Məhkəmə qərarları › İş №2-1(112)-1733/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1733/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1733/2024 21.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 10-cu döngədə yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 95 saylı evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə 50 ailə üçün 5 hektar torpaq sahəsi ayrılmışdır.Sərəncama əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya 0,20 ha torpaq sahəsi ayrılmışdır.Qeyd olunan torpaq sahəsi iddiaçıya yerdə və naturada təhvil verilmişdir.İddiaçı elə həmin ildə ona ayrılmış 0,20 ha torpaq sahəsində 16,6 kv metrdən ibarət fərdi yaşayış evi tikdirmiş və dövlət reyestri kitabında 35421 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla ona qeydiyyat vəsiqəsi verilmişdir.İddiaçı ona məxsus olan 0,20 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə aid olan ayrıc aktından 38 metr kənarda yerləşir. Həmçinin texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluq mövcuddur.Bundan başqa qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyü üçün qeydiyyatın ləğvi ilə bağlı ərizə və müəssisənin arayışı təqdim edilməmişdir.Bindan əlavə sözügedən əmlaka dair Xətai rayon İcra Şöbəsinin xx/xx-11321 nömrəli xx.xx.2010-cu il tarixli məktubu ilə qadağa qoyulmuşdur.Eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti Başçısınn xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə torpaq sahəsinin ayrılması qeyd edilsə də iddiaçının adına 0,20 hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Tədqiq edilmiş sənədlər.

6. Məhkəmə iş materiallarında olan: Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinə əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə № 10, ev 95 iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, qeydə alınmanın əsası kimi Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı göstərilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçıya 0,20 hektar torpaq sahəsi fərdi mənzil tikintisi üçün ayrılmışdır, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamdan çıxarışa (xx.xx.1999-cu il tarixli) əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçülük-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovvxozun xx.xx.1999-cu il tarixli, 27/K nömrəli əmri nəzərə alınaraq verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir, fərdi yaşayış evinin texniki pasportuna əsasən iddiaçıya məxsus Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 10, ev 95-in həyətyanı torpaq sahəsi 1968,1 kv metr, tikintialtı torpaq sahəsi 31,9 kv metr göstərilmişdir, torpaq sahəsinin konfiqurasiyası düzbucaqlı şəklində göstərilmişdir, qeydiyyat vəsiqəsinə əsasən isə Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 10, ev 95 mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır; "xxxx" MMC tərəfindən tərtib edilmiş “Mübahisə predmeti olan daşınmaz əmlak haqqında mütəxəssis rəyi”nə əsasən İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür, torpaq sahəsinin naturada sərhədləri və koordinatları qeyd edilmişdir, İddiaçı məxsus torpaq sahəsinin texniki pasportu ilə faktiki torpaq sahəsinin perimetrik ölçüləri konfiqurasiyası uyğundur, texniki pasportun tərtib edildiyi dövrdə peyk ölçü və koordinat sistemini təyin etmə cihazları olmadığından torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyası göz baxışı ilə təqribi hazırlanırdı.Bu səbəbdən texniki pasportda göstərilən cizginin dönmə bucaqları standart olaraq 90 dərəcə altında çəkilmişdir.Naturada isə şimal cəhətinə nəzərən relyefin quruluşundan asılı olaraq (yollar və qonşuluqlar) torpaq sahəsi rəyin 7-ci səhifəsində göstərildiyi kimidir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 28 №li, xx.xx.2003-cü il tarixli əmrə, xx.xx.2003-cü il tarixli, 02 saylı protokola və arxiv kitabında iddiaçının adı qeyd olunmuş səhifənin surətinə əsasən iddiaçıya 0,20 ha torpaq sahəsi mənzil tikintisi üçün Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən ayrılmışdır; Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciəti üzrə inzibati icraat materiallarında olan “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə aid olan ayrıc aktından 38 metr kənarda yerləşməsi, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluq mövcud olması, qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyü üçün qeydiyyatın ləğvi ilə bağlı ərizənin və müəssisənin arayışın təqdim edilməməsi, sözügedən əmlaka dair Xətai rayon İcra Şöbəsinin xx/xx-11321 nömrəli xx.xx.2010-cu il tarixli məktubu ilə qadağa qoyulması əsası ilə iddiaçının torpaq sahəsi üzərində hüquqların qeydiyyatına alınması barədə ərizəsinin təmin edilməsindən imtina edilmişdir; Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 10-cu döngədə yerləşən 95 sayllı evin texniki vəziyyətini əks etdirən müayinə aktının surətinə əsasən ərazinin ümumi torpaq sahəsi 2000 kv metrdir, ərazi 3 tərəfdən hasarının hündürlüyü 60 sm-dir.

İV. Məhkəmənin mövqeyi

11.Məhkəmə, iddiaçının iddia ərizəsini, cavabdehin iddia tələbinə etirazını nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 12.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 13.«Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 14.Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

17. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2-ci bəndinə əsən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: “... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;..” daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. 18.İddiaçıya 0,20 ha torpaq sahəsinin mənzil tikintisinin ayrılması faktı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 28 №li, xx.xx.2003-cü il tarixli əmr, xx.xx.2003-cü il tarixli, 02 saylı protokol və arxiv kitabında iddiaçının adı qeyd olunmuş səhifənin surətində olan məlumatlarla təsdiqlənir, eyni zamanda inzibati iş materiallarında olan qeydiyyat vəsiqəsinə əsasən həmin torpaq sahəsində iddiaçı tərəfindən yaşayış evinin inşa edilmiş və həmin ev iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış, evin və evin yerləşdiyi torpaq sahəsinin parametrləri barədə həmin dövrdə dövlət orqanı tərəfindən texniki pasport tərtib edilmişdir. Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndində nəzərdə tutulmuş sənəd hal-hazırda iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə münasibətdə mövcuddur. 19.Cavabdehin etirazında göstərilən texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluğun mövcud olması, qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyü üçün qeydiyyatın ləğvi ilə bağlı ərizənin və müəssisənin arayışı təqdim edilməməsi, sözügedən əmlaka dair Xətai rayon İcra Şöbəsinin xx/xx-11321 nömrəli xx.xx.2010-cu il tarixli məktubu ilə qadağa qoyulması və nəhayət Abşeron rayon İcra Hakimiyyəti Başçısınn xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyac olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə torpaq sahəsinin ayrılması barədə qeyd edilənləri məhkəmə iddia tələbinin təmin edilməməsi üçün əsas hesab etmir. Belə ki, qeyd edilən halların mülkiyyət üzərində hüquqların qeydə alınması üçün əsas olması qanunvericilikdə nəzərdə tutumamışdır,

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir. 22.Bundan əlavə cavabdehin “torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə aid olan ayrıc aktından 38 metr kənarda yerləşməsi” dəlilinin araşdırılması üçün məhkəmə qeyd edilən ayrıc aktının məhkəməyə təqdim edilməsini cavabdehdən tələb etsə də həmin ayrıc aktı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bu səbəbdən də məhkəmə cavabdehin etirazını həmin hissədə də əsassız hesab edir. 23.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən – iddiaçının xeyrinə olan halları, o cümlədən üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmış evin texniki pasportunda evin həyətyanı sahəsi ilə tikinti altı sahəsinin ümumilikdə 2000 kv metr olmasını, torpaq sahəsinin ayrılması barədə X3 əmrinin olması, arxiv kitabında iddiaçının adı qeyd olunmuş səhifənin surətinə əsasən iddiaçıya 0,20 ha torpaq sahəsinin ayrılmasını, iddiaçının ayrılmış torpaq sahəsində ev inşa etməsini və s. bu kimi halları, o cümlədən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmağın və texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planının və ölçüsünün) tərtib edilməsinin, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işlərinin aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqların aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək vəzifələrinin cavabdehin üzərinə qanunvericiliklə qoyulmasını nəzərə almaqdan imtina etmiş, cavabdeh onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur. 25.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.

26. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. 27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 28.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 10-cu döngədə yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 95 saylı evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 29.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 30.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Abşeron rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 10-cu döngədə yerləşən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan 95 saylı evin yerləşdiyi 0,20 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar