Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1723/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı “dəymiş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təqaüdünün hesablanmayan hissəsinin düzgün şəkildə hesablanaraq pensiya kapitalının, aylar boyu ona vurulan maddi-mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun ödənilməsi və məhkəməyə qədər çəkdiyi xərclərin qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyeva X3 Rayonu 20 saylı Uşaq poliklinikasında həkim-pediator vəzifəsində çalışmışdır. 2018-ci il tarixdə yaşı ilə əlaqədar olaraq işdən azad olmuşdur. Ona əmək pensiyasının hesablanmasında mübahisələr yaranmışdır. Belə ki, iddiaçı Xətai rayon pensiya qurumuna pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun səkkiz il iş stajı nəzərə alınmadan pensiya hesablanmışdır. Bu hal 2007, 2008, 2010-2015-ci illəri əhatə edir. Bu səbəbdən iddiaçı işlədiyi poliklinikanın mühasibat və kadrlar şöbəsinə müraciət etmişdir. Həmin idarə heyəti bu səhvi düzəldərək iddiaçıya arayış vermiş və o, həmin arayışı Bakı Baş Səhiyyə İdarəsində Mehriban xanıma təqdim etmişdir. Bundan sonra etdikləri səhvi düzəltdiklərini bildirdilər. 2021-2022-ci illər ərzində iddiaçı “İdrak Liseyi”ndə işlədiyi üçün yenidən əmək pensiyasının hesablanması üçün 3 saylı Bakı Dost Mərkəzinə müraciət etmişdir. Orada sözügedən həmin səkkiz il iş stajın yazılmadığı bildirilmişdir. Bu da azmış kimi həmin illər iddiaçı ilə eyni ad soyadda olan şəxsə yazılmışdr. Həmin şəxs müəllimə vəzifəsində, iddiaçı isə həkim vəzifəsində çalışmış, doğum tarixləri və yaşayış yerləri də tam fəqlidir. İddiaçı yenidən Bakı Baş Səhiyyə İdarəsinə, Mehriban xanıma müraciət etdikdə “gözümüzdən yayınıb, işimiz çoxdur“ deyə səbəb gətirərək yenidən bu problemi həll edəcəyini söz vermişlər. İddiaçı bir müddətdən sonra işinin yenə həll olmadığını bildikdən sonra Bakı Baş Səhiyyə X4 Şəxsin direktoruna müraciət etmişdir. Lakin verilmiş cavab onu qane etməmişdir. Bir ildir ki, maddi və mənəvi zərər çəkir, idarələr iddiaçını bir-birinin üzərinə göndərir. Bakı Baş Səhiyyə Mərkəzi iddiaçının şikayətini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəldirmişlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək proses iştirakçılarına bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddia ərizəsində göstərilən illər üzrə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqqı üçün vergi hesablanaraq tutulmuş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna dövrü olaraq məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim olunmuşdur. Həmin hesabat əsasında iddiaçı ilə eyni ad, soyad və ata adına malik, lakin sosial sığorta nömrəsi fərqli olan başqa şəxsin fərdi şəxsi sığorta hesabına texniki səhv nəticəsində iddiaçıya məxsus məlumatlar işlənmiş, nəticədə iddiaçının əmək pensiyası hesablanarkən 2007, 2008, 2010-2015-ci illər üzrə sığorta stajı nəzərə alınmamışdır. Daha sonra edilən müraciət əsasında həmin səhv aradan qaldırılaraq iddiaçının fərdi şəxsi hesabına həmin məlumatlar daxil edilmiş və əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh müəssisənin iddiaçıya məxsus məlumatları fərdi şəxsi sığorta hesabına daxil etmək səlahiyyəti olmadığından dolayısı ilə yol verilən texniki səhv cavabdeh tərəfindən edilə bilməz. İddiaçının iddia tələbi ona məxsus pensiyanın hesablanmayan hissəsinin düzgün şəkildə hesablanaraq ödənilməsi və vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsinə dair iki fərqli iddia tələbindən ibarətdir. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd olunması zəruridir ki, cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nın pensiya hesablayıb iddiaçıya həmin pensiya məbləğini ödəmək səlahiyyəti olmadığından bu iddia tələbinə münasibətdə cavabeh dəyişdirilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavabdeh qismində işə cəlb olunmalıdır. İddiaçı tərəfindən mübahisələrin məhkəmə aidiyyəti qaydalarına riayət edilmədiyindən iddia tələbi digər hissədə isə mümkünsüz hesab edilməlidir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan olsa belə, iddiaçının maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi onunla cavabdeh arasında mövcud olan xüsusi hüquq münasibətindən irəli gəlir. Yəni mübahisənin əsasında məhz iddiaçı ilə cavabdeh arasında mövcud olmuş işçi-işəgötürən münasibəti dayanır. Bu baxımdan iddiaçının maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasına aidiyyəti üzrə ümumi məhkəmələrdə baxılmalıdır. Odur ki, İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən iddia tələbinin pensiyasının düzgün hesablanması hissəsinə münasibətdə cavabdehin əvəzlənməsi, maddi və mənəvi zərər tələbi hissəsində isə iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, X1 Sisteminin “Sığorta" AS-dən çıxarışlara əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2007, 2008, 2010, 2011, 2012, (yanvar, fevral, mart ayları istisna) 2013, 2014, 2015-ci illər üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. Göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi fərdi hesabının sığorta hissəsində 2007, 2008, 2010, 2011,2012, 2013, 2014, 2015-ci illər üzrə fərdi hesabının sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları köçürülməməsinə dair iddia tələbinin bu hissəsi əsassızdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış, proses iştirakçılarının fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə edərək, mümkün sayılmasını, işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək, tələbin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı işin müəyyən edilmiş hallarına görə iddiaçının tələbi və məqsədi 2 hissədən ibarət olmaqla aşağıdakıları ehtiva edir:
1. 2007, 2008, 2010-2015-ci illərdə 20 saylı Poliklinikada işlədiyi dövrdə sosial sığorta ödəmələrinin onun hesabında əks olunmaması ilə əlaqədar həmin dövrün sığorta stajına sonradan daxil edilməsi ilə əlaqədar ümumi əsaslarla yaşa görə əmək pensiyası yenidən hesablanarkən həmin dövrdə topladığı pensiya kapitalı nəzərə alınmadığından pensiyasının yenidən hesablanaraq fərq məbləğinin ödənilməsi,
2. 2007, 2008, 2010-2015-ci illərdə əmək fəaliyyəti dövründə əmək haqqından tutulan sosial sığorta ödəmələrinin səhvən başqa şəxsin hesabına ödənilməsi və bu səhvin gec aradan qaldırılması ilə əlaqədar cavabdehin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş maddi-mənəvi ziyana görə kompensasiyanın ödənilməsi. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17.-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələrinə aid edilmişdir. Belə olan halda iddiaçının əmək pensiyasının yenidən hesablanması hazırkı cavabdeh tərəfindən deyil, müvafiq pensiya təyin edən orqan tərəfindən həyata keçirilən fəaliyyət olduğundan həmin tələb cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı yönəldilə bilməz. Odur ki, tələb düzgün olmayan cavabdehə qarşı yönəldildiyindən iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.1-3.3). İddiaçının müvafiq tələbi ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmək, istədiyi nəticəni əldə edə bilmədiyi halda ayrıca iddia tələbi ilə həmin quruma qarşı aidiyyəti inzibati məhkəmədə iddia qaldırmaq imkanı vardır. Tələbin ikinci hissəsi ilə bağlı qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun: -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Yuxarıda istinad olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın: -3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. -4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxıla bilməz. Belə ki, iddia cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəlir. Buna görə də, tələbə inzibati qaydada baxılması inzibati prosessual qanunvericilik baxımından yolverilməzdir. İddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Ona görə də iddia bu hissədə də qeyri-mümkün sayılmalıdır. İddianın mümkünlüyü ilə bağlı Plenum Qərarının sonuncu bəndində qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçılara aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə yardım etmə vəzifəsinə uyğun olaraq qeyd edir ki, iddiaçının cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə həll etmək hüququ vardır. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Tural Məlikov