Məhkəmə qərarları › İş №2-1(112)-173/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-173/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-173/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X36 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olan X8 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.2020-ci ildə əri vəfat etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 22 ünvanında yerləşən 19 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda yaşadıqları mənzilin yaşayış sahəsi 30.16 kv.m, 2 otaqlı olmaqla mənzildə 6 nəfər ailə üzvü (özü, oğlu, iki qızı və iki nəvəsi) ilə birlikdə yaşayır. Bu mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli 001756 saylı evdəyişmə orderi əsasında verilmişdir. 28 ildir ki, o, ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Tərəfindən həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi, evdəyişmə orderinin arxiv nüsxəsinin aşkar edilməməsi olmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, orderin əsli onda mövcuddur. 28 ildir ki, ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayırlar. Orderin arxiv nüsxəsinin arxivdə aşkar edilməməsi vətəndaş olaraq onun təqsiri deyil.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 22 ünvanında yerləşən 19 saylı mənzilin vəfat etmiş əri X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq təlblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 22 saylı evin, 19 saylı mənzilinə dair təqdim edilmiş xx.xx.1993-cü il tarixli 001756 saylı orderi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq X1 adına verilmiş xx.xx.1993cü il tarixli 001756 saylı evdəyişmə orderinin aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdlərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli **********94 saylı cavab məktubu ünvanlanmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********94 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 22 saylı evin 19 saylı mənzilinə dair təqdim etdiyi xx.xx.1993-cü il tarixli 001756 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, X1 adına verilmiş xx.xx.1993-cü il tarixli 001756 saylı evdəyişmə orderinin aşkar edilmədiyi bildirilmişdir.

8. 4 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli 1930 nömrəli məktuba əsasən İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X1 adına V-197/2021 saylı vərəsəlik işi açılmışdır.

9. 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən ünvan 3 ünvanında xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1997-ci il təvəllüdlü X12, xx.xx.1988-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.2019-cu il təvəllüdlü X19 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

10. Bakı şəhər Mənzildəyişmə İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 001756 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil X24 ilə X8 arasında dəyişdirilmişdir. Həmin mənzil X5 verilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli BA-03016-2022 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7-2634/17 nömrəli cavab məktublarına əsasən Bakı şəhər Mənzildəyişmə İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixi 001756 nömrəli order Dövlət Arxivinin Bakı Filialında və Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.

12. Məhkəmənin sorğularına əsasən 115 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, mübahisəli mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin binanın 19-cu mənzili xx.xx.1992-ci il tarixli 011214 saylı orderə əsasən X15 adına olub. xx.xx.1993-cü il tarixli 001756 saylı orderə əsasən X1 adınadır. Mənzilin sahibi X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda mənzildə qeydiyyatda olanlar X6 arvadı İddiaçı Mənsur qızı, qızı X11, qızı X13, oğlu X9r. Küçənin əvvəlki adı Əlişir Nəvai olub. Hal-hazırda Koroğlu Rəhimov 22-dir. Mənzilə dair şəxsi hesab vərəqəsi X1 adınadır. xx.xx.1992-ci il tarixli 011214 saylı orderin və . xx.xx.1993-cü il tarixli 001756 saylı orderin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.1992-ci il tarixli 011214 saylı orderin surətinə əsasən Nərimanov rayon İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 72 nömrəli sərəncamına əsasən Ə.Navi küçəsində yerləşən 22 saylı evin 19 saylı mənzili 1 nəfər ailə üzvlü ilə birlikdə X20 verilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 30 yanvar 2024-cü il tarixli 3-48-2F/2-338/2024 nömrəli məkubla X15 adına mübahisəli mənzil sahəsinə dair order verilməsinə əsas olmuş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 72 sayı sərəncamının və ona əlavə edilmiş sənədlərin siyahısı təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin sərəncama əsasən “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların, qaçqınların mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 227 nömrəli 6 noyabr 1991-ci il tarixli qərarına uyğun olaraq Ermənistandan qaçqın düşmüş X35 əlillərinin, Əfqanıstanda xidmət zamanı və Çernobıl qəzasında əlil olmuş vətəndaşların ailələri, daimi və Çernobıl qəzasında əlil olmuş vətəndaşların ailələri, daimi yaşayış yerlərindən qovularkən ailə başçısını və ya üzvünü itirmiş ailələr, Ermənistanda zəlzələ zamanı üzvləri həlak olmuş və ya ikinci qrup əmək əlillərinin ailələri, Nərimanov rayon X25 İcraiyyə Komitəsinin rəyini və çıxarış nömrəsi 468, 10 iyun 1991-ci il tarixli sənədi əsas tutaraq vətəndaşların, qaçqınların, ailələri order verilməklə daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. Sərəncama əlavə edilmiş siyahıda X15 adı Ermənistandan gəlmiş Nərimanov rayonunda yaşayan tam imkansız ailələrin siyahısında qeyd edilmişdir.

14. Notarial qaydada təsdiq edilmiş **********347, **********348, **********346 və **********345 nömrəli ərizələrə əsasən X11, X13, X16 və İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin X1 adına özəlləşdirilməsinə və çıxarış verilməsinə heç bir etirazları yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil ilk öncə Nərimanov rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli 72 sayı sərəncamı ilə X20 ayrılmış və həmin mənzilə dair onun adına xx.xx.1992-ci il tarixli order verilmişdir. X3 ilə X21 arasındakı razılaşmaya əsasən Bakı şəhər Mənzildəymə İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 001756 nömrəli order əsasında mübahisəli mənzil dəyişmə əsasında X7 verilmişdir. Həmin orderin notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sözügedən orderin geri çağırılmasına, ləğv edilməsinə, etibarsız sayılmasına və ya qüvvədən düşmüş hesab olunmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. İddiaçı uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Mərhum əri də, vəfat etdiyi tarixədək həmin ünvanda yaşamış, mənzilə dair şəxsi hesab vərəqəsi onun adına olmuşdur. İddiaçının mərhum ərinin sözügedən mənzilə dair hüquqları orderin verildiyi tarixdən yaranmışdır.

22. İddiaçı mərhum ərinin sözügedən mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən yalnız sözügedən orderin arxiv nüsxəsinin Bakı şəhər İcra Hakimiyyətində aşkar edilməməsinə istinad edilməklə imtina edilmişdir.

23. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla (iddiaçının mərhum ərinin mənzili dəyişdiyi şəxs X15 adına mənzil ayrılmasına dair sənədlərin olması, həmin sənədlərin arxiv nüsxəsinin olması və s.) iddiaçının mərhum ərinə mübahisəli mənzilin qanuni əsaslarla ayrılması sübuta yetirilmişdir. Həmin mənzilin iddiaçının mərhum ərinin və ailə üzvlərinin qanuni istifadəsində olması həmin mənzilin balansında olduğu Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışlarla da, təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, orderin arxiv nüsxəsinin aşkar edilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilmə bilməz. Belə ki, orderin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə o, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından mötəbər hesab olunmalıdır. Cavabdeh tərəfindən isə orderin qeyri-mötəbər qiymətləndirilməsi üçün hər hansı bir sübut, dəlil təqdim edilməmişdir.

24. Beləliklə göründüyü kimi, iddiaçının mərhum əri X8 qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Həmçinin, mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslər notarial qaydada razılıq ərizəsi təqdim edərək mübahisəli mənzilin X1 adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmədiklərini bildirmişlər.

25. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil qanuni əsaslarla iddiaçının mərhum əri X2 verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ mövcud olmuşdur.

26. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. «İnsan Hüquqlarının və X18 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir.

29. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

35. Məhkəmə eləcə də, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

37. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X1 vərəsəsi İddiaçı mübahisəli mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

39. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

40. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

41. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-cü maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum ərinin sözügedən daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 22 ünvanında yerləşən 19 saylı mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X4) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar