Məhkəmə qərarları › İş №2-1(112)-1733/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1733/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1733/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən sahəsi 579 kv.metr olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 20.08.1999-cu il tarixli sərəncamla verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsin üzərində əvvvəllər yaşayış evi olmuşdur, sonradan həmin əmlak sökülmüş yerində digər yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinə həmin dövrdə qeydiyyat vəsiqəsidə verilmişdir. Fərd yaşayış evi söküldüyü üçün o qeydiyyatın ləğv edilməsi, torpaq sahəsinin azaldılmasına etiraz etməmək barədə notarial təsdiq edilmiş ərizədə təqdim edərək xahiş edib ki, boş torpaq sahəsinə çıxarışın verilməsində köməklik göstərilsin. Həmin ərizələrin əsllərini iddia ərizəsinə əlavə edir. O, torpaq sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdi. Müraciətinə cavabdeh 05.07.2021-ci il tarixli **********10 nömrəli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür. Bundan sonra o DƏDRX-ə 25.06.2021-ci il tarixdə müraciət ünvanlayıb. Müraciətinə 12.07.2021-ci il tarixli məktubla bildirilmişdir ki, üzvlərin siyahısında ad aşkar edilməmişdir, torpaq sahəsinin mövqeyini göstərən cizgi təqdim edilməmişdir. Bildirir ki, onun torpaq sahəsinin nə yanından, nə də ki ətrafından yüksək gərginlikli elektrik xətti keçmir. Bu, tamamilə cavabdehin və onun tabe olduğu idarədənin qanunsuz yanaşmasıdır. Bununla da cavabdeh onun hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında torpaq sahəsiə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0.7 - ci maddəsinə əsasən 2007 ci il mayın 22 dək müvafiq İcra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinə verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının siyahısına müvafiq olaraq verilmiş üzvülük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 9.1.2 ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərlə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatın uyğunluğu ilə aparılır. Hesab edir ki, cavabdehin onun torpaq sahəsinə çıxarışın verilməsindən imtinası əsasızdır və məhkəmə qaydası ilə mənim atamdan qalan torpaq sahəsinə Çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX nin İ saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 saylı 06.10.2010cu il tarixli qərarının 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada ) müəyyən edilməsi DTXK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, DTXK-nin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrinin iştirakı ilə aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması ) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada ) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-cİ bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü , çaylar, yollar və digər obyektlər ), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”. Həmin Maddənin 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması , onun sərhədlərinin yerə ( naturaya ) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilən yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Qeyd edir ki, torpaq sahəsinin dörd tərəfdən daş hasar çəkdirmişəm və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən bağ-tikinti kooperativ komplektlərinin bölüşdürülməsinin Qaydaları” qüvvədə olmuşdur. 24-cü bəndinə əsasən “Əgər vətəndaş bağ sahəsini yaşıllaşdırmışdırsa və həmin bağ sahəsini on il müddətində fasiləsiz istifadə etdiyi təqdirdə bağ sahəsi onun adına keçirilməsi məsələsinə baxılır”.

3. Cavabdeh qurumun imtinası onunla əsaslandırılmışdır ki, , Azərbaycan Respublikası Prezidenti işlər İdarəsi X7 tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş siyahıda adınız aşkar olunmayıb. Həmçinin, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5 arayışı, torpaq sahəsinin mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun olaraq təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5 arayışı, torpaq sahəsinin mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, 05.07.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, texniki pasporta əsasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 1000 kv.m olsa da, faktiki olaraq 579 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 13.01.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir;

Un, kV l>20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30

"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X5) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. İddiaçının müraciətinə cavab olaraq Buzovna qəsəbəsi, Q.Nəbi küçəsi, döngə 3, 7 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 096 nömrəli 20 avqust 1999-cu il tarixli çıxarış, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 61/k saylı 27 noyabr 2003-cü il tarixli əmrdən çıxarış və İddiaçı adına tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surəti cavabdeh qurum tərəfindən ona təqdim edilmişdir.

6. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə ünvan 3 ünvanında yerləşən 1000 kv.m, torpaq sahəsinin 421 kv.metrinin azaldılaraq 579 kv.m. hissəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir.

7. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Reyestr Xİdmətinə ünvanlanmış ərizədə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 36026 nömrəli reyestr kitabının, inventor işi 1645 olan Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 17.3 kv.m olan fərdi yaşayış evi söküldüyü üçün həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsini və təkcə torpaq sahəsinə çıxarış verilməsini xahiş edib.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf yol, üç tərəf qonşudur. Sahədə bir mərtəbəli yaşayış evi və həyət tikilisi var. Qeydiyyat vəsiqəsi və texniki pasporta əsasən yaşayış evi mövcud deyil. Texniki pasporta əasən torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq var. Sovxoz tərəfindən torpaq sahəsinə dair cizgi təqdim edilməyib. Torpaq sahəsinin şərq sərhəddində 1,0 aralı kv transformator yerləşir.

9. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, “Azərişıq” açıq səhmdar cəmiyyəti tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi, 3 saylı döngədə yerləşən 7 saylı fərdi yaşayış evinin bir hissəsi 537 saylı Komplekt Transformator məntəqəsinin mühafizə zonasında yerləşir.

10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 tərəfindən bildirilmişdir ki, vətəndaş İddiaçı AR Pİİ-nin X7 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat yoxdur. Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük" sovxozu Azərbaycan Respublikası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun hüquqi bazasında İşlər İdarəsinin tabeliyində “X7” yaradılmışdır. X5 balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən “X7” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir.

11. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfinədn Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 tərəfindən torpaq sahəsi ayrılmış şəxslərin siyahısı 331 vərəqdə olmaqla məhkəməyə təqdim edilmişdir. Qeyd edilən siyahı tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş, həmin siyahıda İddiaçı adının olmadığı müəyyən edilmişdir. Həmin siyahıda iddiaçının soyadı və ata adı ilə üst-üstə düşən X4 adı olduğu və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 22K saylı sahəyə hüquqlarının qeydə alındığı müəyyən edilmiş, iddiaçı həmin şəxsi tanımadığını, onunla hər hansı qohumluq əlaqəsinin olmadığını bildirmişdir.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, X6 adlı şəxsi tanımır və onunla hər hansı qohumluq əlaqəsi yoxdur, torpaq sahələri üst-üstə düşmür.

13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

20. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

28. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

29. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 36026 nömrəli reyestr kitabının, inventor işi 1645 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi 17,3 kv.m olan fərdi yaşayış evi sökülmüşdür. Torpaq sahəsi yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmədiyi halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, eləcə də iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması barəsində məlumat olmadığından iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar