Məhkəmə qərarları › İş №2-1(112)-1724/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1724/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1724/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müavinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, pensiya təminatı məbləğinin hesablanması zamanı yol verilən nöqsanların aradan qaldırılması, xidmət çəkdiyi dövrdə ona ödənilməli olan, lakin ödənilməmiş ezamiyyət ödənişlərinin, məzuniyyət haqlarının, xidmət dövründə ödənilməli olan kirayə haqlarının, növbədə olduğu sutkalara əsasən gecə pullarının, səhhətində yaranmış xəstəliklə bağlı əlavə müvinətin ona ödənilməsi və pensiya təminatı məbləğinin yuxarıda qeyd olunan tarixlərə dair yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı İPM-nin 54-cü maddəsinə əsasən yenidən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işlədiyi Xidməti illərinin yenidən hesablanmaqla yeni “Məlumat vərəqəsi”nin tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2019-cu ilə qədər Respublikanın müxtəlif ərazilərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında xidmət etmişdir. Son xidmət yeri Xətai RPİ-nin 37-ci PŞ olmuşdur. 20 yanvar 2019-cu ildə 55 yaşının tamam olması ilə əlaqədar, xidməti bir il də uzadılmışdır. 02 may 2019-cu il tarixli əmrlə xidmətdən xaric olunmuşdur. Həmin tarixə xidmət müddəti əsassız olaraq təqvimi hesablama ilə 36 il 01 ay 12 gün, imtiyazlı hesablama ilə 40 il 07 ay 15 gün olaraq qeyd olunmuşdur. DİN-nin Baş Kadrlar İdarəsinə DİO-dan əsassız xaric edilməsi, xidmət müddətinin az hesablanması və xidmət zamanı ezamiyyət və digər ödənişlərin verilmədiyi ilə əlaqədar müraciət etmişdir. Müraciətinə 07.02.2020-ci il tarixdə cavab verilərək, xidmət müddətinin düzgün hesablandığı qeyd edilərək, müraciətindən imtina olunmuşdur. Əslində xidmət müddəti tamamilə səhv hesablanmış və nəticədə ona ödənilən pensiyanın məbləği azaldılmışdır. Onun daxili işlər orqanlarında xidmət müddəti 40 il, 07 ay 15 gün deyil, 43 il, 07 ay 17 gün hesablanmalı idi. Bununla bağlı nazirliyə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16.09.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 25.11.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı yazılı etirazları (mülahizələri) məhkəməyə təqdim olunmamışdır. 01 iyul 2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X1 iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 02 may 2019-cu il tarixli Ə1373ş/h- 001-19 nömrəli “əmrindən çıxarış” dan müəyyən olunur ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçıya aid 036553 №li pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 24.09.2019-cu il tarixli məktubla İddiaçı barəsində tərtib edilərək, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, 18 sentyabr 2019-cu il tarixli 586 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 40 il, 07 ay, 17 gün kimi, o cümlədən təqvim xidmət illəri 36 il, 01 ay, 13 gün, güzəştli xidmət illəri 04 il, 06 ay, 04 gün kimi qeyd olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 09.11.2019-cu il tarixli qərarı ilə iddiaçıya 03.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, 15.01.2020-ci il tarixdə onun pensiyasının yenidən hesablanması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya (vəkilinə) ünvanlanmış 14.03.2020-ci il tarixli 022/22-2632-1220 №li məktubda göstərilmişdir ki, istefada olan polis mayoru İddiaçı 15.10.1985-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, DİN-in Ə1373ş/h-001-19 nömrəli 02.05.2019-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (yaş həddinə görə) əsasən daxili işlər orqanlarından xaric olunmuşdur. İddiaçı 01.05.2019-cu il tarixə xidmət müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 12 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 15 gün təşkil etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26.12.2019-cu il tarixli **********7 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə 18 sentyabr 2019-cu il tarixli 586 nömrəli məlumat vərəqəsi təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 451,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-300,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 fazi miqdarında əlavəsi 157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1.123,35 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 40 il 07 ay 17 gün xidmət müddətinə görə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (20 il) hər ili üçün 2 faiz tətbiq edlməklə (20 x 2) təminat xərcliyinin 40 faizi; - natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin 1,16 faizi olmaqla 9 noyabr 2019-cu il tarixində müraciətçiyə İdarə tərəfindən təminat xərcliyinin (1.123,35 manat) 96,17 faizi-1080,33 mnat məbləğində yaşa görə (öz arzusu ilə) əmək pensiyası təyin edilməklə ödənilir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli 039-8323- 12221 №li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinin sabiq polis sahə inspektoru, İddiaçı Azərbaycan Respublikası DİN-nin 02.05.2019-cu il tarixli şəxsi heyət üzrə Ə1373-001-19 №li əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili işlər orqanlarından xaric edilərkən xidməti müddəti təqvimi hesablama ilə 36 il, 01 ay, 13 gün, imtiyazlı hesablama ilə 40 il, 07 ay, 17 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən İddiaçı 02.04.1993-cü il tarixdən 01.05.1997-ci il tarixədək hərbi əməliyyatlar dövründə xidmət etdiyi müddətin bir ayı iki ay kimi sayılmaqla 04 il, 00 ay, 29 gün, 15.10.1985-ci il tarixdən 01.02.1987-ci il tarixədək Tacikistan SSR DİN-nin X3 İdarəsinin 2 saylı İstintaq Təcridxanasının nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətin 3 iş günü 4 iş günü sayılmaqla 00 il, 05 ay, 05 gün olmaqla ümumilikdə imtiyazlı hesablama ilə 04 il, 06 ay, 04 gün təşkil etmişdir. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən 16.03.2020-ci il tarixli 027-1306-1220 saylı məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı 02.05.2019-cu il tarixindən pensiya təyin edilməsi üçün tərtib edilmiş “Məlumat vərəqi” Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gönərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı və digər ödənişlərlə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi (Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həyata keçirdiyini nəzərə alaraq, pensiya təminatı barədə aidiyyatı üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsi tövsiyyə olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmət illəri tam qeyd olunmaqla sonuncuya pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş qaydada tərtib olunmuş məlumat vərəqəsi müvafiq (pensiya təyinatını həyata keçirən) orqana göndərilmişdir. İddiaçının xidmət illərinin 43 il 07 ay 17 gün olmasının nəzərə alınmaqla hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin illərin göstərilərək, yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün isə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar