Məhkəmə qərarları › İş №2-1(112)-1729/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1729/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1729/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərara əsasən iddiaçı 6.000 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən 27 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “FACE STUDİO” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli, DVX seriyalı, 000598 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi göstərilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən bu qərar əsassız və qərəzlidir. 27 may 2021-ci il tarixdə DVX seriyalı, 000598 nömrəli aktda və onun əlavəsində guya 3 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Bu tamamilə absurddur. Həmin şəxslərdən ikisi salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır, digər bir nəfər isə iddiaçının yaxın münasibətdə olduğu və françayzinq alıb eyni ad altında fəaliyyət göstərən digər sahibkar dostlarının işçisidir. Lakin bunların heç birinə vergi xidməti əməkdaşları məhəl qoymayıb qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar qəbul etmişlər. Cavabdehin əməkdaşları iddiaçıya həmin şəxsləri öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişlər. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün bu şəxslər iddiaçının işçiləri hesab olunmur və qeydiyyata alınmaları absurddur. Bundan başqa cavabdehin əməkdaşları həmin fərdi sahibkarların iddiaçının salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı məsələnin qaranlıq qaldığını bildirmişlər. İddiaçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxslər də sırf “FACE STUDİO” gözəllik salonu ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişlər. İddiaçıya məxsus təsərrüfat subyektində icarə məbləğinin digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Qanunvericilik operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh orqan tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilməmişdir. Belə ki, cavabdeh orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin cavabdehin qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin cavabdehə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, cavabdeh müəssisənin həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bundan başqa qanunvericilik cavabdehə vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər cavabdeh orqan qanunun tələblərinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntularının həqiqətən mövcud olub-olmadığını açıq-aşkar görmək olardı. Bunlarla yanaşı, cavabdehin məsuliyyət qərarının qəbul edilməsinə səlahiyyəti olmamışdır. Belə ki həmin operativ vergi nəzarət tədbirinin keçirilməsi barədə qərarı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qəbul etmiş, bununla bağlı isə səlahiyyətlərin verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Müəssisə iddiaçının barəsində aparılmış operativ vergi nəzarət tədbrinin nəticəsi üzrə tərtib edilmiş 27 may 2021-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin cavabdeh orqan məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Cavabdeh orqanın operativ vergi nəzarət tədbirinin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, müəssisənin özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********1096 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000598 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, lakin akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməkdən imtina edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, araşdırma zamanı elektron qutuda həmin məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 20:29:22-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********8381 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda həmin məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 13:15:03-də oxunmuşdur. İddiaçı ərizəsində 2 nəfər şəxsin onun işçisi olmadığını, subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərdiyini, 1 nəfər şəxsin isə yaxın dostunun işçisi olduğunu, vergi orqanı tərəfindən tərtib edilmiş aktın qanunsuz olduğunu bildirmişdir. İddia ərizəsində qeyd olunanın əksinə iddiaçı öz izahatında X4 xx.xx.2021-ci il tarixindən etibarən administrator vəzifəsində işlədiyini və qısa zamanda onunla əmək müqaviləsi bağlanacağını bildirmişdir. Operativ vergi nəzarətinin aparıldığı dövrdə X4 X8 (VÖEN: **********) ilə əmək müqaviləsi olmuşdur. X8 ünvan 3 ünvanda yerləşən obyektdə fəaliyyət göstərir. Şəxsin əmək müqaviləsi bağlanmadan muzdlu işə cəlb olunması faktı isə ünvan 2 ünvanda müəyyən olunmuşdur. Yəni, X10 Hüseynovla əmək müqaviləsinin olması iddiaçını onunla əmək müqaviləsi bağlamaq öhdəliyindən azad etmir. Eyni zamanda N.Zeynalova öz izahatında xx.xx.2021ci il tarixindən ünvan 2 ünvanda yerləşən, iddiaçının fəaliyyət göstərdiyi “Face Studio” salonunda adminstrator vəzifəsində işlədiyini, müdirinin iddiaçının olduğunu, sifarişləri də ondan aldığını bildirmişdir. Qeyd olunanlar sübut edir ki, operativ vergi nəzarətinin həyata keçirildiyi dövrdə Nigar Zeynalova iddiaçı tərəfindən muzdlu işə cəlb edilmişdir. Subicarə müqaviləsi əsasında fəaliyyət göstərdikləri bildirilən X6 və X12 vergi orqanında uçota alınsa da, adı çəkilən şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər həmin obyekti vergi orqanında uçota qoymalı və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı öz ərizəsində cavabdeh orqan tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd olunan əsaslardan heç birinin qeyd olunmadığını və Vergi Məcəlləsinin tələblərinin pozulduğunu bildirmişdir. Bildiririk ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı məsuliyyətə cəlb edilmişdir. İddiaçı ərizəsində iki nəfərin subicarə müqaviləsi ilə fəaliyyət göstərməsinə görə onlarla əmək müqaviləsi bağlanmasının absurd olduğunu bildirsə də, yoxlama keçirildikdən 9 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Elçin İbrahimov və Xəyal Əmirov ilə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə isə həmin müqavilələrə xitam verilmişdir. Eyni zamanda iddiaçı ərizəsində bildirmişdir ki, vergi orqanı tərəfindən aparılmış vergi nəzarəti zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmaması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanın əksinə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunması dispozitiv normadır. İddiaçı ərizədə cavabdehin məsuliyyət qərarını çıxarmağa səlahiyyəti olmadığını qeyd edir. İddiaçı cavabdeh tərəfindən vergi uçotuna alınmışdır. Bu səbəbdən də Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə uyğun olaraq məsuliyyət qərarı müvafiq olaraq cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1096 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, 4/38, obyektin adı Face Studio, fəaliyyət növü qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211582229 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) ünvan 4 ünvandakı “Face Studio” adlı obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000598 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan və ünvan 4 ünvanında yerləşən “Face Studio” gözəllik salonunda xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 8 nəfər fiziki şəxsdən 3 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir və İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün təbirlərin görülməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8381 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 6.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1096 nömrəli qərara əsasən İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov, 4/38, Face Studio, fəaliyyət növü: qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000598 saylı akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə, operativ vergi nəzarəti həyata keçirilərkən 8 nəfər fiziki şəxsdən 3 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8381 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 8 nəfər fiziki şəxsdən 3 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin 3 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı işçinin gəlirinin gizlədilməsinə şərait yaratmadığını, həmin şəxslərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyinin əsassız olduğunu, həmin şəxslərlə subicarə müqaviləsi bağladığını və ona görə də əmək müqaviləsi bağlanılmasına zərurət olmadığını bildirmişdir. Lakin qeyd olunan şəxslərlə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçirilməmişdir, həmin şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir və bununla əlaqədar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda həmin şəxslərdən X7 vergi orqanına verdiyi izahatında xx.xx.2021-ci il tarixindən iddiaçının fəaliyyət göstərdiyi “Face Studio” salonunda adminstrator vəzifəsində işlədiyini, müdirinin iddiaçının olduğunu bildirmişdir. Digər 2 nəfərlə isə iddiaçı operativ vergi nəzarəti tədbirindən sonra əmək müqaviləsi bağlamış və qısa müddət sonra əmək müqavilələrinə xitam vermişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirini keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etmədiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmamışdır. Ona görə də bu, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Həmçinin iddiaçı cavabdehin məsuliyyət qərarının qəbul edilməsinə səlahiyyətinin olmadığını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən vergi uçotuna alınmışdır. Bu səbəbdən də cavabdeh inzibati orqan Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirilən qərarı qəbul etmək səlahiyyətinə malik olmuşdur. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu halına yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, mübahisələndirilən qərar qəbul edilərkən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar