Məhkəmə qərarları › İş №2-1(112)-1736/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1736/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1736/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, 3-cü şəxsin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Ak.M.Qasımov küçəsi ev 3, mənzil 27; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: "xxxx" Açıq Səhmdar Cəmiyyətində hüquq departamentinin direktoru) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına 3-cü şəxs - "xxxx" ASC qarşı “kompensasiya və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (3-cü şəxs "xxxx" ASC) iddiaçı ilə "xxxx" ASC-nin Kürdəmir filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli KRNPU-1076 nömrəli baş kredit müqaviləsi ilə müəyyən edərək 13 ay müddətində manatın ABŞ dolları qarşısında qiymətdən düşməsi ilə əlaqədar artıq ödədiyi məbləğin Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına uyğun hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Mərkəzi Bankın üzərinə qoyulması barədə, həmçinin ödənilən 30 manat dövlət rüsumunun və məhkəmə sənədlərinin hazırlanmasına xərc etdiyi 60 manat, cəmi 90 manat məbləğin Mərkəzi Bankdan tutularaq ona ödənilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı (münasibəti) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı KRNPU-1076 nömrəli, xx.xx.2014-cü il tarixli İstehlak-Kredit müqaqviləsi üzrə dekabr 2014-cü ildə "xxxx"ın Kürdəmir filialından 1300 (bir min üç yüz) X2 dolları məbləğində kredit götürmüşdür. Götürdüyü kredit ilkin müqavilə üzrə xx.xx.2015-ci ilə kimi və ikinci DEV müqavilə üzrə dollarla ödəmək şərti ilə aprel 2016-cı ildə başa çatdırmışdır. Ödəmə müddətində 13 ay manatın dollar qarşısında qiymətdən düşməsi ilə həyata keçirilmişdir. Prezidentin sərəncamı ilə dolların qalxması nəticəsində 13 aylıq artıq ödədiyi məbləğ ona qaytarılmalı idi. Lakin keçən müddətdə "xxxx"ın Kürdəmir filialına və onun Mərkəzi Ofisinə müraciətlər etməsinə baxmayaraq artıq ödədiyi pulun hesablanıb ona verilməsi təmin edilməmişdir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətləri də nəticəsiz qalmışdır. Cavabdeh orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı məlumatlar düzgün ötürülsə də, "xxxx" ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi barədə məlumatlar qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və zaminlik müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" ASC İddiaçı adına 13 ay müddətinə 1040 (bir min qırx) ABŞ dolları məbləğində kredit verir. Beləliklə, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarından görünür ki, "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 41-5228/2021 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC-nin müştərisi İddiaçı ilə xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə əsas borc məbləği 1.215,46 (bir min iki yüz on beş manat, 46 qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 16-03532-2021 nömrəli məktubla bildirmişdir ki, məhkəmə sorğusu vasitəsilə təqdim edilmiş sənədlərə əsasən Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla qeyd edilən müqavilələr üzrə müvafiq olaraq 275,67 manat və 200,43 manat olmaqla cəmi 476,10 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı adına 13 ay müddətinə 1040 (bir min qırx) ABŞ dolları məbləğində kredit verməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının götürdüyü kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia tələbi iddiaçıya qeyd edilən müqavilə üzrə 275,67 manat məbləğində kompensasiyanın hesablanması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “ödənilən 30 manat dövlət rüsumunun və məhkəmə sənədlərinin hazırlanmasına xərc etdiyi 60 manat, cəmi 90 manat məbləğin Mərkəzi Bankdan tutularaq ona ödənilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəmə sənədlərinin hazırlanmasına 60 manat məbləğində pul məbləğinin xərclənməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “ödənilən 30 manat dövlət rüsumunun və məhkəmə sənədlərinin hazırlanmasına xərc etdiyi 60 manat, cəmi 90 manat məbləğin Mərkəzi Bankdan tutularaq ona ödənilməsi öhdəliyinin Mərkəzi Bankın üzərinə qoyulması” hissədə əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 275,67 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 275,67 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar