Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1732/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1960-cu il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2008-ci il tarixdən 1 il müddətinə, Mədənin xr xorası kəskinləşmə dövrü ezofaqit. Eroziv hemorragik qastrit. Hipertoniya İİ mərhələ diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə 12 barmaq bağırsağın xorası kəskinləşmə. Xr hepatoxolesistit. xr eroziv qastrit diaqnozu ilə 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 12 barmaq bağırsağın xorası, tez-tez qanaxma və kəskinləşmə ilə. 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası. Həzm funksiyasının pozulması. İkincili anemiya. Xroniki hepatit diaqnozu ilə 1 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya 8.05.2016-ci il tarixdə eyni diaqnoz ilə 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2023-cü il tarixdə Diaqnozun mətni: Əsas diaqnoz K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8 Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının 22 fevral 2024-cü il tarixli qararında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrılardan, bel nahiyəsində ağrılardan, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2004-cü ildən 12 barmaq bağırsağın xora xəstəliyindən, anemiyadan əziyyət çəkdiyini, proqramlı dializ müalicələri aldığını bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analizinin nəticəsi “Hemoqlobin-138 mkmol/l, EÇS-6 mm/s) kimi müəyyənləşdirilmişdir. Vətəndaş ekspertiza zamanı heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmiş, ƏƏSMN tabeliyində DTSERA-da aparılan qanın ümumi analizinin nəticəsi norma daxilində olmuş, həmçinin vətəndaş ətraflı müayinə edilməsi üçün ixtisaslaşmış tibbi müəssisəsində müayinədən keçməsi üçün göndəriş təqdim edilsə də, sonrakı günlərdə də heç bir müayinə sənədi təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xəstədə əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsi barədə 03 iyun 2023 və 22 fevral 2024-cü il tarixli qərarların ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əhali Sağlamlığının Monitorinq Sisteminə əsasən müayinə olunmuş, AZS-224 və AZS-219 saylı analizlərin nəticələrinə uyğun olaraq xroniki xəstə olmağı müəyyən olunmuşdur. Xəstəliyinin yüngülləşməsi üçün müvafiq və müalicələrdən keçsə də, qısa müddət sonra xəstəliyi xroniki olduqdan sonra təkrar yenidən kəskinləşir. Qeyd olunanlara əsasən ona 2008-ci il tarixdə İ qrup, 2016-cı ildə isə İİ qrup əlil statusu verilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçını tam reabilitasiya olunması barədə cavabdehin xx.xx.2023 və xx.xx.2024-cü il tarixli qərarları ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia verməklə iddia müddətinə də riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2008-ci il tarixdə əlillik təyinatı aparılmışdır. İddiaçıya xx.xx.2015-ci il tarixdə 12 barmaq bağırsağın xorası, tez-tez qanaxma və kəskinləşmə ilə. 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası. Həzm funksiyasının pozulması. İkincili anemiya. Xroniki hepatit diaqnozu ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya 8.05.2016-ci il tarixdə eyni diaqnoz ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin sonuncu göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi iddiaçının əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində isə, ona diaqnozun əlillik təyin edilməsinə əsas verməməsi əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin hər iki qərarının mübahisələndirir və son göndəriş, yənin xx.xx.2024-cü il tarixli göndəriş əsasında ona müvafiq əlillik dərəcəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin hər iki imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin birinci imtina dəlili, yəni iddiaçının əlavə müalicəyə ehtiyacının olması ilə bağlı qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.5.3-cü bəndindən göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır. İddiaçıya təyin ediləcək əlillik onun ilkin deyil təkrar əlilliyi olduğundan, cavabdehin əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina verməsi əsassızdır. İddiaçı 2004-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasiona müalicə və müayinələrdə olmuşdur. Məhkəmə cavabdehin ikinci imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8* Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçınnı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli T00104100EMP nömrəli Forma 088 göndərişindən görünür ki, o, həmin formada qeyd edilmiş “K26.0-Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44- Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8- Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mənşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsidini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44- Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8- Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mənşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir”. Həmçinin cavabdeh məhkəməyə təqdim etdiyi məktublarda iddiaçının intsrumental müayinə nəticələrini təqdim etmədiyini bildirmişdir. Lakin qeyd edildiyi kimi, iddiaçının əlilliyi təkrar əlillikdir və 2004-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasiona müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Digər tərəfdə iş materiallarında iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsinə dair ekspert rəyi də var. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət ikinci dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:
3. Həzm sistemi orqanlarının xəstəlikləri; 3.2. Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri; 3.2.4. onikibarmaq bağırsağın xorası- K26. 3.2.5. həzm orqanlarının digər xəstəlikləri – K 92. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2004-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov