Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1737/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin və həmin məbləğin gecikdirilməsinə görə faiz məbləğinin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1140/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiası qismən təmin edilərək, cavabdehin 28 iyun 2016-cı il tarixli **********023941 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ƏDV, mədən, sadələşdirilmiş verginin hesablanması və həmin vergi məbləğlərinə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərarda göstərilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 iyun 2016-cı il tarixli **********023941 nömrəli qərara əsasən İddiaçınə 39.527,32 manat azaldılmış vergi məbləği hesablanmış və həmin məbləğə 50%, yəni 19.763,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesablanmış 39.527,32 manat vergi məbləğinin tərkibi ƏDV 28.176,58 manat (2015-ci il üzrə), mənfəət vergisi 300.04 manat (2014-cü il üzrə), mədən vergisi 9.800,98 manat (2014-cü il üzrə 1.474,96 manat, 2015-ci ıl üzrə 8.326,02 manat), sadələşdirilmiş vergi 1.249,72 manat (2014-cü il üzrə 1.043,71 manat, 2015-ci il üzrə 206,01 manat) ibarətdir. Məhkəmə hesab etmişdir ki, vergi orqanının 28 iyun 2016-cı il tarixli qərarı “2014-cü il üzrə mənfəət vergisi” hissəsi istisna olmaqla, ƏDV, mədən vergisi və sadələşdirilmiş vergilərin hesablanması və həmin vergilərə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd sayılmalıdır. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 14 may 2019-cu il tarixli 2-1(103)-928/2019 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2-1(102)- 2925/2015 nömrəli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının qeyd olunan qərarına əsasən 28 iyul 2016-cı il tarixdə müəssisə tərəfindən dövlət büdcəsinə 20.000 manat ödəniş edilmişdir. Bununla da, hal hazırda müəssisənin şəxsi hesab vərəqəsinə əsasən artıq ödəmə mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən artıq ödəmənin qaytarılmasına dair 17 yanvar 2020-cı il, 18 fevral 2020-cı il, 16 mart 2020-ci il, 28 aprel 2020-ci il, 11 iyun 2020-cı il, 24 iyul 2020-ci ıl tarixli ərizələr ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Bakı şəhəri X6 üzrə Baş İdarəsinə müraciət edilmişdir. Artıq ödəmənin qaytarılmasına dair ərizələrdə zəruri rekvizitlər dəfələrlə qeyd edilsə də, vergi orqanı tərəfindən müxtəlif bəhanələrlə müraciətə baxılmasından imtina olunmuşdur. Vergi orqanının qanunsuz hərəkətlərindən 16 mart 2020-ci il, 24 iyul 2020-ci il tarixlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət olunsa da, şikayətlər əsasında heç bir tədbir görülməmişdir. Dövlət Vergi Xidmətinin 11 avqust 2020-ci ildə daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, ərizədə göstərilən 15.692,70 manat artıq ödəmə məbləği vergilər üzrə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə məbləğindən çox olduğu üçün müraciətlərin icrası mümkün olmamışdır. Həmin tarixdə daxil olmuş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin cavab məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəssisə tərəfindən 2018-ci il və 2019-cu il üçün illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2019-cu ilin 2-ci və 4-cü rübləri üçün rüblük muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2019-cu il üçün əmlak vergisi və 2020-ci il üçün torpaq vergi bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Aşağıdakılara əsasən, hesab edirik ki vergi orqanının hərəkətləri qanunsuz və əsassızdır: Bakı şəhəti X6 üzrə Baş İdarəsinə ünvanlanmış 11 iyun 2020-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, müəssisənin şəxsi hesab vərəqəsinə əsasən 5 iyun 2020-ci ıl tarixədək hesablama 11.252,47 manat, ödəniş 2.804,38 manat, əsassız hesablanmış vergi məbləğinin azalması isə 61.992,22 manat təşkil edir. Belə ki, müəssisə tərəfindən artıq ödənilmiş vergi məbləği 13.789,59 manat təşkil edir. Artıq ödəmənin qaytarılması üçün 18 yanvar 2020-ci il tarixdə İdarəyə müraciət edilsə də, bu günədək həmin məbləğin qaytarılması gecikdirildiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən 1.903,02 manat faiz borcu ödənilməlidir. Belə ki, vergi orqanı tərəfindən müəssisəyə 13.789.59 manat artıq ödənilmiş vergi və 1.903.2 manat faiz məbləği olmaqla, cəmi 15.692.70 manat ödəniş edilməlidir. Vergi orqanı heç bır qanuni əsas olmadan müəssisə tərəfindən 2018-ci il və 2019-cu il üçün illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2019-cu ilin 2-ci və 4-cü rübləri üçün rüblük ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmadığını iddia etməklə müraciətin icra edilməsindən imtina etmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunan hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılmasına dair ərizələrdən aydın olur kı, İddiaçı fəaliyyəti və digər vergi tutulan əməliyyatların həyata keçirilməsi 23 oktyabr 2015-ci il tarixdən 23 oktyabr 2018-ci il tarixədək, 29 may 2017-ci il tarixdən 29 may 2018-ci il tarixədək, 21 sentyabr 2018-ci il tarixdən 21 sentyabr 2019-cu il tarixədək, 14 oktyabr 2019-cu il tarixdədən 4 oktyabr 2023-cü il tarixədək müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan'Respublikasımn Vergi Məcəlləsinin 16.3.-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qanunun tələbinə müvafiq olaraq müəssisə tərəfindən müəssisənin fəaliyyətinin dayandırılması haqqında vergi orqanına məlumat verilmişdir. "Şüvəlan LTD” müəssisəsinin fəaliyyət göstərdiyi dövrlər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim olunmuş və bəyannamənin qəbul edilməsinə dair vergi orqanı tərəfindən bildiriş göndərilmişdir. Müəssisə tərəfindən 2019-cu il üçün əmlak vergisi bəyannaməsi 2 yanvar 2020-ci ildə təqdim olunmuş və bəyannamənin qəbul edilməsinə dair vergi orqanı tərəfindən bildiriş göndərilmişdir. Habelə, 2020-ci il üçün torpaq vergi bəyannaməsi təqdim edilmiş və bəyannamənin qəbul edilməsinə dair vergi orqanı tərəfindən bildiriş göndərilmişdir. Belə olan halda, vergi orqanının tələbləri bizim üçün anlaşılan deyil və tamamilə qanunsuzdur. Vergi orqanının qanunsuz və əsassız hərəkətləri, dəfələrlə müraciət etməyimizə baxmayaraq, iazımı tədbirlərin görülməsindən imtina olunması, əsassız vaxt itkisinə və süründürməçiliyə yol verilməsi qanuni hüquqlarımızın və maraqlarımızın kobud surətdə pozulmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinın hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdırilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 31.0.3-cü maddəsinə əsasən vergi ödəyi çilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq vergi orqanının vəzifəli şəxslərinin vəzifəsidir. Yuxarıdakılara əsasən və İPM-in 45 – 46-cı maddələrinə müvafiq olaraq, məhkəmədən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı tərəfindən 13.789.59 manat artıq ödənilmiş vergi və gecikdirilmiş hər gün üçün 1.903.2 manat faiz məbləği olmaqla, cəmi 15.692.70 manat pul vəsaitinin müəssisəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Bakı şəhəri X6 üzrə Baş İdarəsi İddiaçı iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı etiraz edir. Belə ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddədə “müvafiq icra hakimiyyəti orqanı” qismində Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 3.1-ci bəndinə görə vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Beləliklə, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Məhkəmənin nəzərinə çatdırılir ki, iddiaçı tərəfindən öz ərizəsində qeyd edildiyi kimi, vergi orqanına dəfələrlə eyni məzmunlu müraciətlər daxil olmuş və hər biri qanunamüvafıq olaraq cavablandırılmışdır. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2018-ci və 2019-cu illər üçün illik muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin, 2019-cu ilin 2-ci və 4-cü rübləri üçün rüblük muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin və 2018-ci ili üçün əmlak vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 21 yanvar 2020-ci il tarixli **********197500 nömrəli, 28 yanvar 2020-ci il tarixli **********101900 nömrəli, 21 febral 2020-ci il tarixli **********927300 nömrəli, 17 mart 2020-ci il tarixli **********974500 nömrəli, 29 iyul 2020-ci il tarixli **********037400 nömrəli məktublarla artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması ilə bağlı müvafiq ərizə forması ilə müraciət edilməməsi, 5 may 2020-ci il tarixli **********119600 nömrəli, 19 mart 2020-ci il tarixli **********076300 nömrəli, 16 iyun 2020-ci il tarixli **********325700 nömrəli, 18 iyun 2020-ci il tarixli **********112600 nömrəli, 18 iyun 2020-ci il tarixli **********112600 nömrəli, 10 avqust 2020-ci il tarixli **********037401 nömrəli artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması ilə bağlı müvafiq ərizə forması ilə edilmiş müraciətlərdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd olunan artıq ödəmə məbləğləri vergi ödəyicisinin vergilər üzrə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə məbləğindən çox olması səbəbində müraciətlərin icrası mümkün olmamışdır. Mübahisəli məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən indiyədək ona verilmiş cavablara uyğun formada tərtib edilmiş müraciətin vergi orqanına göndərilməsi təmin edilməmişdir. Bu gün vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə nəzər saldıqda onun tərəfindən qeyd edilən 15.692,70 manat artıq ödəmə məbləğinə rast gəlinmədiyini açıq- aşkar görmək mümkündür. Lakin iddiaçı Qaydaların tələblərinə uyğun olaraq 3 nömrəli əlavəni düzgün doldurmaq əvəzinə, inzibati orqanı süründürməçilikdə günahlandırır və təkidlə öz hesabladığı məbləğin ona qaytarılmasını tələb etməkdədir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsaslanaraq, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia «artıq ödənilmiş vergi məbləğinin qaytarılmasının gecikdirilməsinə görə faiz məbləğinin qaytarılması» hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi və vəkili X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.9-cu bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 nüsxədə rəy tərtib edirlər. Həmin Qaydaların 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən AR Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazı və iddiaçının şəxsi hesab vərəqəsinin surətindən məlum olur ki, vergi ödəyicisi olan hazırkı İddiaçı 13.789,59 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuşdur. İddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçı tərəfindən bu barədə ərizənin tələb olunan qaydada doldurilmaması və müvafiq dövrlərdə bəyannamələrin təqdim edilməməsini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə qiymət verərək cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Bu qənaət ondan irəli gəlir ki, iş materiallarından görünür ki, cavbdehin öz mövqeyində bildirdiyi dövlərdə iddiaçının fəaliyyəti olmamış və bu barədə iddiaçı vergi orqanına müraciətlər ünvanlamışdır. Bundan başqa, iddiaçının vergi ödəyicisi kimi artqı ödəmələrin qaytarılması barədə ərizələri “düzgün” doldurmaması həmin məbləğlərn qaytarılmamasına əsas vermir. Bu hal formal xarakterli əsas kimi çıxış edir və tutarlı dəlil sayıla bilməz. Ərizələrin belə doldurilması ardıcıllıqla davam etdiyi halda, müvafiq müddət keçməklə pul vəsaitinin qaytarılması gələcəkdə məhdudlaşa bilər, bu isə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17 və 24.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir və hesab edir ki, cavabdehin bu hərəkətləri qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməli və İddiaçınə 13.789.59 manat artıq ödənilmiş vergi məbləğinin qaytarıması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı «artıq ödənilmiş vergi məbləğinin qaytarılması» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilsin. İddiaçınə 13.789.59 manat artıq ödənilmiş vergi məbləğinin qaytarıması öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1737/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1737/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver