Məhkəmə qərarları › İş №2-1(112)-1728/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1728/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1728/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvan: Bakı şəhəri, T.Abbasov küçəsi 39A, mənzil 33; ixtisası: hüquşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 6 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X5 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 61 il fasiləsiz və etirazsız sahiblik edilən - Bakı şəhəri, Xətai rayonu, Abbas Səhət küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin 0.0728 ha həyatyanı torpaq sahəsini - iddiaçıya verilmiş daşınmaz əmlakın dövlət reyestrində 05 noyabr 2018-ci il tarixdə qeydiyyat nömrəsi ******* nömrəli seriyası RX olan çıxarışda - X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evinin 0.0728 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli kitabının 10790 nömrəli vərəqində qeydiyyata alınmış və 05 noyabr 2015-ci il tarixdə qeydiyyat nömrəsi ******* nömrəli seriya RX olan çıxarışla - Bakı şəhəri Xətai rayonu Abbas Səhət küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X3 adına rəsmiləşdirilmişdir. Mülkiyyətində olan - Bakı şəhəri Xətai rayonu Abbas Səhət küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsi 0,0728 hektar təşkil edir və 1959-cu il tarixdən bu günə qədər fərdi yaşayiş evinin mülkiyyətçiləri - 61 ildir ki torpaq sahəsinin dövlət qurumlarına vergilərini ödəmiş və torpaq sahəsindən 61 ildir fasiləsiz və etirazsız istifadə edilməklə sahiblik edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 24 dekabr 2019 cu il və müxtəlif vaxtlarda və sonuncu dəfə 25 iyul 2020 ci ildə hazırkı tələblə müarciət etmiş. Lakin onun müraciətinə heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən evin 2-ci mərtəbəsinin ümumi sahəsi çıxarışda ümumi sahəyə daxil edilməmiş və 2-ci mərtəbənin daxili planlaşdırılmasının texniki pasportla uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin arxiv texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqi mövcuddur və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Belə ki, 91.3 kv.m torpaq sahəsi əlavə istifadə edilməkdədir. Əlavə olaraq qeyd edirik ki, yerində baxış zamanı məlum olmuşdur ki, göstərilən ərazinin sərhəddindən yüksək gərginlikli elektrik xətti (35 kVt) keçir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və bu barədə vətəndaşa **********61 saylı xx.xx.2020-ci il tarixli məktubda münasibət bildirilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin onun müraciətinə hər hansı cavab verilməmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında arxiv texniki pasportu ilə faktiki sahə arasında perimetrik ölçü, konfiqurasiya fərqinin mövcud olmasını və əlavə torpaq sahəsinin istifadə edilməsi, yəni 91.3 kv.m torpaq sahəsinin əlavə istifadə edilməsi, həmçinin göstərilən ərazinin sərhəddindən yüksək gərginlikli elektrik xəttinin (35 kVt) keçməsini bildirmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğularına cavab olaraq ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, xx.xx.2009-cu il tarixli X4 əsasən X8 ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evini X7 bağışlamışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evi X6 adına qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X9 ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evini İddiaçı hədiyyə etmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Abbas Səhhət küçəsi ünvanda yerləşən 14 saylı fərdi yaşayış evinə dair Texniki Pasportundan görünür ki, torpaq sahəsinə dair məlumat qrafasında torpaq sahəsinin ümumi sahəsi 728,0 kv.m, tikilinin altında yerləşən torpaq sahəsi isə 120.2 kv.m təşkil edir. Göründüyü kimi, hazırkı işin hallarına görə iddiaçı cavabdehə qanunvericiliklə daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün müəyyən edilmiş əsaslardan birini, yəni səlahiyyətli orqan tərəfindən 1992-ci ildə tərtib olunmuş altındakı torpaq sahəsinin ölçüləri əks etdirilməklə yaşayış evinin texniki pasportunu (surətini) təqdim etdiyi halda, onun hüquqlarının qeydiyyatından imtina olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olduğundan, həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1992-ci ildə tərtib olunmuş texniki pasportda evin həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evinin 0.0728 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. ünvan 1 ünvanda yerləşən 14 saylı fərdi yaşayış evinin 0.0728 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar