Məhkəmə qərarları › İş №2-1(112)-1735/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1735/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1735/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 34 nömrəli Sərəncamının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi 9 saylı ev və evin yerləşdiyi 0,03956 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bir müddət bundan əvvəl qonşu şəxslərdən eşitmişdir ki, bir necə şəxs (yanlarında özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs də olmaqla) ona məxsus mülk də daxil olmaqla əraziyə baxış keçirir və burada hündürmərtəbəli tikinti layihəsi icra edəcəklərini bildirirlər. Əraziyə gələn şəxslərlə maraqlandıqdan sonra məlum oldu ki, "xxxx" MMC adlı müəssisə var və onun ərazisi də daxil olmaqla həmin ərazidə hündürmərtəbəli yaşayış binası tikmək istəyirlər. Bundan sonra qohumları vasitəsi ilə xəbər tutmuşdur ki, ona məxsus evin həyətinə zibil boşaldılmışdır. Məqsədləri həmin ərazini sahibsiz və istifadəsiz kimi göstərmək idi. Bundan az bir müddət sonra isə "xxxx" MMC göstərişi ilə hasara alınan zaman o, Bakıda olmadığından qohumları ora gəlmişlər. Qohumların onların qanunsuz hərəkətlərinə icazə vermədiyini gördüklərindən qohumlarını polis vasitəsi ilə ərazidən uzaqlaşdırmışlar. Qohumları qayıdanda görmüşlər ki, ona məxsus Bakı şəhəri, Nərimanov Rayonu, Məsud Əlizadə küçəsi 9 saylı evin darvazasının qıfılı sındırlmış, özbaşına olaraq həmin sahədə onun “Ford” markalı yük avtomobilini evakuator vasitəsilə çıxarmışlar (çünki oranı bütövlükdə hasaramaq və daha sonra uçurtmaq istədiklərindən avtomobilin oradan çıxarılması lazım idi). Daha sonra ona məxsus ərazidə hasarlama işlərini aparmağa başlamış və əmlakı bütünlüklə hasara alınmışdır. Hazırda o xüsusi mülkiyyət hüququ ilə ona məxsus əmlakına daxil ola bilmir. Bununla yanaşı evinin hasarı qismən uçurulmuş, darvaza yerindən çıxarılıb aparılmış, bir sıra komunal xəttlər kəsilmişdir. Hətta ən son evinin dam hissəsində söküntü işləri aparılmışdır.Bundan başqa (xüsusi mülkiyyət hüquq ilə ona məxsus olan torpaq sahsində bitişik olan evin sahibi qonşusu (hansı ki, onun da evinin sökülməsi istənilir) X1 ilə müraciətləri nəticəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən göndərilən məktubu vasitəsi ilə bir sıra hallar da məlum olmuşdur. İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 614 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yeni yaşayış binasının tikintisi üçün “Azinteroil ” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ayrılmış 0,8634 ha torpaq sahəsinin 0,40 ha hissəsi eyni məqsədlər üçün “Gold Residence ” Məhdud Məhsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 155 nömrəli sərəncamı ilə torpaq sahəsinin bir hissəsi “Gold Residence ” Məhdud Məhsuliyyətli Cəmiyyətinin adına keçmişdir.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 34 nömrəli Sərəncamı ilə Cəmiyyətin icarəsində olan həmin torpaq sahəsi kimi bir ədəd onbeşmərtəbəli yaşayış binası və bir ədəd birmərtəbəli qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Dövlət Şəhərsalma Arxitektura və Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubundan məlum olur ki, Bakı şəhəri, Nərimanov Rayonu, Məsud Əlizadə küçəsi 9 saylı fərdi yaşayış evinin yerləşdiyi, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,03956 ha torpaq sahəsi "xxxx" MMC-yə daha sonra isə xx.xx.2020-ci il tarixli 155 nömrəli sərəncamı ilə 0,8634 ha torpaq sahəsinin bir hissəsi kimi 0,40 ha torpaq sahəsinin daxilində "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin adma keçirilmişdir. Bu məqamda qeyd edim ki, Bakı Şəhr İcra Hakimiyyətinin yuxarıda qeyd edilən Sərəncamları əsassız və qanunsuzdur və tərəflərindən ayrıca mübahisələndirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1735/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv olunması tələbi barədə 2-1(112)-1735/2022 saylı inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraaatında olan 2-1(112)-2764/2022 (əvvəlki 2-1(112)-10868/2021) №li iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-1735/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnərək, məhkəmə iclası 15 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, şifahi məhkəmə baxış iclaslarına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İnzibati Prosessual Məcəllədə iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 49, 55 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv olunması tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət məhkəmə qərardadı tərəflərə rəsmi qaydada təqdim edildikdən 10 gün sonra verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar