Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1734/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: ünvan 2i), cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 (Ünvanı:Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi ev 250/2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Hüquqi təminat şöbəsinin zabiti, ədliyyə baş leytenantı) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 1988-1992-ci illərdə Laçın rayonun Quşçu kənd könüllü özünmüdafıə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının verilməsinin cavabdehin üzərinə bir öhdəlik kimi qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxx 1959-cu ildə Azərbaycan Respublikası Laçın rayon Quşçu kəndində anadan olmuşdur. Orta təhsilini bitirib hərbi xidmətə yollanmışdır. Xidmətdən sonra doğulduğu Laçın rayonuna qayıdıb, rayon Hərbi Komisarlığında ehtiyatda olan hərbi mükəlləfiətli şəxs kimi qetdiyyata alınmışdır. Evlidir, 4 nəfər ailə üzvü vardır. Uzun müddət Laçın rayon X1 sürücü işləmişdir. 1988/89-cu illərin məlum hadisələri zamanı, yaşadığı Laçın rayon Quşçu kəndi Ermənistanla həmsərhəd ərazidə yerləşdiyindən, düşmən tərəfdən tez-tez silahlı basqınlara məruz qalırdı. Həmin vaxtlar Respublikada vahid ordu formlaşmadıgından, iddiaçı da silaha sarılaraq, könüllülər tərəfindən yaradılan dəstələrə daxil olaraq torpaqları müdafiə edir, düşmənin silahlı basqınlarından qoruyurdu. Könüllülər düşmənlə həmsərhəd ərazilərdə mühafizə postları və müdafiə istehkamları qururdu, ərazi İcra Nümayəndəliyində tərtib olunmuş siyahılar üzrə postlarda növbə ilə keşik çəkirdilər, düşmən təxribatlarının qarşısını alırdılar. Hərtərəfli silahlanmış erməni quldur dəstələri böyük qüvvə ilə ərazilərə silahlı basqınlar edirdi. Yaşadığı Quşçu kəndindən əlavə qonşu Sadmlar, Mirik və sair ərazilərdə torpaqlarıın qorunması uğrunda gedən ağır döyüşlərdə iştirak edirdi. 1992-ci ilin may ayında Laçın rayonunun işğalı nəticəsində, öz ata-baba yurdundan məcburi didərgin düşüb Ağcabədi rayonunda məskunlaşdıq, sonra oradan köçüb, haliyyədə yaşadığı Xəzər rayon Buzovna qəsəbəsinə gəlmişlər, ailəlikcə “Qaçkınkom” tərəfindən qeydiyyata götürülmüşlər. Dövlət tərəfindən, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə daim qayğı və diqqət göstərilir, bunun nəticəsidir ki, həmin dövrlərdə iddiaçı ilə bərabər döyüşərdə iştirak etmiş, döyüşçü yoldaşlarının çoxu “Müharibə veteranı” adı almışlar. İddiaçı da bununla bağlı xeyli müddətdir ki, cavabdeh orqana müraciətlər edir. Hər dəfə də həmin İdarəninin əməkdaşları müxtəlif bəhanələrlə onu aldadaraq bildirirlər ki, könüllü özünmüdafıə dəstələrinin tərkibində, erməni quldur dəstələrinə qarşı aparılan döyüşlərdə iştirakına dair, Rayon İcra Hakimiyyətindən döyüş əməliyyatları aparılan illərə aid arxiv sənədləri (əmrdən çıxarış və digər sənədlər) və ya müvafiq məhkəmə qərarı olmadığı üçün, ona “Müharibə veteranı” adı verilməsi mümkün deyildir. Cavabdeh tərəfin ona göndərmiş olduğu xx.xx.2019-cu il tarixli H/1456 saylı imtina məktubunda bir daha göstərilmişdir. Göründüyü kimi cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı iddia tələbinin əsası kimi Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 avqust 2017-ci il tarixli müvafiq arayışa istinad edir. Həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər-hansı digər sənəd mövcud deyildir. Həmin arayış isə İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş adlı siyahıya əsasən, 2017-ci ildə arxiv sənədləri mövcud olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. İddiaçının 01 fevral 1988-1992-ci illərdə döyüşlərdə iştirak etməsini, məlum hadisələrdən 25 il sonra, yəni 2017-cı ildə tərtib edilmiş siyahı ilə müəyyən edilməsi məhkəmə tərəfindən əsas və sübut kimi götürə bilməz. Həmin siyahı, iddiaçının həqiqətən də, qeyd etdiyi dövrdə döyüşlərdə iştirak etməsini təsdiq edən mötəbər sübut kimi hesab edilə bilməz. Hesab edirlər ki, İddiaçı Laçın rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxx 1959-cu ildə ünvan 2ində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, HЗ seriyalı, ******* nöməli hərbi biletin surətindən görünür ki, iddiaçı 04 iyun 1978-ci ildə hərbi and içmiş və həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən verilmiş 22 avqust 2017-ci il tarixli, 9/620 nömrəli arayışdan görünür ki, iddiaçı, həqiqətən 1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Quşçu kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış vətəndaşların 26 may 2017-ci il tarixli adlı siyahısı (sıra nömrəsi 2 ). İş materiallarından görünür ki, Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən məhkəməyə ünvanlanmış 17 iyul 2019-cu il tarixli, 5/191 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının Laçın rayonu ərazisində könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 03 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarına əsasən təsdiq edilmiş adlı siyahının təsdiq olunmuş nüsxəsindən çıxarış Sizə göndərilir. Nəzərə almağınız xahiş olunur. İş materiallarından görünür ki, 17 iyul 2019-cu il tarixli, 5/191 nömrəli məktuba əlavə edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1992-ci il mayın 18-dək erməni millətçi dəstələrinə qarşı Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Laçın rayonunun Quşçu kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş, müharibə veteranı adı və vəsiqəsi almamış şəxslərin 26 may 2017-ci il tarixdə təsdiq edilmiş adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış 13 aprel 2020-ci il tarixli, 313 nömrəli məktubda qeyd edilmişdir ki, məlum hadisələrlə əlaqədar arxiv sənədlər işğal zonasında qaldığı üçün vətəndaş İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrakı barədə SHXÇDX -nin Laçın rayon bölməsində məlumat yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin tərəfindən məhkəməyə ünvanlanmış 18 may 2020-ci il tarixli, N-07 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1959-cu il tarixdə Laçın rayonu Quşçu kəndində doğulmuş İddiaçı Laçın rayonu Quşçu kəndində gedən döyuş əməliyatlarında iştirak edib - etməməsi barədə Laçın rayon Dövlət Arxivində heç bir məlumat aşkar olunmadı . İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış H/1456 nömrəli məktubda qeyd edilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələr: vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili işlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyinizi sübut edən arxiv materiallar olduğu təqdirdə, Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar (…). «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — (...), habelə Laçın, (...) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, (...) — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (...) habelə Laçın, (...) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İş materiallarından görünür ki, iddiaçı iddia tələbini Laçın Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 avqust 2017-ci il tarixli müvafiq arayışı ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin arayışdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən hər-hansı digər sənəd mövcud deyildir. Həmin arayış isə İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş adlı siyahıya əsasən, 2017-ci ildə arxiv sənədləri mövcud olmadan və arxiv sənədlərinə istinad edilmədən tərtib edilmişdir. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçının bilavasitə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1734/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1734/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver