Məhkəmə qərarları › İş №2-1(112)-1726/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1726/2023

09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1726/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmış, 6 oktyabrda birinci dəfə yaralanmış, “MPZ. Barotravma” diaqnozu qoyulmuş və müalicə olunmuşdur. 14 oktyabrda sol baldır nahiyəsindən ikinci dəfə yaralanmış, Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və yenidən toplanış mərkəzinə təxliyə olunmuş, döyüş əməliyyatlarında yenidən iştirak etmişdir. xx.xx.2020-ci ildə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra postravmatik pozuntular özünü büruzə verib, müalicə almağa başlamışdır xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla’’ diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hazırda da öz hesabına müalicə alır. Faktiki olaraq heç bir işdə işləyə bilmir, psixoloji pozuntuları var. Həmçinin gündəlik olaraq ağır təsirli sakitləşdirici dərmanlardan istifadə edir, bir sıra vəziyyətlərdə faktiki anlaqsızlıq halında olur. N saylı hərbi hissənin tibbi xidmət rəisi tərəfindən verilən arayışda da öz əksini tapıb ki, “əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə “M.P.Z Barotravma” və xx.xx.2020-ci il tarixdə “Sol baldır nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır”. 23 noyabr 2021-ci il tarixdə tibb elmləri doktoru, professor, Fuad İsmayılov tərəfindən müayinə olunmuş və Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulub. 17 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin diaqnozu kimi “uzunmüddətli posttravmatik stress pozuntusu (depressiv daxilolmalarla) ” müəyyən olunur. Göstərilir ki, müşayiətçiyə zərurət var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli şəhər poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı. Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, Sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stressə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Əsas diaqnoz F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Yanaşı xəstəliklər İ95.9 Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defisitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10745/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli, T468/2022 ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Vətəndaş R.H. Hüseynlinin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 1 saylı şəhər poliklinikasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişlə göndərilmiş 88 saylı formada qeyd edilən “F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. 195.9- Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defısitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasmdan sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm.” diaqnozu şəxsin stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələrinin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun qeyd edilən formada deyil, natamam təsdiqnə əsas verdiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadı. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar tam reabilitasiyası mümkün deyildir. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilərkən və əlillik təyinatından imtina edilərkən əsas götürülmüş (qüvvədə olmuş) hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində əlillik dərəcəsi təyinatı yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmiş meyarlara əsasən qiymətləndirilmişdir. İddiaçının əlillik qiymətləndirilməsi zamanı tərtib edilmiş tibbi göndərişdə əsas diaqnozu “Posttravmatik stress pozğunluğu, ağırlaşması olan Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” qeyd edilmiş və həmin diaqnozun adıçəkilən Əsasnamədə hər hansı meyara uyğun gəldiyi müəyyən edilmir. Başqa sözlə, inzibati icraat zamanı inzibati orqanın rəhbər tutduğu qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “F43.1 posttravmatik stress pozğunluğu” meyarı nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının tibbi göndərişdə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmaları Əsasnamə ilə müəyyən edilmiş meyara uyğun olmadığından diaqnozun əlillik əlaməti təyin edilmədiyi qərarı qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar