Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17387/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əsassız hesablanmış borc” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-yə hesablanmış 15474,10 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC fəaliyyətdə olan və vergi qanunvericiliyinə uyğun olaraq bütün öhdəliklərini vaxtında yerinə yetirən bir müəssisədir. Lakin, hal-hazırda cavabdeh tərəfindən Vergi Məcəlləsinin 59.1-ci maddəsinin tələblərinə əsaslanaraq iddiaçıya qarşı DSMF ödənişlərinin həyata keçirilməməsi səbəbindən hər bir gecikmiş gün üçün 0,1% faizlə 15.474,10 manat məbləğində borc hesablanmışdır. Bu hesablama aparılarkən, cavabdeh tərəf, iddiaçının ödəmələrinin onun təqsirindən olmadığını nəzərə almamışdır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, cavabdeh, Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin, həmçinin icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında, 17 iyul 2023-cü il tarixli **********174260 nömrəli qərarına əsasən, İddiaçı QSC-yə 2019- 2022-ci illər üzrə toplam 649.067,09 manat mənfəət vergisi, 136.858,96 manat əlavə dəyər vergisi və 12,97 manat əmlak vergisi olmaqla ümumilikdə 785.939,02 manat vergi borcu hesablanmış və bu məbləğlərə 393.009,54 manat maliyyə sanksiyası əlavə edilmişdir. Həmin qərar müvafiq olaraq inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilmiş və məhkəmə nəticəsində iddiaçının xeyrinə qərar qəbul edilmişdir. Lakin bu mübahisə, bir ildən artıq bir müddət ərzində davam etmişdir. Bu dövr ərzində, əsassız olaraq hesablanmış vergi borcu ilə əlaqədar vergi orqanı tərəfindən banklara göndərilən sərəncamlara əsasən iddiaçının bank hesablarında vəsaitlər dondurulmuşdur. Həmin dövr ərzində, qanunvericiliyin tələblərinə uyğun olaraq, banklara ünvanlanan müraciətlərə baxılmamış və yalnız işçilərin aylıq əmək haqlarının ödənilməsi üçün bank hesablarından ödənişlərin edilməsi təmin edilmişdir. Ancaq, bu əmək haqlarından DSMF ödənişlərinin həyata keçirilməsi mümkün olmamışdır, çünki bank hesablarına qoyulmuş sərəncamlar səbəbindən ödənişlər həyata keçirilə bilməmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən hesablanmış əsassız vergi borcu ilə yanaşı, həmin borcun əsasında verilmiş dondurma sərəncamları da, işçilərin əmək haqlarından DSMF ödənişlərinin aparılmasına şərait yaratmamışdır. Bu vəziyyət tamamilə iddiaçının təqsirindən irəli gəlməyən və onun məsuliyyət sahəsinə daxil olmayan bir haldır. Əksinə, bu şərait tamamilə vergi orqanının səhvləri və qanunvericiliyin düzgün tətbiq olunmaması nəticəsində yaranmışdır İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-B-68xxxx/2025 №-li, iddia tələbinə dair yazılı mülahizələri (etirazları) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********979200 №-li iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı "xxxx" QSC-nin (VÖEN: **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı DSMF borcu üzrə 15,4741 manat faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş vardır. Hesab edirlər ki, iddia tələbi mümkünsüz hesab edilməlidir: İşin faktiki halları: Uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “yaşayış və qeyri-yaşayış binalarının tikintisi” olduğu müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin, həmçinin icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” 17 iyul 2023-cü il tarixli **********174260 nömrəli qərarına əsasən İddiaçı QSC-yə 2019 - 2022-ci illər üzrə 649067,09 manat mənfəət vergisi, 136858,96 manat əlavə dəyər vergisi və 12,97 manat əmlak vergisi olmaqla, ümumilikdə 785939,02 manat vergi borcu hesablanmış və bu məbləğlərə 393009,54 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərar müvafiq olaraq inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilmiş və məhkəmə nəticəsində iddiaçının xeyrinə qərar qəbul edilmişdir. İddiaçı QSC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 2597,16 manat, faizlər üzrə 13419,74 manat, işsizlikdən sığorta haqları üzrə 103,86 manat, faizlər üzrə 416,14 manat və icbari tibbi sığorta haqları üzrə 415,56 manat, faizlər üzrə 1720,04 manat borcu mövcuddur. İddia ərizəsində qeyd edilmişdir ki, hesablanmış vergi borcu ilə əlaqədar vergi orqanı tərəfindən banklara göndərilən sərəncamlara əsasən iddiaçının bank hesablarında vəsaitlər dondurulmuşdur. Həmin dövr ərzində, qanunvericiliyin tələblərinə uyğun olaraq, banklara ünvanlanan müraciətlərə baxılmamış və yalnız işçilərin aylıq əmək haqlarının ödənilməsi üçün bank hesablarından ödənişlərin edilməsi təmin edilmişdir. Ancaq, bu əmək haqlarından DSMF ödənişlərinin həyata keçirilməsi mümkün olmamışdır, çünki bank hesablarına qoyulmuş sərəncamlar səbəbindən ödənişlər həyata keçirilə bilməmişdir. Bu dəlillərə münasibətdə bildirirlər ki, vergi orqanının xx.xx.2023-cü il tarixli **********174260 nömrəli qərarından verilmiş şikayətə məhkəmədə baxılan müddətdə vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş MDSS, işsizlikdən sığorta və İTS haqları üzrə borcların müvafiq fondlara alınması üçün bank hesablarına alınmalı sərəncamlar göndərilmişdir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatlan aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. 65.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 65.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 965.1-ci maddəsinə əsasən hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. 965.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi əsasında verilən ödəniş sərəncamı üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir. 965.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, bir növbəyə aid tələblər üzrə vəsait ödəniş sərəncamlarının daxil olmasının təqvim ardıcıllığı qaydasında hesabdan silinir. Göründüyü kimi vergi orqanının vergi ödəyicisinin bank hesablarına göndərdiyi vəsaitlərin 105 faizi həcmində dondurulması həmin vəsaitlərin tam olaraq istifadəsini istisna etmir. Belə ki, Mülki Məcəllənin 965-ci maddəsinin tələblərinə əsasən vergi orqanı tərəfindən göndərilmiş alınmalı və dondurulmalı sərəncamlar vergi ödəyicisi tərəfindən əmək haqqlarının ödənilməsinə maneçilik törətmir. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən banklara ünvanlanan müraciətlərə baxılmamış və yalnız işçilərin aylıq əmək haqlarının ödənilməsi üçün bank hesablarından ödənişlərin edilməsi təmin edilmişdir. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Əmək haqlarından DSMF ödənişlərinin həyata keçirilməsinin mümkün olmamasında vergi orqanı heç bir məsuliyyət daşımır. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməli, müvafiq tələbə münasibətdə cavabdeh orqan düzgün müəyyən edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı QSC-nin iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən borc DSMF-yə ödənişlərin həyata keçirilməməsi səbəbindən gecikmiş günlər üçün hesablanmış peniya məbləğdən ibarətdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (maddə 1.1.6.). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanına əsasən həmin Qanunun 1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur (2.1-4). “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin struktur bölməsi olan hazırki iş iş üzrə cavabdehin səlahiyyətlərinə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi daxil edilmişdir. Məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən orqan kimi isə Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən irəli sürülmüş iddiaya cavab verməli orqan deyil. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir (İPM 35.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev