğu halda 1992-ci il bağların sxematik xəritəsində həmin nömrəli bağ sahəsinin olmadığına istinad etməsi qanuni və əsaslı hesab edilə bilməz. İddiaçıya məxsus 2033 nömrəli bağ sahəsinin yaxınlığında yerləşən özəl bağ nömrələri 2027, 2021 nömrəli bağlardır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının bağ sahəsinin “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarına əsasən “Goradil” bağ sahəsindəki 58-194-251 saylı BTK-nın tərkibində ayrılmış bağ sahələrinin sxematik planı”nda əks olunsa da 1992-ci il xəritəsində olmadığına istinad edərək bağ sahəsinin qeydiyyatından imtina etsə də cavabdeh orqan özü həmin “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarına əsasən “Goradil” bağ sahəsindəki 58-194-251 saylı BTK-nın tərkibində ayrılmış bağ sahələrinin sxematik planı”nda mövcud olan və iddiaçının qonşuluğunda yerləşən bağ sahələrinin dövlət reyestrində qeydiyyatını aparmışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq həmin sxematik planda göstərilən iddiaçıya mxəsus 2033 aylı bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 2034, 2036, 2035, 2047, 2027, 2021, 2022, 2025, 2023, 2027, 2044, 2048, 2019, 2032 və 2029 saylı bağ sahələrinin dövlət reyestrində qeydiyyata alındığı müəyyən olunmuşdur. Həmin qeydiyyatdan keçmiş bağ sahələrindən bir neçəsinin nümunəsində 251 saylı kooperativi daxilində məsələn, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarı əsasında BTK tərəfindən verilmiş 03 saylı order əsasında 2027 saylı bağ, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarı əsasında BTK tərəfindən verilmiş 01 saylı order əsasında 2021 saylı bağ, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1802 nömrəli qərarı ilə 251 saylı BTK tərəfindən verilmiş 02 saylı order əsasında 2022 saylı bağa dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçdiyi görünür. Beləliklə, cavabdeh orqan iddiaçıya aid bağ nömrəsinin 1992-ci il tarixli sxematik xəritədə əks olunmasa da həmin xəritədə olmayıb, lakin 2007-ci il tarixdə qəbul edilmiş “Bakı şəhər İcra Hakimiyyətinin sərəncamlarına əsasən “Goradil” bağ sahəsindəki 58-194- 251 saylı BTK-nın tərkibində ayrılmış bağ sahələrinin sxematik planı”nda əks olunan bağ sahələrinin qeydiyyatını aparması, cavabdeh qeydiyyat orqanının sonradan tərtib edilmiş sxematik planın bağların yerləşməsini göstərən sənəd qismində qəbul etdiyini göstərir. Belə olan halda cavabdehin daha əvvəl tərtib edilmiş sxematik xəritəyə istinad edərək müraciətin təminindən imtina etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunur. Cavabdehin qeydiyyatın aparlmasından imtinaya əsas kimi mübahisəli bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bındinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nzəərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Hazırkı iş üzrə müəyyən olunur ki, sözügedən 2033 nömrəli bağ torpaq sahəsi 110/35/6 kV-luq “Goradil” yarımstansiyasından çıxan 6 kV-luq “Rabitə nazirliyi” hava xəttindən ******* dispetçer saylı komplekt transformator məntəqəsini qidalandıran və 2016cı ildə istismara verilmiş budaqlanmadan 2 metr məsafədə yerləşir. Torpaq sahəsi hasarlanmış, üzərində tikili yoxdur, boş torpaq sahəsidir. Eləcə də həmin ərazidə yüksək gərginlikli elektrik xəttinin mülkiyyətçisi olan "xxxx" ASC iddiaçıya aid torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini və qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan hazırda boş, üzərində tikili olmayan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha sahəsi olan 2033 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0.12 ha sahəsi olan 2033 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar