Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1725/2021 12.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1986-cı ildən 1988-ci ilə kimi Sovet ordu sıralarında, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Bütün bunlar hüquqmüəyyənedici sənəd olan hərbi biletində öz əksini tapmışdır. Xidmət müddəti ərzində dəfələrlə rəhbərlik tərəfindən layiqli xidmətinə görə mükafatlandırılmışdır. Lakin bu günə qədər dəfələrlə müraciətlərinə baxmayaraq o, müharibə veteranı statusu və müvafiq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Bununla əlaqədar sonuncu dəfə xx.xx.2020-ci il tarixində Müdafiə Nazirliyi Aparatı yanında Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına ərizə ilə müraciət etsə də, cavabı xx.xx.2020-ci il tarixdə əldə etmişdir. Onunla birlikdə döyüş bölgələrində iştirak etmiş şəxslər veteran adı və veteran vəsiqələri ilə təmin olunublar. Qeyd edilənləri nəzərə alaraq veteran adının və vəsiqəsinin ona verilməsinə dair məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, 11/5679 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı Cahangir oğlunun iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində xx.xx.1992ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşlərdə bilavasitə iştirak etməsi barədə məlumat verməklə kifayətlənmiş, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2020-ci il tarixli 1/Q-11056 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində İddiaçı hərbi xidməti barədə məlumatın olmaması səbəbindən, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməməmişdir. Müdafiə Nazirliyinin İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-7577 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin yanvar - avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti (qanuni əsaslarla ehtiyata buraxılması) barədə məlumatın aşkar edilməməsi göstərilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37- ci maddəsinə (Həqiqi hərbi xidmətin başlanğıcı və sonu) əsasən çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aydın göstərilir ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olmalı idi. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi sənədlərlə təsdiq olunmadığından ona “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 1994-cü ildə həqiqi hərbi xidmətdən buraxıla bilməz idi. Göstərilənlərə əsasən hesab edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-1725/2021 saylı iş üzrə şifahi dinləmələr keçirilmədən qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçının yazılı razılığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il 1/Q-11056 saylı məktubundan müəyyən edilir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-7577 nömrəli arayışına əsasən N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q-8562 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1968-ci ildə Azərbaycan Respublikası, Cəlilabad rayonunda anadan olmuş Qasımov Təhməz Qasım oğlunun məhkumluğu yoxdur. - Cəliliabad rayon Hərbi Komissarlığı tərəfindən xx xxxxxx 1988-ci il tarixdə verilmiş iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı oğlunun xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə iştirak etməsi barədə qeyd vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edilməmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli 9/2-7577 saylı arxiv arayışından məlum olur ki, N saylı hərbi hissə komandirinin apreldekabr 1993-cü il və yanvar-avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Qasım oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılaraq N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli 9/2-7577 saylı arxiv arayışından məlum olur ki, N saylı hərbi hissə komandirinin apreldekabr 1993-cü il və yanvar-avqust 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Qasım oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus hərbi biletin təsdiq olunmuş surətində 7-ci səhifəsində onun xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərdə iştirak etməsi barədə qeyd vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edilməmişdir. Cavabdehin dəlillərini əsaslı hesab edən məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır və yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. Hakim: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1725/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1725/2021
12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver