Məhkəmə qərarları › İş №2-1(112)-1727/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1727/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1727/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yığılan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehdən ona vurduğu mənəvi ziyana görə 50 000 manat vəsaitin cavabdehin bank hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.2003-cü il tarixinədək Azərbaycan “Partlayışsənaye” trestində “qazma ustası”, daha sonra “partladıcı” vəzifəsində çalışmışdır. xx.xx.2003-cü ildən 2016-cı ilədək "xxxx" ASC-də “partlayıcı maddələrin baza müdiri” vəzifəsində, 2012-ci ildən hazırkı vaxta qədər isə "xxxx" MMC-nin “baş mühəndisi” vəzifəsində çalışır. İddiaçı onun 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyinatı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 6 avqust 1985-ci il tarixli ИT-İ№0239629 nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışında onun xx.xx.1985 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərsənayepartlayış” müəssisəsində qazmaçı-partladıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdehin mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, həmin arayışda göstərilən qeydlərə dair "xxxx" ASC-də hər hansı məlumat olmadığı, sözügedən arayışın əmək kitabçası əsasında tərtib olunduğu, həmçinin “Azərsənayepartlayış” müəsisəsinin xx.xx.1985 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan sahəsinə aid olduğu və xx.xx.1993-cü il tarixində rayonun işğal olunması səbəbindən həmin müəssisənin xx.xx.1993 - xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində fəaliyyət göstərməsinin mümkün olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASCnin 17 aprel 2024-cü il tarixli Aktı ilə təsdiq edilmişdir. Göstərilən səbəblərə əsasən iddiaçının güzəştli is stajı yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kompensasiya olaraq 50 000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı qeyd edilmişdir ki, iddiaçının kompensasiya tələbinə dair cavabdehə ilkin müraciəti olmadığından, tələb qeyd edilən hissədə mümkünsüz sayılmalıdır. Belə ki, hal-hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın heç bir qanunsuz hərəkəti olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1i ünvanında qeydiyyatdadır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildə hərbi xidmətə çağrılmış, 05 may 1985-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.1985-ci il tarixdə hərbi qeydiyyata götürülmüşdür. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1985-ci ildə Azərbaycan “Sənayepartlayış” Trestinin Zəngilan sahəsinə qazma ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü ildən 5-ci dərəcəli partladıcı vəzifəsinə keçirilmiş, xx.xx.1996cı ildən həmin müəssisənin Bakı istehsalat sahəsinə 5-ci dərəcəli partladıcı vəzifəsinə təyin edilmiş və eyni zamanda istehlak anbarının müdiri vəzifəsini icra etmişdir. xx.xx.1996-cı ildən istehlak materialları anbarının müdiri vəzifəsinin icra edilməsi saxlanılmaqla Şah-Kain sahəsinin rəisi vəzifəsini icra edən kimi təyin edilmiş və xx.xx.1999-cu ildə Şah-Kain sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü il tarixindən "xxxx" ASC-nin partlayıcı maddələrin PM baza sahəsinə PM baza müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə işdən azad edilmişdir. Cavabdehin 06 iyun 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Qaradağ Sənaye Layihə ASC-nin 02 fevral 2024-cü il tarixli 09 saylı arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən «Azərsənayepartlayış» müəssisəsində xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək qazmaçı-partladıcı vəzifəsində işləmişdir. Arayış «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 nömrəli qərarına uyğun olaraq o, həqiqətən əmək şəraiti xüsusi zərərli ağır olan işlərdə çalışmış və güzəştli şərtlərlə yaşa görə verilir. Arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmuş, 1.1.2. bəndində nəzərdə tutulmuş şpıır qazmaçıları və partladıcılar 1.2.1. açıq dağ-mədən işləri və yer səthində işlər bəndində nəzəıdə tutulmuş şpur qazmaçılar və partladıcılar vəzifələrdə çalışmışdır. Lakin, 2002-ci ildə «Azərsənayepartlayış» müəssisəsi prezidentin fərmanı əsasında özəlləşmə proqramı ilə 286 №-li Əmrə əsasən "xxxx" ASC adı ilə fəaliyyət göstərir. xx.xx.2003-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək "xxxx" ASC-nin PM bazasının müdüri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 31 iyul 2002-ci il tarixli, 269 nömrəli sərəncamı ilə “Azərtikintimaterialsənaye” Dövlət Konserninin "Azərsənayepartlayış" müəssisəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 81 saylı arayışına əsasən iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən baş mühəndis vəzifəsində "xxxx" MMC-də 05 yanvar 2012-ci il tarixdən hal hazıradək işləyir. "xxxx" MMC-də güzəştli şərtlərlə iş stajı 12 il 7 aydır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “baş mühəndis” vəzifəsi güzəştli siyahıya daxil edilmiş və həmin siyahıda “baş mühəndis” vəzifəsi “Dağmədən işləri” bölməsinin 1.2.1-ci hissəsinin b) bəndində nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır. İddiaçı onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Qanununa əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (1.0.2). Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir (21.2.3.). İşdən göründüyü kimi iddiaçıya məxsus olan hərbi biletə əsasən hərbi xidmət dövrü və əmək kitabçasında göstərilmiş stajı nəzərə alınmaqla onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixinə 32 il 06 aydan artıq əmək stajı vardır. Cavabdeh tərəfindən iddiaçının mübahusələndirilən əmək stajı dövrü isə xx.xx.1985 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərsənayepartlayış” müəssisəsində qazmaçı-partladıcı vəzifəsində işlədiyi dövrdür. Cavabdeh iddiaçının həmin dövr üzrə ümumi, həmçinin güzəştli əmək stajını mübahisələndirsə də bununla bağlı öz mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, qeyd edilən əmək stajı dövrü iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və əmək kitabçasının tərtibində hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Qaradağ Sənaye Layihə ASC-nin 02 fevral 2024-cü il tarixli 09 saylı arayışında iddiaçının həqiqətən «Azərsənayepartlayış» müəssisəsində xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək qazmaçı-partladıcı vəzifəsində işlədiyi və həmin stajın güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş və iddiaçının qeyd edilən əmək stajının artıq mövcud olduğu dövrdə qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 1-ci bölməsinin (Dağ-mədən işləri) 1010300a—11429 bəndində göstərilən “partladıcılar” peşəsi iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi peşəyə uyğundur. İddiaçının həmin peşə üzrə əmək stajı isə 17 ildən artıqdır. İddia tələbinin digər hissəsi olan mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mənəvi zərərin tutulması ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçı inzibati orqandan mənəvi ziyan tələb etsə də, bununla bağlı hansı mənəvi sarsıntı və iztirablara məruz qalması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçının 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yığılan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 02 yanvar 2024-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxtdan yığılan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar