Məhkəmə qərarları › İş №2-1(112)-1726/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1726/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1726/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının Hüseynova (Nağıyeva) Asudə Gəncəli qızının iştirakı ilə, İddiaçı Hüseynova (Nağıyeva) Asudə Gəncəli qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Hüseynova (Nağıyeva) Asudə Gəncəli qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 1164 nömrəli qərara əsasən 8 nömrəli orderlə Goradil bağlar sahəsində ona ayrılmış 89 nömrəli BTK nəzdində 361 “Ə” nömrəli 0,12 ha torpaq sahəsi olan bağ sahəsinə dair iddiaçının hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və torpağa dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhəri İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı idarəsinin 89 №-li kooperativi tərəfindən 8 №-li order ona verilib ondan ötrü ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1995-ci il tarixli 1167 №-li qərarına görə, Görədil bağlar sahəsində 89 №-li kooperativin nəzdində 0,12 hektar torpaq sahəsi olan 361”ə” ona Bakı şəhəri Binəqədi r-nu, Görədil bağlar massivində yerləşən bağ sahəsi ayrılıb. Həyat yoldaşı Hüseynov Əvəz 2-ci dərəcəli əlildir, eşitmə qabiliyyətini itirmişdir, o vaxt xəstə idi. Ona görə rəhmətlik atası Nağıyev Gəncəli gəldi və bağ qonşusu, qohumu Namiq Nəcəfovla birlikdə ağac əkməyə başladı, 45 ədəd gilas ağacı, çoxlu sayda yolka və zeytun ağaclarını ona verilən bağ sahəsində əkdi. Bağın özəlləşdirilməsi məsələsi ilə Namiq Nəcəfov məşğul olurdu. İlk dəfə ona 2011-ci il aprel ayında Bakı şəhəri ərazi idarəsinə özəlləşdirmə üçün müraciət etmişdir. xx.xx.2011-ci ildə cavab almışdır ki, bağlarının rəsmiləşdirilməsi məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. xx.xx.2011-ci ildə Bakı şəhəri ərazi idarəsindən cavab məktubu almışdır: “Bakı şəhəri, Binəqədi r-nu, Görədil bağ massivində istifadənizə ayrılmış 361 “ə” saylı bağ sahəsinə dair müvafiq plan ayrılması ilə bağlı ərizənizə tərəfindən baxılmışdır. İdarənin mütəxəssisləri tərəfindən bağınıza texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, bağ sahəsinin faktiki vəziyyəti sxematik xəritə ilə uyğun gəlmir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır” Əlbəttə, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğunda onun bağ sahibi kimi günahı yoxdur. Bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsi ölçülüb ona təqdim edilmişdir. Bu məsələ ilə bağlı 2020-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, xahiş etmişdir ki, bağ sahəsinin faktiki vəziyyətinin sxematik xəritə ilə uyğunsuzluğunu araşdırsınlar, xx.xx.2020ci ildə, 28 sentyabr 2020-ci ildə cavab almışdır: ”361 “ə” saylı bağ sahəsinə uyğunsuzluğu araşdırmaq üçün mühəndis göndərilməsi ilə bağlı ********** №-li, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, elektron kadastrı məlumatına əsasən qeyd edilən bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin ərazi 382 №si ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin iki bağ sahəsi eyni hasar daxilindədir.” Bu qayda ilə növbəti dəfə hüququnun pozulması ilə üzləşmişdir. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə vəkalətnamə ilə nümayəndəsi X2 imzası ilə 1 saylı Bakı şəhər Ərazi idarəsinə torpaq sahəsinin özəlləşdirilməsi xahişi ilə məktubla müraciət etmişdir. Vaxtında ona cavab verməyiblər. 2 aydan çox keçəndən sonra əmlak məsələləri məkanından (“Ulduz” metrosu yanında) imtina məktubunu özü götürmüşdür, guya poçtalyon evə gətirib, qapı bağlı olduğundan məktubu qaytarıb. Əlbəttə, düzgün izahat deyil. Həmin məktubla əlavə olaraq 1-2 qondarma səbəblə ona əsassız imtina bildiriblər. Bu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpağa dair mülkiyyət hüququnun tanınmasından imtina olunması vətəndaş kimi hüquqlarının pozulması deməkdir. Ona əsassız imtina olunmuşdur. Ona görə də o məcbur olub, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Bağ sahəsinə dair verilmiş order hazırda qüvvədədir, hər hansı dövlət orqanı tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab edilməyib.

4. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, həmin ərazi 382 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin, iki bağ sahəsi eyni hasar daxilindədir.

5. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********82 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir. Bundan əlavə, təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin sözügedən 8 nömrəli orderdə istinad edilən sərəncamın nömrəsi “1167”, arxiv arayışında isə “198” kimi qeyd edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, qeyd edilən bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin ərazi 382 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən sahə digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin yaxınlığından (5.4 metr) 108 mm-lik qaz xətti keçir. Qeyd olunanlarla yanaşı təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, o cümlədən sözügedən 8 nömrəli orderdə istinad edilən sərəncamın nömrəsi “1167”, arxiv arayışında isə “198” kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli 3-52/2-N-3/2- 112/2-t/l/2024 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1167 nömrəli sərəncamının arxiv arayışında olan çıxarışında qeyd edilmişdir ki, “2. Goradildəki 361 ə № bağ 89 №-li BTK tərkibində A.G.Nağıyevanın adına keçirilsin”.

8. Daşınmaz əmlakın texniki vəziyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Goradil bağ massivi 361 ə saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 1200 kv.m təşkil edir. Göstərilən bağ sahəsi 353 v saylı bağ sahəsi ilə eyni hasar daxilindədir, ara sərhədinə məftil çəkilərək sərhədlənib. Sahədə tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb.

9. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativi tərəfindən verilmiş 8 nömrəli orderdə qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1167 nömrəli qərarına əsasən X1 Goradil bağlar sahəsində 89 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 361 ə nömrəli bağ ayrılmışdır.

10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1167 nömrəli qərarına əsasən X1 Goradil bağlar sahəsində 89 nömrəli BTK-nin nəzdində 361 ə nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. İddiaçı cavabdehə müraciət edərək həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.

17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir, eyni zamanda qeyd edilən bağ nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 8 nömrəli orderdə istinad edilən sərəncamın nömrəsi “1167”, arxiv arayışında isə “198” kimi qeyd edilmişdir.

24. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli 3-52/2-N-3/2-112/2-t/l/2024 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1167 nömrəli sərəncamının arxiv arayışında olan çıxarışından görünür ki, Göradil bağ massivində 361 ə №-li bağ 89 №-li BTK tərkibində A.G.Nağıyevanın adına keçirilsmişdir. Odur ki, sərəncamın arxiv arayışında olan nömrəsində yanlışlığa yol verilmişdir.

25. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “361ə” saylı, 0,12 ha torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Bağ sahəsinin qanuni əsaslarla ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1167 nömrəli sərəncamından olan çıxarış, bağın nömrəsi və sahəsini təsdiq edən order mövcuddur.

26. Məhkəmə bağ nömrəsinin sxematik xəritə ilə uyğunsuzluğun mövcudluğu ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlil bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz.

27. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

29. Cavabdehin imtinasının digər dəlili göstərilən torpaq sahəsinin yaxınlığında 108 mm-lik qaz xəttinin keçdiyi olmuşdur.

30. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

31. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi sözügedən «Qaydalar» qəbul edilənə qədər, yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmışdır.

32. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, həmin torpaq sahəsinin faktiki olaraq ölçüsü 0,12 ha olmaqla iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

35. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Göradil bağlar sahəsində 89 nömrəli BTK-nin nəzdində 361 “Ə” nömrəli 0,12 ha torpaq sahəsi üzərində iddiaçı Hüseynova (Nağıyeva) Asudə Gəncəli qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar