Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1724/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan məbləğinin hər ay üçün 327,21 manat müəyyən edilməklə 11.779,56 manat yaranacaq fərqin birdəfəlik olaraq ödənilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi və maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olan məbləğinin hər ay üçün 367 manat müəyyən edilməklə 13.219 manat yaranacaq fərqin birdəfəlik olaraq ödənilməsi öhdəlyinin cavabdehə həvalə edilməsi və maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilmsəi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, ona rəsmi olaraq pensiya təyin edilməmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh təşkilat apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə cavabndehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından vermiş olduğu kassasiya şikayəti qismən təmin edilməklə həmin qərar ləğv edilmiş, iş təkarar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh təşkilatın apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin bu iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan cavabdeh təşkilat yenidən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Yalnız bundan sonra cavabdeh təşkilat ona pensiya məbləğinin hesablanması haqqında qərar qəbul etmiş, nədənsə yenidən ona qarşı qərəzli münasibət bəsləyərək həmin məbləği xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə olan dövr üçün müəyyən olunmuş məbləğdə hesablamaqla kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin dövrə görə alacağı pensiya məbləği 189,76 manat məbləğində müəyyən edilməklə almadığı xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək müddət üzrə cəmi 7912 manat 80 qəpik pul vəsaiti hesablanmış və həmin məbləğin cari ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi qərara alınmışdır. Mərkəzi Fialal tərəfindən 22 sentyabr 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən 248,16 manat məbləğində hesablanmışdır. Ötən müddətdə “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyam 285,27 manat, həmin Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat təşkil etmişdir. Göründüyü kimi hal-hazırda onun pensiyası 327,21 manat təşkil etdiyi halda cavabdeh təşkilat heç bir əsas olmadan ona xx.xx.2018-ci il tarixdən 13 mart 2021-ci il tarixədək ödənilməli olan əmək pensiyasını düzgün hesablamamaqla, ödənilməli olan məbləği hazırki dövrə olan məbləğlə qiymətləndirməli olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərini kobud surətdə pozmaqla ona pensiya hesablanmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 22 sentyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 mart 2021-ci il tarixindən 248,16 manat məbləğində hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1641,08 manat pul vəsaiti hesablanıb. Həmin 1641,08 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Sonradan iddiaçının əmək pensiyası 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanmasının və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişməsi nəticəsində iddiaçının iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart2023-cü il tarixli 2-1(102)-227/2023 qərarı ilə təmin edilərək əmək pensiyanızın 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi Mərkəzi Filiala həvalə olunub. Sözügüdən məhkəmə Qərarına uyğun olaraq iddiaçının əmək pensiyası 8 may 2023-cü il tarixində tərəfimizdən yenidən hesablanıb. Belə ki, iddiaçının pensiya hüququnu yarandığı tarixə (xx.xx.2018-ci il) onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 42125,34 manat sığorta kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixə (xx.xx.2018-ci il) 189,76 manat (42125,34:222 ay (63 il 6 ay-57 il=78 ay+144 ay)) məbləğində müəyyən edilib. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 7912,80 manat pul vəsaiti hesablanıb. Həmin 7912,80 manat pul vəsaiti car ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 285,27 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 327,21 manat təşkil edir. Göründüyü kimi, pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, inzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində, iddiaçının vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM- in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Eyni zamanda bildirilir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı inzibati orqana rəsmi müraciəti olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, məbləğin birdəfəlik ödənilməsi hissəsində mümkün sayılmamasını, digər hissədə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Ziyanın əvəzinin ödənilməsi barədə tələb isə 33.1-ci maddəyə əsasən tələb edilən aktın qəbul edilməsi tələbinə uyğun olmaqla bütövlükdə məcburetmə haqqında iddia ilə əhatə olunur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyyin edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 284,16 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/1-7-156518/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-227/2023 saylı qərarına əsəsən iddiaçının pensiya məbləği 313,43 manatdan 327,21 manata qaldırılmışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya 22 sentyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 13 mart 2021-ci il tarixindən 248,16 manat məbləğində hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 1641,08 manat pul vəsaiti hesablanıb xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyanın üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Sonradan iddiaçının əmək pensiyası 57 yaşının tamam olduğu 13 mart 2018-ci il tarixindən təyin edilərək yenidən hesablanmış, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixə (xx.xx.2018-ci il) 189,76 manat (42125,34:222 ay (63 il 6 ay-57 il=78 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 7912,80 manat pul vəsaiti hesablanıb, həmin 7912,80 manat pul vəsaiti cari ilin may ayından etibarən hər ay 133,88 manat olmaqla onun pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 285,27 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 327,21 manat təşkil edir. İddiaçının mübahisələndirdiyi əvvəlki dövr üzrə hesablanmış məbləğin hazırkı dövrə uyğun indeksləşdirilərək yenidən hesablanmasıdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan redaksiya) 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2019-dan qüvvədə olan redaksiya) 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Bu mexanizm əmək pensiyalarına da şamil edilmişdir. Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə tənzimlənir. Hazırkı iddiaçının əsas tələbi pensiyanın əvvəlki dövr üçün hesablanan məbləğinin müraciət etdyi vaxta münasibətdə yenidən indeksləşdirilərək verilməsidir. İş materiallarından müəyyən edilir ki, iddiaçının ötən dövrlər üzrə ödənilməli olan pensiyası onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmiş məbləğinə uyğun hesablanmış və ödənilməkdə davam edir. İddiaçının tələb etdiyi yenidən indeksləşdirilmə və ya keçmiş dövr üzrə ödənilməli pensiya məbləğinin cari pensiya məbləği üzrə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “kompensasiya” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “pensiyanın yenidən hesablanması” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması və s.” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1724/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1724/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver