Məhkəmə qərarları › İş №2-1(112)-1732/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1732/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1732/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə 05 aprel 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 0108003AACSK nömrəli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra iddiaçının əlilliyi etibarsız hesab edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Prezident təqaüdünün və uşaqlara ödənilən müavinətin 16 noyabr 2015-ci ildən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul edilməsini, ona 0108003AACSK nömrəli göndəriş əsasında təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 illik müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik dərəcəsi heç bir əsas olmadan etibarsız hesab edilmişdir. Cavabdehə müraciət edərək, 0108003AACSK nömrəli göndəriş əsasında təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini xahiş etmiş, cavabdeh isə ərizəsinə xx.xx.2022-ci il tarixli məktubla anlaşılmayan cavab vermişdir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40- J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni; Digər xroniki obstruktiv ağ ciyər xəstəliyi. Ağ ciyər vərəmi.Plerva piləyi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.0 - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağ ciyər xəstəliyi.Ağ ciyər vərəmi.Plerva piləyi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.5. Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya əlamətləri ilə.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 2 saylı X3 xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sol diz oynağının postravmatik qonartrozundan sonrakı kontrakturası, kəskin ağrı sindromu ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı 19 saylı Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Astma, Bronxial astma.Qonartroz [diz oynağının artrozu], Sol diz oynağının postravmatik hemartrozu; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31 -J32.9,J35-J37.1J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il **********3 saylı məktubu əsasında iddiaçının da içində olduğu 776 nəfərin əsasında əlillik təyinatının aparıldığı göndərişi etibarsız hesab olunmuşdur. Bu səbəbdən İddiaçı əlilliyi etibarsız hesab edilmişdir. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən (müraciətə cavab vermədiyindən) hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sonuncu dəfə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0108003AACSK nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, İddiaçı dair 0108003AACSK göndərişdə qeyd olunan stasionar müalicə tarixində MEİS-in “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Qeyd olunanlar əsas götürülməklə İddiaçı aparılmış əlillik təyinatı barədə qərar xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya 0108003AACSK nömrəli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlilliyin təyininə əsas verən dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyinə görə müayinə “Əlillik” altsistemində etibarsız edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” (iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olan redaksiya): 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı, iddiaçıya əlilliyin təyin edilməsinə dair inzibati iş materiallarının (əlilliyin təyin edilməsi, müddətinin uzadılması barədə qərarlar, müayinə aktları, müraciət və digər materiallar), o cümlədən əlilliyin təyin edilməsi barədə inzibati aktın ləğv edilib-edilməməsi, əlilliyin etibarsızlığı ilə bağlı qərar qəbul edilib-edilməməsi, ümumiyyətlə əlilliyin etibarsız hesab edilməsi ilə bağlı inzibati araşdırma aparılmışdırsa inzibati araşdırma materialına daxil olan bütün sənədlərin (inzibati araşdırma zamanı iddiaçının inzibati icraatda iştirakının təmin edilib-edilməməsi, canlı müayinəsinin aparılıb-aparılmaması və s.) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün cavabdehə sorğu göndərilsə də, müvafiq məlumatlar və sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş və iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. Cavabdeh inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 57.1-ci maddəsinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab olunmasına dair oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1759/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-1719/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli Qərarları). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Bakı 19 saylı Şəhər Poliklinikasının 0108003AACSK №-li tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı 19 saylı Şəhər Poliklinikasının 0108003AACSK №-li tibbi-sosial ekspertiza müayinəsinə göndərişi əsasında İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar