Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1734/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının 26.02.2021-ci ildən hesablanmaqla təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizə ilə Filiala müraciət etmişdir. Əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtlər, yaş və 25 illik staj şərtləri olmasına baxmayaraq ona pensiya təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 02 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, təqdim etdiyi 28.03.1978-ci il tarixdə tərtib edilmiş ИТ-İ №0329746 saylı əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək sığorta stajı 21 il 11 ay olmaqla tələb olunandan (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 20.05.2021-ci il tarixli məktubuna əsasən 06.09.1976-cı il tarixindən 02.09.2003-cü il tarixinədək işlədiyi “Bakı Trikotaj İstehsalat Birliyi”nin əmək haqqı cədvəllərində 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixindək əmək haqqı ödənilmədiyindən sözü gedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edir ki, Filialın imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Onun əmək kitabçasında 25 il stajı vardır. Lakın 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixinədək işlədiyi dövrü ona staj kimi saymayıblar. Filialın imtina məktubunda səbəb kimi “Bakı Trikotaj İstehsalat Birliyi”nin əmək haqqı cədvəllərində həmin dövrlərin 01.01.1999-cu il tarixdən 01.01.2003cü il tarixindək əmək haqqı ödənilmədiyi göstərilmişdir. Bildirmək istəyir ki, həmin dövrlərdə o faktiki olaraq işləmişdir və bunu həmin dövrdə onunla işləyən iş yoldaşlarıda təsdiq edə bilərlər. İşlədiyi həmin təşkilat ciddi bir təşkilat idi və əmək haqlarını vaxtında ödəmişdir. Bununla bağlı məlumatların Filial tərəfındən əldə edilə bilməməsi onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Onun əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübüt edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlə də təsdiq edilmişdir. Filial tərəfındən 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixədək dövrü nəzərə alınmamasına görə o pensiya hüququndan mərhum ola bilməz. Bütün bunlar nəzərə alınaraq ona əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Filiala müraciət etmişdir. Filial tərəfindən təqdim olunmuş məktubda “Bakı Trikotaj İstehsalat Birliyi”nin əmək haqqı cədvəllərində 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixədək əmək haqqı ödənilmədiyindən sözü gedən dövrü sığorta stajına əlavə edilməsi mümkün hesab edilmədiyi səbəbindən həmin dövrlərin staja daxil edilməsi imkan xaricində olduğundan müraciətin müsbət həllinin mümkün olmayacağı göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. X12 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. Milli Arxiv İdarəsinə ünvanladıqları məktuba əsasən gələn 20 may 2021-ci il tarixli, BA-02090-2021 nömrəli cavab məktubunda “Bakı Trikotaj İstehsalat Birliyi”nin natamam arxiv sənədlərin arxiv şəxsi vərəqələrində vətəndaş İddiaçı 1994, 1995, 1996, 1997, 1998 və 2003-cü ilin sentybar ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcudur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********2 nömrəli sorğusuna ünvanlanan 01 oktyabr 2021-ci il tarixli **********347600 nömrəli məktubda bildirilmişdir ki, “Bakı Trikotaj İstehsalat Birliyi” adlı hər hansı vergi ödəyicisinin olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 15 sentyabr 2021-ci il tarixli sorğularına ünvanlanan 24 sentyabr 2021-ci il tarixli 01/3-2261 nömrəli məktubda bildirilmişdir ki, 1996-cı il tarixində yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın, yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sıqortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdivini təsdiq edən sənədləri sığortaçıya və va sıqortaedənə təqdim etməkdir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, əmək kitabçasına baxış keçirilərkən iddiaçının Qazaxıstan Respublikasında işlədiyi dövrdə işdən çıxarılması ilə bağlı əmək kitabçasında tarix (gün, ay, il) və əmr göstərilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndində əmək kitabçasına işəgötürən tərəfindən edilən qeydlər sırasında göstərilir: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Ağdaş rayonunda doğulmuşdur. - Ağdaş rayonu, Eymur kənd soveti tərəfindən verilmiş 07.09.1985-ci il tarixli, İİİ-ЖГ 452126 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında 24.08.1985-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra ərin familiyası Quliyev, arvadın familiyası Quliyeva qeyd edilmişdir. - İddiaçıya məxsus 28.03.1978-ci il tarixli, ИТ-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı 06.09.1976-cı ildən 02.09.2003-cü il tarixədək N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 19.08.2021-ci il tarixli, BA-03783-2021 №-li məktubdan görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərində vət. Quliyeva (Vəliyeva) Rəziyyə Qiyas qızının 1976-2003-cü illərdə Trikotaj ATSC-də işləməsi barədə tərtib edilmiş şəxsi vərəqəsinin təsdiq edilmiş kserosurəti təqdim edilmişdir. - Həmin məktuba əlavə edilmiş Quliyeva (Vəliyeva) Rəziyyə Qiyas qızının şəxsi vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinə 06.09.1976-cı ildə işə qəbul edilmiş, 02.09.2003-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 15.02.2022-ci il tarixli, DA-00263-2022 №-li məktubdan görünür ki, "xxxx" ATSC-nin 1994-2003-cü illərə dair sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********02 №-li, 22.11.2021-ci il tarixli və **********22 №-li, 17.02.2022-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq ləğv edilmiş “Xalq üçün mallar” Dövlət Konserinin N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 27.10.1997-ci il tarixli, 909 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 26.08.2003-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin 01.07.1997-ci il tarixinə səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında X3 qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən cavabdehə ünvanlanmış 20.05.2021-ci il tarixli, BA-02090-2021 №-li məktubun surətindən görünür ki, Dövlət Arxivinin Bakı Filialında saxlanılan Trikotaj ATSC-nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. Quliyeva (Vəliyeva) Rəziyyə Qiyas qızının 06.09.1976-cı il tarixli, 132 saylı əmrlə 06.09.1976-cı il tarixdən 6 saylı sexə qəlibləyici şagirdi vəzifəsinə işə qəbul olunması, 02.09.2003-cü il tarixli, 59 saylı əmrlə 02.09.2003-cü il tarixdən öz xahişi ilə işdən azad olunması, 1994, 1995, 1996, 1997, 1998-ci illər və 2003-cü ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Dövlət Arxivinin Bakı Filialında saxlanılan Trikotaj ATSCnin natamam arxiv sənədlərinin 1999, 2000, 2001, 2002-ci illərə dair əmək haqqı cədvəllərində vət. Quliyeva (Vəliyeva) Rəziyyə Qiyas qızına əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin əmr kitabları Dövlət Arxivinin Bakı Fililalına təhvil verilməmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 02.06.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə daxil olmuş 19.03.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 28.03.1978-ci il tarixində tərtib edilmiş ИТ-İ №0329746 saylı əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 20.05.2021-ci il tarixli məktubuna əsasən 06.09.1976-cı il tarixindən 02.09.2003-cü il tarixinədək işlədiyi “Bakı Trikotaj İstehsalat Birliyi”nin əmək haqqı cədvəllərində 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixindək əmək haqqı ödənilmədiyindən sözü gedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 62 il yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasının surətinə əsasən sığorta stajının 01.01.2006-cı il tarixinədək 21 il 11 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 20.05.2021-ci il tarixli məktubuna əsasən 06.09.1976-cı il tarixindən 02.09.2003-cü il tarixinədək işlədiyi “Bakı Trikotaj İstehsalat Birliyi”nin əmək haqqı cədvəllərində 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixindək əmək haqqı ödənilmədiyindən sözü gedən dövrün sığorta stajına əlavə edilməsinin mümkün hesab edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 21 il 11 ay təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqan iddiaçının 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixindək olan müddəti iddiaçıya əmək haqqının ödənilməməsinə istinad edərək qəbul etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin tələblərinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisənin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının əmək kitabçasında qeyd edilən 01.01.1999-cu il tarixdən 01.01.2003-cü il tarixindək olan müddətin iddiaçının əmək haqqı ödənilməməsi səbəbindən iş stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 06.09.1976-ci il tarixdən 02.09.2003-cü il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən tərəfindən əmək haqqı cədvəllərinin saxlanılması üçün arxivə natamam verilməsinə görə həmin sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə hazırda qüvvədə olan əmək qanunvericiliyində vətəndaşa pensiya təyin edilməsi üçün onun əmək haqqı cədvəllərinin əsas götürülməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 06.09.1976-ci il tarixindən 02.09.2003-cü il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 26 il 11 ay 27 gün ümumi iş stajı mövcuddur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı 01.01.2006cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 62 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 62 yaşının tamam olduğu vaxtdan, yəni 26.02.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu vaxtdan, yəni 26.02.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1734/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1734/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver