Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1728/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qeydiyyatın və qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qeydiyyatın və qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hesablanmış 3063,32 manat borcun yaranmasına əsas kimi göstərilən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********937300 saylı qərarının ləğv edilməsi, 2022-ci ilin 2-ci rübü üzrə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən hesablanmış 698,75 manat məbləğində vergi borcunun silinməsi və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022.ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Baş İdarəsindən iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmiş, məktubda iddiaçının adına ********** saylı VÖEN mövcud olduğu, onun tərəfindən 2021-ci il ərzində 55900 manat dəyərində işlər görüldüyü, vergi bəyannaməsi təqdim edilmədiyini və buna görə də 5 gün ərzində məktubda tələb olunan sənədlərin həmin orqana təqdim olunması tələb olunmuşdur. Hazırda iddiaçının adına göstərilən VÖEN üzrə 3063,32 manat borc olduğu göstərilir. Həmin məktubdan görünür ki, iddiaçı fiziki şəxs kimi vergi qeydiyyatına alınmış və adına VÖEN açılmışdır. Göstərilir ki, iddiaçı tərəfindən 55900 manat dəyərində işlərin aparılmasına baxmayaraq, müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bütün bunlara aydınlıq gətirilməsi üçün iddiaçı cavabdehə yazılı müraciət etmiş, lakin cavabdehin cavab məktubundan süni yaradılmış problemin həll olunması üçün heç bir tədbirin görülmədiyi aydın olmuşdur. Halbuki iddiaçının adına VÖEN açılmasından heç bir xəbəri yoxdur. Vergi qanunvericiliyinin tələblərinə əsasən şəxsin məcburi vergi uçotuna alınması yalnız ƏDV vergisinə münasibətdə nəzərdə tutulmuşdur, gəlir vergisi üzrə şəxsin vergi orqanı tərəfindən məcburi vergi uçotuna alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Vergi orqanına vergi uçotuna alınmaqla bağlı müraciəti olmadığını nəzərə alaraq hesab edir ki, vergi orqanı tərəfindən adına VÖEN açılması vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir. İddiaçının heç bir sahibkarlıq fəaliyyəti olmadığı, o cümlədən tərəfindən vergiyə cəlb edilən əməliyyatlar həyata keçirilmədiyi üçün bəyannamə təqdim etməyi barədə tələb tamamilə qanunsuzdur. Vergi orqanın bu mövqeyi yanlışdır. Yuxarıda göstərdiyi kimi qanunsuz olaraq iddiaçının adına VÖEN açıldığı və onun heç bir sahibkarlıq fəaliyyəti olmadığı üçün cari gəlir vergisi və başqa sənədlərin tələb olunması heç bir məntiqə, qanuna sığmır. İddiaçının vergi orqanları qarşısında heç bir öhdəliyi olmadığı üçün həmin maddələrin tələblərinin iddiaçıya heç bir aidiyyatı yoxdur. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddia tələbinə etiraz edir. İlk növbədə iddia tələbi iki müstəqil hissədən ibarət olmaqla tərtib edilmişdir. İddia tələbinin birincisi hissəsi vergi orqanı tərəfindən hesablanmış 3063,32 manat vergi borcunun yaranmasına səbəb olmuş qərarın ləğv edilməsi ilə əlaqədardır. İddia tələbinin qeyd olunan hissəsi prosessual qanunvericilik baxımından mübahisələndirmə növündə olan iddialara aiddir və mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, mümkün hesab edilməməlidir. İddia tələbindən də göründüyü kimi, iddiaçı 3063,32 manat vergi borcunun yaranmasına səbəb olmuş qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Halbuki iddia ərizəsində inzibati orqan tərəfindən qəbul edilmiş və məhkəmə qaydasında mübahisələndirilən inzibati akt qəbul edilmə tarixi və nömrəsi göstərilməklə qeyd olunmalı idi. Məlumat üçün bildirilir ki, vergi ödəyicisi barəsində qeyd olunan məbləğdə hesablamanı özündə əks etdirən hər hansı inzibati akt mövcud deyildir. Beləliklə, iddia tələbinin birinci hissəsi qeyri-mümkün hesab edilməlidir. İddia tələbinin ikinci hissəsi isə iddiaçının vergi uçotunun ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və inzibati-prosessual qanunvericilik nöqteyi-nəzərindən öhdəliyin icra edilməsi haqqında iddia növüdür. Aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən vergi orqanında uçota durmadan 2021ci il üzrə 4 ədəd elektron alış aktı üzrə 55900 manat dəyərində malların təqdim edilməsi müəyyən olunmuşdur. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı vergi orqanında uçotda olduğu ünvana poçt vasitəsilə xx.xx.2022-ci il tarixli **********818500 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi uçotuna alınması barədə xx.xx.2022-ci il tarixli **********330900 nömrəli bildiriş göndərilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********937300 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021-ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2,795 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. - İddiaçının cavabdehə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı vergi qeydiyyatının, adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi barədə tədbir görülməsini xahiş etmişdir. - Cavabdehin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablaşmaq hüququ vardır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “vergi uçotuna dair ərizəsinin təqdim edilməsi haqqında” məktubu ilə bildirilmişdir ki, “5 gün ərzində vergi uçotuna alınmaq üçün vergi orqanına ərizə təqdim edilməlidir. Əks halda vergi orqanı tərəfindən Siz məcburi qaydada vergi uçotuna alınacaqsınız”. - İddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixə 4,093.98 manat borc hesablanmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələbi iki hissəsən ibarət olmaqla, birinci tələb - cavabdehin qərarının ləğv edilməsi hissəsi mübahisələndirmə haqqında iddia növünə, ikinci - vergi borcunun silinməsi və qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi hissəsi isə öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, vergi orqanın hərəkəti və qəbul edilmiş qərar qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçının vergi orqanında uçota durmadan 2021-ci il üzrə 4 ədəd elektron alış aktı üzrə 55900 manat dəyərində malların təqdim edilməsini müəyyən etmiş, bununla əlaqədar olaraq, fiziki şəxsin vergi orqanında uçotda olduğu ünvana xx.xx.2022-ci il tarixli **********818500 nömrəli "Vergi ödəyicisinin uçota alınması barədə" bildiriş göndərilmiş və fiziki şəxsin 5 (beş) gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Fiziki şəxsə vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, o, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Vergi orqanı tərəfindən iddiaçıya vergi uçotuna alınması barədə xx.xx.2022-ci il tarixli **********330900 nömrəli bildiriş göndərilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********937300 saylı qərarından görünür ki, iddiaçı barəsində 2021ci il üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2,795 manat vergi və ya sığorta haqqı borcu hesablanmışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1.). Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.2.). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3.). Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmə hesab edir ki, məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Başqa sözlə desək, mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən digər halları məhkəmədə əsaslandıra bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin qərarı – əlverişsiz inzibati akt yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Qanunverciliyin göstərilən normalarının hazırki işə tətbiqi zamanı da müəyyən edilir ki, iddiaçı gəlir əldə etmək məqsədilə hər hansı faəliyyəti sübuta yetirilməmişdir. Buna görə də vergi orqanın mübahisələndirilən qərarı qanunsuz olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Məhkəmənin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********937300 saylı qərarı ləğv edilməli, iddiaçıya hesablanmış vergi borcunun silinməsi və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********937300 saylı qərarı ləğv edilsin. İddiaçı (VÖEN **********) hesablanmış vergi borcunun silinməsi və ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyata alınmış vergi uçotunun ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva