Məhkəmə qərarları › İş №2-1(112)-173/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-173/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-173/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X3, Сavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Gömrük Komitəsinin 1000/1421S saylı 09 dekabr 2019-cu il tarixli Əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunmasının cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1421Ş saylı 09 dekabr 2019-cu il tarixli əmrinin ləğv olunması, İddiaçı əvvəlki işinə bərpa olunması, bərpa olunduğu dövrədək olan müddətdə aylıq əmək haqqlarının hesablanaraq ödənilməsi və həmin dövrün qulluq stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın tabeliyində 2005-cü ildən müxtəlif yerlərdə və vəzifələrdə çalışmışdır. Cavabdehin 1000/1421Ş saylı 09 dekabr 2019-cu il tarixli Əmri ilə iddiaçı işdən çıxarılaraq sərəncama götürülmüşdür. İddiaçı cavabdeh inzibati orqanın bu əmrini-inzibati aktını özü üçün əlverişsiz inzibati akt və qanunsuz hesab edir. “Gömrük orqanlarında xidmət haqqında” əsasnamədə Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar nəzərdə tutulub. Onun işdən çıxmağına əsas kimi istinad edilən həmin əsasnamənin 120-ci maddəsinin 4-cü hissəsində deyilir ki, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə. Həmin Əsasnamənin 127-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. 124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir; 1) 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində; 2) 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində; 3) 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində; 4) 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində. Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır. İddiaçı məzuniyyətdə ola-ola işdən çıxarılması qanunsuz hesab edir. Heç bir ixtisar olmadan onu çıxardıb yerinə başqa adamlar götürüblər. Ailədə tək qazanc gətirəndir 2 övladı var. Mübahisənin başqa həlli mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddia vasitəsi kimi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsi haqda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdklərini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir və gömrük əməkdaşlarının ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdirilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bir ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər struktur bölməsinə keçirilməsi və.s) Komitədə mütəmadi surətdə təşkilatı-ştat tədbirləri olaraq həyata keçirilir. Komitənin 2019-cu il 09 sentyabr tarixli 1000/1092ş nömrəli əmri ilə Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun baş inspektoru Ağayev X2 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 9 dekabr tarixli 1000/1421 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılılq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi- hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırki tələblə bağlı cavabdehə müraciət edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus 144349 nömrəli əmək kitabçasının surəti. - Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin surəti. - məhkəmənin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli məktubları. - Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmrinin surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrini mübahisələndirir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mübahisələndirilən əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı 064ş saylı əmrlə xx.xx.2005-ci il tarixindən Biləsuvar Gömrük İdarəsinin yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 100/546ş saylı, xx.xx.2012-ci il tarixli əmrə əsasən həmin tarixdən İdarənin “Qoşa təpə” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 100/490ş nömrəli əmrlə həmin tarixdən həmin gömrük postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/728ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Bakı Baş Gömrük İdarəsi Yol Vergiləri şöəsinin inspektoru vəzifəsinə keçirilmiş, 100/979ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Baş İdarənin maliyyə-tarif şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, 100/1182ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Komitənin sərəncamına götürülmüş, 100/1185ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Bakı Baş Gömrük İdarəsi İpək yolu gömrük postunun baş inspektoru vəzifəsinə təyin edilmiş, 1000/1092ş saylı xx.xx.2019-cu il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə İddiaçı xidmətinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan hazırkı iddia tələbi ilə mübahisələndirilən əmri "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü (“təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə”) bəndi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq Qanunda “təşkilati-ştat tədbirlərin keçirilməsi” gömrük xidmətinə xitam verilməsinə əsas kimi göstərilsə də, həmin təşkilati-ştat tədbirlərinin nədən ibarət olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamandan məhkəmə qeyd edir ki, Komitədə əvvəlcədən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı ayrıca əmrin verilməsi ilə bağlı da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvercilikdə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Hazırkı halda mübahisələndirilən əmr qəbul edilərkən əmrdə hər iki şərt (digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) qeyd edilsə də, daha sonra inzibati orqan tərəfindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri mübahisələndirilən əmrdən çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2021-ci il tarixli məktubla “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2021-ci il 19 fevral tarixli 1000/151ş nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2021-ci il 19 fevral tarixli 1000/151ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə, göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması” səbəbi ilə xitam verilmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçının təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olub-olmamasını araşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğular göndərmişdir. Məhkəmənin sorğularına cavab olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2021-ci il tarixli 1000-210/2xx-xx/016109 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Komitənin 2019-cu il 9 sentyabr tarixli 1000/1092Ş nömrəli əmri ilə sərəncamda olan İddiaçı sərəncamda olduğu müddət sorğu etdiyiniz (xx.xx.2019- xx.xx.2020) tarixləri deyil, xx.xx.2019-09 12 2019-cu il tarixlərini əhatə edir və göstərilən tarixlərdə Komitənin Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda, o cümlədən gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmamış və bu səbəbdən də həmin tarixlərdə Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postuna həmin heyət üzrə işə qəbul həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli 1000-210/2xx-xx/002250 nömrəli məktubla bildirmişdir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri nəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq sorğuda qeyd olunan tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif etməsinə dair, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, yəni iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, mübahisələndirilən inzibati akt ləğv olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmri ləğv olunduğundan, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmalı, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli və həmin müddət onun iş stajına hesablanmalıdır. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Həmin Əsasnamənin 130-cü maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmri ləğv olunmalı, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmri ləğv olunsun, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar