Məhkəmə qərarları › İş №2-1(112)-1731/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1731/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1731/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “cavabdehin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarının ləğv olunması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “cavabdehin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi xidməti müşavirləri tərəfindən 27 may 2021-ci il tarixində Bakı şəhəri, Nərimaov rayonu, Nazim Hacıyev 14 ünvanında yerləşən "Face Studio” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmişdir. Keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021- ci il tarixli, DVX seriyalı, 002449 nömrəli aktda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarını aşkar edilməsi göstərilmişdir. Həmin akta əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X5 tərəfindən 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli Qərar çıxarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. 27 may 2021-ci il tarixdə, DVX seriyalı, 002449 nömrəli aktda və onun əlavəsində guya 2 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Bu tamamilə absurddur. Ona görə ki, həmin şəxslər salonun işçiləri deyil, onlardan biri subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkar, digəri isə yaxın münasibətdə olduğu və eyni ad altında (françayzinq alan digər sahibkarlar) fəaliyyət göstərən sahibkar dostlarının işçisidir. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymayaraq, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Dövlət Vergi Xidmətinin əməkdaşları həmin şəxsləri iddiaçının öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər onun işçiləri hesab olunmur və qeydiyyata almağı absurddur. Bundan başqa Dövlət Vergi Xidmətinin əməkdaşları həmin fərdi sahibkarın iddiaçının salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı məsələnin qaranlıq qaldığını bildirirdilər. Bununla bağlı, iddiçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxs də sırf "Face Studio”-nun ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişdir. İddiaçıya məxsus təsərrüfat subyektində icarə məbləğinin də məhz buna görə digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 27.05.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin cavabdehin qərarında həmin əsaslardan hansına görə (məs.: cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqey artıq Ali Məhkəmənin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır. Belə ki, nümunə kimi operativ vergi nəzarətin keçirilməsi ilə bağlı mübahisəyə aid olan Ali Məhkəmənin 18 aprel 2018-ci il tarixli 2-l(102)- 510/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli 2-l(102)-1754/2018 nömrəli və 27 noyabr 2019-cu il tarixli 2-l(102)-3327/2019 nömrəli qərarlarını məhkəmənin diqqətinə çatdırmışdır. Həmin qərarların məzmununda da vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi, operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmaması göstərmişdir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, vergi orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 27 may 2021-ci il tarixində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş) və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatın da belə təqdim etmək imkanı var idi ki, vergi orqanı müəssisənin həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Göründüyü kimi, qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi ramam vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli **********1090 nömrəli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 27.05.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 27.05.2021-ci il tarixli DVX seriyalı 002449 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsnidə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən 02.06.2021-ci il tarixdə saat 20:37:57-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8371 nömrəli (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən 17.07.2021-ci il tarixdə saat 13:15:41-də oxuduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, “vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 27.05.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 27 may 2021-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamışdır”. Qeyd edilənlərin əksinə olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəggötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyriməşğulluq aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Hazırki iddia tələbi ilə bağlı xüsusilə vurğulanmışdır ki, yoxlama keçirildikdən sonra 02.08.2021-ci il tarixdə iddiaçı ilə X2 arasında əmək müqaviləsi bağlanmış və müqavilə hal-hazıradək qüvvədədir. Digər işçi X3 ilə yoxlama keçirildikdən sonra 08.06.2021-ci il tarixdə bağlanmnış əmək müqaviləsinə 15.06.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, əslində iddiaçı ilə OVN tədbiri zamanı aşkar edilmiş işçilər arasında əmək münasibətləri mövcud olsa da, vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.70-ci maddəsində nəzərdə tutulmuş “vergidən yayınma sxemi” tətbiq edərək, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Həmin işçilərin sabit qəbz əsasında fəaliyyət göstərmələri isə vergi ödəyicilərinin qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan sui-istifadə edərək, əslində mövcud olan əmək münasibətlərini pərdələmək və bu yolla vergidən yayınmaq niyyətini həyata keçirdiyini sübut edir. İddiaçının digər bir qanunsuz əsası ondan ibarətdir ki, “Qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə, sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qeyd olunan normanın tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto video və ya video çəkilişdən istifadə etməmişdir”. Qeyd edilənin əksinə olaraq bildirilmişdir ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüququdur və məcəllədə imperativ kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş 23.08.2021-ci il tarixli iddiaya dair etiraza yazılı mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli, **********8371 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi İddiaçının iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi aşağıda göstərilən faktları əsas gətirərək iddia ərizəsinə etiraz etmişdir. Belə ki, o, etiraz ərizəsində qeyd etmişdir ki, cavabdehin 27.05.2021-ci il tarixli, **********1090 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı operativ vergi nəzarəti keçirilmişdir. Qeyd olunmuşdur ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14 ünvanında yerləşən “FACE STUDİO” gözəllik salonu obyektində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş və keçirilmiş operativ vergi nəzarəti nəticəsi haqqında DVX seriyalı, 002449 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi 16.07.2021-ci il tarixli, **********8371 nömrəli qərarı əsasında 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz iddia ərizəsində haqlı olaraq qeyd etmişdir ki, 27.05.2021-ci il tarixli, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etiraz ərizəsində bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN-nin həyata keçirilməsi üçün əsasdır. Bununla bağlı olaraq bildirirəm ki, DVX seriyalı, 002449 nömrəli, 27.05.2021-ci il tarixli aktda göstərilən iki nəfər işçi salonun işçiləri deyil, onlar subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz əsasında fəaliyyət göstərən sahibkarlardır. Həmin sahibkarlar da OVN tədbirləri zamanı izahatlarında göstərmişlər ki, onlar fərdi sahibkarlardır, sərbəst qrafiklə işləyirlər, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, “instagram” sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətini özləri təyin edirlər. Lakin, yuxarıda qeyd olunanların heç birinə vergi orqanının əməkdaşları məhəl qoymaraq akt tərtib etmişlər. Cavabdeh etirazında xüsusilə vurğulayır ki, yoxlama keçirildikdən sonra iddiaçı ilə X2 və X3 arasında əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı olaraq, vergi orqanının əməkdaşları iddiaçıya həmin şəxslərin qeydiyyata alınmalarını tövsiyə etmişlər. İddiaçı OVN-nin vaxtı 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək olduğu və yenidən cərimələnmənin qarşısını almaq üçün göstərilən şəxslərlə əmək müqaviləsi bağlamışdır. Eyni zamanda, cavabdeh etirazında vurğulayır ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişindən istifadə etmək vergi orqanının vəzifəsi deyil, hüququdur. Bununla bağlı, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.1 -ci maddəsinə əsasən, Bu Məcəllənin 41.1 -ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Məcəllədə də göstərildiyi kimi baxış keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə olunur. Lakin, vergi orqanı qanunvericin tələbinə əməl etməmiş, OVN tədbiri zamanı foto və (və ya) video çəkilişdən istifadə etməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdirlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini, 20 aprel 2021-ci il tarixli 013/2021 nömrəli icarə (subicarə) müqaviləsini, icarə müqaviləsinin mülkiyyətçi ilə razılaşdırıması barədə protokolu, X1 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişini, 16.07.2021-ci il tarixli, **********8371 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarı təqdim etmişdir. Cavabdeh tərəfindən isə verilmiş etiraza Bakı şəhəri X6 üzrə Baş İdarəsinin struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında əmr, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********1090 nömrəli qərar, sahibkarlıq sahəsində aparılan yoclamaların vahid məlumat reyestrindən 27 may 2021-ci il tarixli çıxarış, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1105 nömrəli tələbnamən, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********1103 nömrəli qərar, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol və 27 may 2021-ci il tarixli, DVX seriyalı, 002449 nömrəli aktın təsdiq edilmiş surətləri əlavə edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-nin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); İPM-nin 32.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. İş materiallarından göründüyü kimi DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli **********1090 nömrəli qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev 14 -də yerləşən “Face Studio” salonunda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasında Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kotraktı) hüquqi qüvvəyə minmədənişə götürən tərəfindən fəzəki şəxslər hər hansı işlərin(xidmətlərin ) yerinə yetirilməsinə cəlb edilməsihalların aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 50.1ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd edilənlərlə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. Belə ki, məhkəmə operativ vergi nəzarətinin həyata keçiriıməsi barədə qərarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin 27.05.2021- ci il tarixli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmişdir, həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Azərbayan Respublikasının Vergi Məcəlləsinin 50.6-ci maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 42.1. –ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 42.2.-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. İş materiallarından göründüyü kimi vergi orqanı 27 may 2021-ci il tarixində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 iş günlük müddəti gözləmədən və sənədlərin təqdim edilib -edilməməsi barədə akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə akt tərtib etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə 21 iyul 2021-ci il tarixli qərarının qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddəyə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir və vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur, hazırki iş üzrə cavabdeh tərəfindən bu öhdəlik icra edilməmiş, iddiaçının təqsiri sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsihnə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 65.1.2. –ci maddəsinə əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab edilir. İş materiallarından göründüyü ki, iddiaçının obyektində operativ vergi nəzarəti qaydada yoxlama DVX-nın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirildiyi halda “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” 16 iyul 2021-ci il tarixli, **********8371 nömrəli qərar DVX-nın Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərfindən qəbul edilmişdir. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2.-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3.-ci maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə qeyd edilən əsaslar iddiaçının ləğv edilməsini tələb etdiyi inzibati akta münasibətdə mövcud olduğu üçün iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbi əsaslı hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli, **********8371 nömrəli qərarı ləğv edilməlidir. İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32ci, 68-ci,69-cü, 85-ci,110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8371 nömrəli qərarı ləğv olunsun.. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar