Məhkəmə qərarları › İş №2-1(112)-1727/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1727/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1727/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hərbçi) cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas )iştirakı ilə, iddiаçı Fərziyev Güləli Şahüseyn oğlunun cаvаbdеh Cavabdeh İB-nə qarşı “texniki şərtin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Cavabdeh İB-nə qarşı iddia qaldıraraq iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Samir Əliyev mərkəzi küçə,9 ünvanında yerləşən qeyri-yaşayış obyektinə qazın çəkilməsi üçün texniki şərtin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi qazisidir və ehtiyatda olan zabitdir, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu ünvanda torpaq sahəsi ayrılmışdır, o həmin torpaq sahəsində ticarət obyekti inşa etdirmişdir, hazırda həmin mərkəzi 20 ilə yaxındır ki, fəaliyyət göstərir.Ticarət obyekti elektrik enerjisi və su ilə təchiz edilir. İddiaçı obyektin istiliklə təchiz edilməsi və şirniyyat bişirilməsi üçün şərait yaradılması məqsədilə qaz təchizatının təmin edilməsi üçün texniki şərtin verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə Cavabdeh İB-dən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəmə sərəncamı icra edilməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı tərəfindən iş üzrə sübut qismində məhkəməyə iddiaçıya torpaq sahəsinin ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin 434 nömrəli, 11.06.2004-cü il tarixli sərəncamının, Suraxanı rayonu, Bakı aeroport yolunun sol tərəfində yerləşən torpaq sahəsində təklif olunan ticarət və iaşə obyektinin eskiz layihəsinin surətləri, həmin ünvandakı əmlaka dair hesabat cədvəlinin surəti və Cavabdeh İB-nin imtina məktubu təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 434 nömrəli, 11.06.2004-cü il tarixli sərəncamı ilə iddiaçı İddiaçı Şahüseyn oğluna Bakı-aeroport yolunun ətrafında ticarət obyektinin tikintisi üçün 1200 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçı tərəfindən həmin torpaq sahəsində ticarət obyekti inşa edilmişdir, iddiaçının bildirdiyinə görə ticarət obyekti elektrik enerjisi və su ilə təchiz edilmişdir, həmin obyekti istiliklə təchiz edilməsi və şirniyyat bişirilməsi üçün şərait yaradılması məqsədilə qaz təchizatı ilə təmin edilməsi üçün texniki şərtin verilməsi barədə iddiaçı cavabdehə müraciət etsə də müraciəti cavabdeh tərəfindən təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən “təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir ki, dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət – tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilər. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.2-ci bəndinə əsasən təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aiddir. Cavabdeh İB-nin qəbul etdiyi aktları, o cümlədən texniki şərtin verilməsinə dair qərarı publik- hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir; Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir, həmin Qaydaların 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Qaydalarda texniki şərtlərin alınması yalnız aşagıdakı hallarda mümkün olması xüsusilə göstərilmişdir: tikintisi və ya yenidən qurulması nəzərdə tutulan texniki obyektlər üçün, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün (2.1). Qaydalara əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış tikinti obyektlərin sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və ENin səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. (2.2) Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.37-ci maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı sistemi – obyektlərin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğularıdır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: 84.1.1. tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblər; 84.1.2. tikinti obyektinin mühəndiskommunikasiya təminatı mənbələri; 84.1.3. müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər; 84.1.4. mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. 84.2. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. İşin faktiki hallarına əsasən iddiaçının ticarət obyekti 20 ildir ki, fəaliyyət göstərir, hazırda iddiaçı həmin obyektdə şirniyyat istehsalı sahəsi açmaq istəyir və buna görə də ticarət obyektinin təbii qazla təmin edilməsi üçün texniki şərtin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının ticarət obyekti tikintisinə icazə tələb olunan obyekt olmasına baxmayaraq onun tikintisinə və istismarına icazə verilməsi barədə sənədlər mövcud deyildir.Qüvvədə olan qanunvericilikdə tikintisinə və istismarına icazə verilməmiş obyektlərə qaz təchzatı üçün texniki şərtin verilməsi isə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, qaz təchizatı üçün texniki şərt isə tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd olmaqla tikinti obyektlərinin tikinti layihələri hazırlanan zaman tikinti layihəsinin bir bölməsi (Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.4-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı bölməsi) kimi nəzərdə tutulur. Yəni tikilən obyektdə gələcəkdə qazdan istifadə nəzərdə tutulmuşdursa o zaman tikinti layihələndirilərkən artıq qaz təchizatı ilə bağlı texniki şərt alınmalıdır ki, bu da icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Fərziyev Güləli Şahüseyn oğlunun cаvаbdеh Cavabdeh İB-nə qarşı iddiaçıya məxsus olan Bakı şəhəri Suraxanı rayon Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinə qazın çəkilməsi üçün texniki şərtin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Cavabdeh İB-nə qarşı iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Samir Əliyev mərkəzi küçə 9 ünvanında yerləşən qeyri-yaşayış obyektinə qazın çəkilməsi üçün texniki şərtin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar