Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1731/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il tarixli, 001003 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə və xx.xx.1998-ci il tarixli 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan 31 may 2003-cü il tarixli notarial alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən ona məxsus tikinti sahəsi 33,75 kv. m., ümumi sahəsi 322.5.0 kv. m. o, cümlədən, 200,0 kv. m., əlavə tikintisi olan obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə ******* (iki milyon üç yüz min) manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq İddiaçı ödənilməsi; onun xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə ******* manat gecikdirilmə faizi ödənilməməsi barədə; mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona - İddiaçı vurulmuş mənəvi zərərin əvəzində 100000 (bir yüz min manat) mənəvi zərər ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixli, 001003 nömrəli – “Mülkiyyət hüquqi haqqında” Şəhadətnaməyə və (Azərbaycan Dövlət Əmlak Komitəsinin) xx.xx.1998-ci il tarixli, 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan 31 may 2003-cü tarixli notarial alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən və ona məxsus 33.75 kv.m. qeyri yaşayış sahəsi, ümumi sahəsi 322.5.0 kv.m, o cümlədən, 200,0 kv.metr əlavə tikintisi olan obyekti 2012-ci ilin sonlarında sökülmüş, yerində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikilmişdir. Söküntü sürətlə aparılmış və onun obyektində olan və ona məxsus əşya və avadanlıqları çıxartmağa imkan verilməmiş, onları məhv etmişlər. Bütün bu söküntü nəticəsində ona bazar qiymətilə ******* (iki milyon üç yüz min) manat məbləğində maddi ziyan dəymişdir. Bu Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2632/2017 sayl, xx.xx.2018-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2632/2017 sayl xx.xx.2018-ci il tarixli müraciətinə asasən Əmlakın Qiymətləndirilməsi və Uçotu departamentinin 2008-ci il tarixli ekspert rəyi ilə sübut olunur. Dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və digər dövlət qurumlarına şifahi və yazılı müraciətlər etsə də, ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və məhkəmədən obyektinin sökülüb dağılması ilə əlaqədar ona vurulmuş ******* (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat maddi ziyanın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)- 3526/2017 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1 (81)- 3526/2017 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, ona vurulan maddi ziyanın əvəzi olaraq 84375 (səksən dörd min üç yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə məyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanda yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsindəki 33.75 kv.metr qeyri yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1938/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə onun və üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarı ilə onun Apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3526/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3055/2019 saylı, 06 noyabr 2019cu il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Avropa insan hüquqları məhkəməsinin müxtəlif işlər üzrə mövqeyinə görə dövlətin vətəndaşın əmlak hüquqlarının qorunması sahəsində pozitiv hüquqları vardır. Əgər sökülmüş əmlakın əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa onda dövlət ödəniş gününə olan bazar qiymətilə əmlakın dəyərini kompensasiya etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddia tələbi o fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində ona məxsus qeyri-yaşayış sahəsinin Gənclər və İdman Nazirliyinin Respublika Velotrekinə məxsus bina və qurğuların tikintisi ilə bağlı söküldüyünü bildirmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Belə olan halda hansı əsasla Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması və Nazirliyə qarşı kompensasiyanın ödənilməsi tələbinin irəli sürüldüyü qeyri-müəyyəndir. Maliyyə Nazirliyinin dövləti təmsil etməsi məsələsi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, dövlət adından çıxış edir, qərarlar qəbul edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən, müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən hesab edirlər ki, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, iddiaçı eyni iddia ilə Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldırmış, həmin iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiası rədd edilmişdir. Maliyyə Nazirliyi həmin iş üzrə üçüncü şəxs qismində çıxış etmişdir və Nazirliyin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd edilən dəlillər bir daha göstərir ki, hazırki iddia tələbinin Maliyyə Nazirliyinə və onun Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur, icra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır, “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Həmçinin sözügedən qərardadda qeyd olunmuşdur ki, Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları proses iştirakçısı olan Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməsi, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir.” Bununla yanaşı bildirirlər ki, “dövlət büdcəsi” ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur və bu təşkilatları yalnız onların sifarişi əsasında maliyyələşdirir. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından Maliyyə Nazirliyi bu cür tələblər üzrə hər hansı öhdəlik daşımır. Tərəflərin iştirakı və izahatları: xx.xx.2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinn məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş qaydada iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001003 №-li, xx.xx.2003-cü il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən birmərtəbəli binanın birinci mərtəbəsindəki 33,75 kv.m., qeyri-yaşayış sahəsi 2 №-li reyestr kitabının 45-ci səhifəsində İddiaçı adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 08A/2186 saylı xx.xx.2022-ci il tarixli arayışda Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, məhəllə 3007 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 36576 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Qeyri - yaşayış sahəsinin 1 mərtəbəli olduğu, ümumi sahəsinin 33,75 kv. m. sahə olduğu qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3526/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, obyektinin sökülüb dağıdılması ilə əlaqədar ona vurulmuş ******* (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat maddi ziyanın ödənilməsi və ya Bakı şəhərində ona bərabər tutulan qeyri-yaşayış sahəsi ilə təmin olunmasına dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3526/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)71/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(81)-3526\2017 saylı qərarının ləğv olunması, yeni qərarın qəbul edilməsi, İddiaçı vurulan maddi ziyan əvəzi olaraq 84375 (səksən dörd min üç yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-1938/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin olunması, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 71/2018 saylı iş üzrə 06 iyun 2018-ci il tarixli qərarının ləğv olunması, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3526/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanıması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)3055/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan işlər üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 09 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə verilmiş dəqiqləşdirilmiş ayrıc aktına baxış keçirilmiş və ayrıc aktından Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında cavabdehin balansına ayrılmış sahədə hər hansı tikililərin olmadığı müəyyən edilmişdir. Həmin iş üzrə iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin 18 noyabr 2012-ci ildə söküldüyünü qeyd etsə də, cavabdehin nümayəndəsi həmin ərazinin 2013-cü ildə balansa qəbul edildiyini və yenidən qurma işlərinə 2014-cü ildən başlandığını bildirmişdir. Bundan əlavə qeyd olunan işin araşdırılması zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nəsimi rayon Polis İdarəsinə sorğularla müraciət edilərək, 18 noyabr 2012-ci il tarixdə iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (əvvəlki Tbilisi) prospekti 3007-ci məhəllə ünvanda yerləşən daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı Baş Prokurorluğun tabeçiliyində olan prokurorluq orqanları tərəfindən hər hansı araşdırma aparılıbaparılmaması barədə, aparılmışsa araşdırmanın nəticəsi barədə, eyni zamanda tikilinin kim tərəfindən sökülməsinin müəyyən olunub-olunmaması barədə məlumat tələb olunmuş, sorğulara verilmiş cavablardan, qeyd edilən orqanlarda həmin məsələ ilə bağlı hər hansı araşdırmanın aparılmadığı müəyyən edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Maliyyə Nazirliyi tərəfindən verilmiş 3-23\2-C-611-23-384/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti, 3007-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Qaldırdığı məsələ məhkəmə predmetinə çevrilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə yerləşən və ona məxsus ümumi sahəsi 322.5.0 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə ******* (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə rədd edilmişdir. Sonradan həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, Ali Məhkəmənin 06 noyabr 2019-cu il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qərarı bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmçinin həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Habelə onun qeyd olunan qeyri-yaşayış sahəsinə görə kompensasiya tələbinə məhkəmə qaydasında baxıldığını, müvafiq qərar qəbul edilməklə məsələyə hüquqi qiymət verdiyini nəzərə alaraq, müraciətində irəli sürülən eyni məzmunli tələbinə baxılmasının Maliyyə Nazirliyinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə13.Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. “İnzibati icraat haqqında” Qanun. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən görünür ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq müvafiq kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq ona ödənilməsini tələb etmiş və bunu onunla əsaslandırmışdır ki, öz hüquqlarının müdafiəsi üçün müraciət etdiyi məhkəmələr iddiaçının öz mülkiyyətindən qanunsuz məhrumedilmə faktını təsdiq etsələr də, əmlakın kimin tərəfindən sökülməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən müvafiq kompensasiya verilməsi haqqında qərar çıxarmamışlar. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyri yaşayış sahəsinin sökülməsi ilə ifadə olunan müdaxiləyə yol verilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (əvvəlki Tbilisi) prospekti 3007-ci məhəllə ünvanda yerləşən daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı araşdırma aparılması üçün müvafiq orqanlara müraciətlər olunmamışdır. İddiaçı hazırki iş üzrə ona mənəvi ziyan vurulmasını iddia etməsinə rəğmən, məhkəməyə ona belə ziyanın vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Mənəvi zərərlə bağlı tələb irəli sürən iddiaçı mülkiyyətindən məhrum olma şəkli, mülkiyyətindən məhrumedilməsi ilə bağlı belə davranış şəklinin ona neqativ təsiri kimi vacib xüsusatları məhkəmə qarşısında sübut etməli və bununla bağlı sübutmə vasitələrini məhkəməyə təqdim etməlidir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya mənəvi zərərin vurulması və mənəvi zərərə görə kompensasiya məhz həmin xüsusatlatlar nəzərə alınmaqla və qiymətləndirilməklə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Hazırkı mübahisədə iddiaçıya münasibətdə cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını şərtləndirən davranışın və ya halların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçının ona mənəvi ziyanın vurulmasını sadəcə olaraq bəyan və iddia etməsi həəqiqətən həmin zərərin vurulmasının, bununla bağlı müvafiq kompensasiyanın müəyyən edilməsi üçün yetərli sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1731/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1731/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver