Məhkəmə qərarları › İş №2-1(112)-1727/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1727/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1727/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər X8 İcraiyyə Komitəsinin 6/249 nömrəli, 21 iyul 1989-cu il tarixli qərarına əsasən ayrılmış və Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 84 nömrəli kooperativi tərəfindən veıilmiş B/S nömrəli orderlə mənə məxsus olan Ləhiş bağlar sahəsində 84 nömrəli BTK-nın nəzdində ayrılmış 0,12 ha sahəsi olan 1194 В nömrəli bağın (torpaq sahəsinin) adına mülkiyyət hüququ üzrə ilkin qeydiyyata alınması, müvafiq olaraq mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış və plan-çizgi verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləhiş bağ Tikinti Kooparetivinin üzvü olmaqla əməkdar mühəndis olduğundan Bakı şəhər X8 İcraiyyə Komitəsinin 6/249 nömrəli 21 iyul 1989-cu il tarixli qərarı ilə Bağ-tikinti Kooperativinin heyət tərkibi təsdiq edilmiş, 84 nömrəli BTK-nin 34 nəfər üzvü üçün müəyyən edilmiş qaydada bağ sahəsinin ayrılması və onun da həmin siyahıya daxil edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş istehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 84 nömrəli kooperativi tərəfindən sözügedən qərara əsasən ona Ləhiş bağlar sahəsində 84 nömrəli BTK-nin nəzdində 0 12 ha sahəsi olan 1194 В nömrəli bağın ayrılması barədə b/s nömrəli order verilmişdir. Sözügedən qərarda hansı qərara əsasən hansı sahədə, hansı ölçüdə və hansı nömrəli bağın ayrılması göstərilmişdir. Həmin dövrdən sözgedən bağdan sərbəst və maneəsiz istiadə edir, hətta bağ sahəsini kəsilmiş mişar daşları ilə hasaralamış, mərzçəkmə işini də görmüşdür. Bağ sahəsinin mülkiyyət hüququ ilə adına ilkin hüquqi qeydiyyata alınması, adına mülkiyyət hüququna dair çıxarış və plan-cizgi verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Verilən birinci və xx.xx.2021-ci il tarixli imtina cavabında onun 84 nömrəli BTK-in üzvlüyündən çıxarılaraq 60 nömrəli BTK-nin üzvlüyünə daxil edilməsi barədə arxivdə məlumat olduğunu, 60 nömrəli BTK-nin nəzdində olan bağın başqa şəxsin adına qeydiyyatdan keçdiyini, bağ sahəsinin faktiki ölçüsünün 1200 kv.m deyil, 1188 kv.m olduğunu, həmçinin, arxiv çıxarışında bağ sahəsinin nömrəsinin və ölçüsünün göstərilmədiyi qeyd olunmaqla qeydiyyatın aparılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra sözügedən bağ sahəsində tərəfindən yenidən hasarlama işləri aparmış, nöqsanları aradan qaldırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin bu qənaəti tam qanunsuz və əsassızdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçının 84 nömrəli X1 üzvlüyündən çıxarılaraq 60 nömrəli X1 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin, 60 nömrəli BTK-nin nəzdində iddiaçıya ayrılmış eyni nömrəli bağ sahəsi digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki ölçüsünün 1188 kv.m olduğu aşkar olunmuşdur. Bundan başqa, arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********33 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,1188 ha ölçüdə “1194 V” saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun ilkin qeydiyyata alınması, müvafiq olaraq reyestrindən çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağ sahəsindəki 84 nömrəli kooperativinin B/C nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 21 iyul 1989-cu ildə 6/249 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsindən 84 nömrəli BTK nəzdində 0,12 ha sahəsi ola 1194 “v” nömrəli bağ ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 07 sentyabr 2022-ci il tarixli, BA-05620-2022 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər X9 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli Qərarı ilə Ləhiş massivində 84 nömrəli BTK üzvlərinin siyahısında 28-ci sırada İddiaçı adı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubunda bildirilmişdir ki, 60 nömrəli bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Ləhiş bağ massivində 1194V nömrəli bağ sahəsinə dair sənəd, həmçinin 1194V bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarı ilə təsdiq edilmiş Ləhiş massivində 60 nömrəli BTK üzvlərinin siyahısında 33-cü sırada İddiaçı adı (bağ sahəsinin nömrəsi 4546) qeyd edilmişdir. Həmin məktubla göndərilmiş 60 saylı BTK-ya ünvanlanan (göndərən BTK-nın nömrəsi oxunmur) xx.xx.1989-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 84 nömrəli BTKdan çıxmış X6 60 nömrəli BTK üzvlüyünə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki 0.1188 ha. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində İ – s/q, və İİ – köməkçi tikili var. Bağ sahəsi yeni çəkilmiş yolun kənarında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********12 nömrəli məktubuda qeyd olunmuşdur ki, 60 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1194v saylı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, 60 nömrəli ВТК üzvlərinin siyahısında İddiaçı adına 4546 saylı bağ sahəsi göstərilmişdir. Həmçinin bildiririk ki, Ləhiş bağ massivində yerləşən 4546 saylı bağ sahəsi xx.xx.2004-cü il tarixli, 30559 saylı icarə müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır, xx.xx.2021-ci il tarixdə isə onun adına vahid əmlak olaraq 4546 saylı bağ evi kimi qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən 0.1193 hektar torpaq sahəsi ünvan 2ilmiş 4Ə-132 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********86 nömrəli məktubuda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd olunsa da faktiki ölçüsünün 1188 kv.m təşkil edir. İdarənin mövcud arxiv məlumatlarına əsasən X7 adı 84 nömrəli X1 üzvlüyündən çıxarılaraq 60 nömrəli X1 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin, 60 nömrəli BTK-nin nəzdində olan 4546 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən 60 və 84 nömrəli ВТК-da qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Həmçinin ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********95 nömrəli məktubuda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məluma olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd olunsa da faktiki ölçüsü 1188 kv.m təşkil edir. İdarənin mövcud arxiv məlumatlarına əsasən İddiaçı adı 84 nömrəli X1 üzvlüyündən çıxarılaraq 60 nömrəli X1 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin 60 nömrəli BTK-nın nəzdində olan 4546 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vahid elektrn baza məlumatlarına əsasən 60 və 84 nömrəli BTK-da qeyd olunan bağ nömrəsi aşkar olunmamışdır. Bundan əlavə ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmasa da təqribi uyğun gəlir. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahələrinin ətrafında 1194a, 377q, 1308, 1309, 1310, 5693 nömrəli bağ sahələrinin yerləşdiyi görünür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********33 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən ərizəçinin 84 nömrəli X1 üzvlüyündən çıxarılaraq 60 nömrəli X1 üzvlüyünə qəbul edilməsi haqqında məlumat aşkar edilmişdir. Lakin, 60 nömrəli BTK-nin nəzdində olan bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da faktiki ölçüsünün 1188 kv.m olduğu aşkar olunmuşdur. Bundan başqa, arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyeslıi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı Ləhiş bağ massivində 84 nömrəli bağ tikinti kooperativi nəzdində 1194 “v” nömrəli bağ sahəsinin ayrıldığını əsas gətirərək həmin bağa mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtinasının, eləcə də etirazının əsasları aşğıdakılardır: -İdarənin mövcud arxiv məlumatlarına əsasən iddiaçının 84 nömrəli X1 üzvlüyündən çıxarılaraq 60 nömrəli X1 üzvlüyünə qəbul edilmiş, 60 nömrəli BTK-nin nəzdində iddiaçıya ayrılmış eyni nömrəli bağ sahəsi digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. -İddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi BTK tərkibində bağ sahəsinin ayrılmasına dair qərar və həmin qərar əsasında verilmiş order mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verir. Təqdim edilmiş arxiv sənədlərindən görünür ki, iddiaçı Ləhiş bağ massivində Bakı şəhər X9 İcraiyyət Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarı ilə 60 nömrəli BTK üzvlüyünə, daha sonra Bakı şəhər X9 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı ilə 84 nömrəli BTK üzvlüyünə qəbul edilmişdir. Cavabdeh iddiaçının 84 nömrəli BTK-dan çıxaraq 60 nömrəli BTK üzvlüyünə qəbul edildiyini, bununla da bilavasitə iddiaçının həmin 84 nömrəli BTK tərəfindən verilmiş order əsasında bağ sahəsinə hüququnun yaranmadığına istinad etsə də qeyd edilən bu hal öz təsdiqini tapmamışdır. Əvvəla, qeyd edilməlidir ki, iddiaçının hər iki BTK tərkibində üzvlükdə olması barədə məlumat olsa da sonuncu dəfə Bakı şəhər X9 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı olduğundan hesab edilir ki, iddiaçıya məhz 84 nömrəli BTK tərkibində bağ sahəsi ayrılmış, ona 1194V nömrəli bağ sahəsinin ayrılması barədə B/S seriyalı order verilmişdir. Arxiv sənədərində xx.xx.1989-cu il tarixli məktubla iddiaçının 84 nömrəli BTK-dan çıxaraq 60 nömrəli BTK üzvlüyünə qəbul edilməsi xahiş edilsə də, adından da göründüyü kimi sözügedən sənəd yalnız “xahiş” məzmununda olan məktubdur və həmin sənəd iddiaçının bir BTK-dan çıxaraq digər BTK üzvlüyünə daxil olduğunu və ona müvafiq BTK tərkibində bağ sahəsi ayrıldığını göstərən torpaqayırma sənədi hesab edilmir. Məhkəmə o halı da nəzərə alır ki, iddiaçının ilkin olaraq üzv olduğu 60 nömrəli BTK üzvərinin siyahısında iddiaçının adına 4546 nömrəli bağ sahəsi göstərilsə də hazıkı halda həmin bağ sahəsi ilkin olaraq X5 adına xx.xx.2004-cü il tarixli icarə müqaviləsi əsasında xx.xx.2010-cu ildə qeydiyyata alınmış və hazırda başqa bir şəxsin ("xxxx" MMC) adına qeydiyyatdadır. İddiaçının iddiası həmin bağ sahəsi ilə bağlı deyildir, iddiaçının iddia etdiyi 1194v saylı bağ sahəsi qeydiyyata alınmamış, boş torpaq sahəsidir. Bağ torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin sahəyə hər hansı üçüncü şəxsin iddiasının olduğu iş üzrə müəyyən olunmur. Bakı şəhər X9 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarının arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd olunmaması hüququn qeydiyyatına mane hesab olunmur. Belə ki, adıçəkilən Bakı şəhər X9 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı 84 nömrəli BTK üzvlərinin siyahısının təsdiq edilməsi barədədir, həmin qərarda və ya siyahıda bağ nömrəsinin, torpaq sahəsinin ölçüsünün qeyd edilməli olmasına dair imperativ tələb yoxdur. Həmin qərar əsasında verilmiş orderdə bağın nömrəsi və ölçüsü qeyd edilmişdir. Orderin nüsxəsinin İdarənin arxivində olmaması və ya Bağlar Təsərrüfatı tərəfindən orderin bir nüsxəsinin verilməməsi iddiaçının təqsiri deyildir və onun ziyanına təfsir edilə bilməz. Orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Order ləğv edilməmiş və ya etibarsızlığını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının iddia etdiyi 1194v saylı bağ sahəsinə təqdim edilən Bakı şəhər X9 İcraiyyət Komitəsinin 21 iyul 1989-cu il tarixli, 6/249 nömrəli qərarı və həmin 84 nömrəli BTK-nın təqdim etdiyi B\S seriyalı orderi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Təqdim olunmuş BTK-nın bölgü sxemində 1194v saylı bağ nömrəsi qeyd edilməsə də Ləhiş bağ massivində yerləşən bağların sxematik xəritəsində 1194 nömrəli bağ nömrəsi öz əksini tapmışdır. Eyni zamanda iddiaçının 1194v nömrəli bağ sahəsi kimi iddia etdiyi bağ sahəsinin ən yaxın məsafədəki qonşu bağ sahəsi 1194a nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Belə olan halda sxematik xəriətədəki 1194 nömrəli bağ sahəsinin sonradan 1194a və 1194v nömrəli bağ sahələrinə bölündüyü ehtimalı istisna edilmir. Eyni zamanda sxematik xəritədə bağların yerləşməsi ilə iddia olunan ərazidə olan bağ sahələrinin ortofoto görüntüsünü müqayisə etdikdə məlum olur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin naturadakı vəziyyətində ən yaxın məsafədə 1308, 1309, 1310 nömrəli bağ sahələri yerləşir ki, həmin nömrəli bağların sxematik xəritədə 1194 nömrəli bağ sahəsinin yanında, eyni istiqamətdə yerləşdiyi müşahidə olunur. Bununla əlaqədar cavabdeh orqan məhkəmə sorğusuna cavabda da iddia olunan 1194 v saylı bağ sahəsinin sxematik xəritəyə təqribən uyğun gəlidiyini də bildirmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş bağ massivi 0.1188 ha ölçüdə 1194v saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. Hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,1188 ha ölçüdə 1194 V saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,1188 ha ölçüdə 1194 v saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar