Məhkəmə qərarları › İş №2-1(112)-1739/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1739/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1739/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin şikayəti (07 iyul 2020-ci il, qeydiyyat nömrəsi **********) ilə əlaqədar DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyinin əsassız hesab edilməsi; onun 03 iyun 2020-ci il tarixli **********11 nömrəli bildirişinin ləğv edilməsi və İddiaçı ASC-nin texniki pasportunun və İddiaçı ASC üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin tərtib edilməsi və İddiaçı ASC-yə təqdim edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən əmlak kompleksinə İddiaçı ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın, həmin əmlak kompleksinin texniki pasportunun və yerləşdiyi torpaq sahəsinin planının və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) göstərilmiş AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən ümumi sahəsi 13.511,0 (on üç min beş yüz on bir) kv. metrdən ibarət olan əmlak kompleksinə (3.665 kv. metr tikililər və 9.846 kv. metr qurğularla birlikdə tikilinin sahəsi) dair İddiaçı ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın və həmin əmlak kompleksinə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (bundan sonra mətndə- Komitə) 1998-ci il 23 yanvar tarixli 133 nömrəli Sərəncamına (bundan sonra mətndə - Sərəncam) əsasən İddiaçı ASC özəlləşdirilmiş dövlət əmlakının bazasında yaradılmış müəssisədir. Özəlləşdirilməyə baxmayaraq 1998-ci ildən hazırki vaxtadək Cəmiyyətin (özəlləşdirilmiş müəssisənin) texniki pasportu və müəssisə üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tərtib edilməmiş və müəssisəyə təqdim edilməmişdir. Cəmiyyət 26 noyabr 2019-cu il tarixli 3 nömrəli ərizə ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin sənədlərin verilməsini xahiş etmişdir (ərizənin qeydiyyat nömrəsi /bundan sonra mətndə - №/ **********, 27.11.2019). Lakin, həmin ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin 06 yanvar 2020ci il tarixli **********59 nömrəli məktubu ilə bildirilmişdir ki, obyektlərdə çöl-ölçmə işlərinə başlanılmış və eskiz planın tərtib edilməsinə dair müvafiq işlər davam etdirilir, inventarlaşdırma işləri başa çatdırdıqdan sonra texniki pasportların hazırlanması təmin ediləcəkdir. Cəmiyyət həmin məktubu almamışdır, onun barədə məlumat şifahi qaydada cavabdehin əməkdaşları tərəfindən verilmişdir. Cəmiyyət 27 fevral 2020-ci il tarixli 8 nömrəli ərizə ilə cavabdehə müraciət edərək, Cəmiyyətin 26 noyabr 2019-cu il tarixli 3 nömrəli ərizəsinə baxılmanın nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir (№ **********, 28.02.2020). Həmin ərizəyə cavab şəklində cavabdeh tərəfindən 18 mart 2020ci il tarixli **********6 nömrəli məktubla Cəmiyyətə yalnız 06 yanvar 2020-ci il tarixli **********59 nömrəli məktubun təsdiq olunmuş surəti göndərilmiş, Cəmiyyətin ilk ərizəsinə baxılmanın nəticəsi barədə məlumat verilməmişdir. Cəmiyyətin nümayəndələrinin çoxsaylı şifahi müraciətləri də cavabsız qalmışdır. Cəmiyyət 1 may 2020-ci il tarixdə yeni ərizə ilə cavabdehə təkrarən müraciət edərək, yenə də müvafiq sənədlərin toplusunu təqdim etmişdir (№ **********, 01.05.2020). Həmin zaman, yəni yeni ərizə qəbul olunarkən cavabdehin əməkdaşları tərəfindən Cəmiyyətin nümayəndəsindən emissiya pospektinin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətinin təqdim olunması tələb olunmamış, adi kserosurəti götürülmüşdür. Onu da bildirmək lazımdır ki, emissiya prospekti Komitə tərəfindən tərtib olunmuş rəsmi sənəddir və müvafiq olaraq onun ikinci nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ya cavabdehin arxivində saxlanılır. Cavabdehin 03 iyun 2020-ci il tarixli **********11 nömrəli bildirişi ilə Cəmiyyətin (özəlləşdirilmiş müəssisənin) texniki pasportunun və müəssisə üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinə dair Cəmiyyətin 01 may 2020- ci il tarixli ********** nömrəli ərizəsinin icrasından imtina edilmişdir. Həmin bildirişin mətni ilə xüsusilə qeyd edirlər ki, Cəmiyyət həm 26 noyabr 2019-cu il tarixli 3 nömrəli ərizəsində (№ **********, 27.11.2019), həm də 01 may 2019-cu il tarixli ərizəsində (№ **********, 01.05.2020) tikililərin ümumi səhəsi 13 511,0 kv. metr göstərməmişdir, hər ərizəyə digər tələb olunan sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanı (Komitə) verdiyi rəsmi sənədlər (Sərəncam və emissiya pospektinin surəti) əlavə edilmişdir. Emissiya prospekti səlahiyyətli dövlət orqanı tərəfindən verildiyinə görə həmin rəsmi sənəddə tikili və avadanlıqlar barədə ayrı ayrılıqda məlumatın olmaması Cəmiyyətin aidiyyatında olmayan bir məsələdir. Bununla belə, həmin məlumat emissiya prospektində öz əksini tapmışdır. Cəmiyyət 07 iyul 2020-ci il tarixdə cavabdehin 03 iyun 2020-ci il tarixli bildirişindən verilmiş şikayəti cavabdehə təqdim etmişdir (№ **********). Lakin 2 aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh həmin şikayətə cavab verməmişdir. Şikayətdə məsələnin yenidən araşdırılmasını, cəmiyyətin (özəlləşdirilmiş müəssisənin) texniki pasportunun və müəssisə üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi xahiş olunmuşdur. Bundan əlavə, şikayətdə xahiş olunmuşdur ki. Cəmiyyətə məlumat verilsin ki, artıq 1.289,1 kv. metr olan torpaq sahəsi konkret olaraq harada yerləşir (dəqiq topogeodeziya koordinatları qeyd edilsin), tikililərlə bağlı artıq 258 kv. metr təşkil edən sahə konkret olaraq nədən ibarətdir. Belə ki, Cəmiyyət tərəfindən digər torpaq səhəsi zəbt edilməmiş, həmçinin əlavə tikili(lər) inşa edilməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində Cəmiyyətin hüquq və qanunla qorunan mənafeləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 16.09.2020-ci il tarixli sərəncamı ilə cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı ASC tərəfindən təqdim olunan səhmdar cəmiyyəti haqqında məlumata əsasən tikililərin ümumi sahəsi 13.511,0 kv. metr, torpaq sahəsi 26.188 kv. metr göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə planında tikililərin ümumi sahəsi 3.665.0 kv. metr təşkil edir, faktiki isə tikililərin ümumi sahəsi 3.923 kv. metr, torpaq sahəsi isə 27.477,1 kv. metr təşkil edir. Həmçinin İdarəyə emisiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Bundan əlavə emisiya prospektində tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda məlumat yoxdur. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, etirazda qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan; - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23.01.1998-ci il tarixli 133 saylı sərəncamının surətindən görünür ki, Komitə tərəfindən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 02.12.1997-ci il tarixli “Tikinti Kompleksinin İnhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Fərmanın icrasının təmin edilməsi üçün ləğv edilmiş “xxxx” Dövlət Şirkətinin Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyasında yerləşən 6 saylı avtomobil nəqliyyatı müəssisəsinin əsasında İddiaçı ASCnin yaradılması, onun nizamnamə və özəlləşdirmə planının (Emissiya prospekti) təsdiq edilməsi qərara alınmışdır. - Səhmdar Cəmiyyətinin təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı ASC hüquqi şəxs kimi 19.02.1998-ci il tarixdə D- 2520 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, daha sonra 24.01.2020-ci il tarixdə isə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsi tərəfindən qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. Cəmiyyətin hüquqi ünvanı və olduğu yer Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ Stansiyasıdır. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq; - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********11 №li 03.06.2020ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyasında yerləşən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01.05.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmışdır Təqdim edilmiş səhmdar cəmiyyəti haqqında məlumata əsasən tikililərin ümumi sahəsi 13.511,0 kv. metr, torpaq sahəsi 26.188 kv. metr göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə planında tikililərin ümumi sahəsi 3665,0 kv. metr təşkil edir (digər 9.846 kv. metr sahə avadanlıqların ümumi sahəsidir), faktiki isə tikililərin ümumi sahəsi 3923 kv. metr torpaq sahəsi isə 27.477,1 kv. metr təşkil edir. Həmçinin emisiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi məqsədə uyğundur. Bundan əlavə emisiya prospektində tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********61 №li 25 iyun 2020-ci il tarixli məktubda göstərilmişdir ki, cəmiyyətin əmlak kompeksinə daxil olan tikililərin ümumi sahəsi 13511,0 kv. metr, torpaq sahəsi 2,6188 ha göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə sənədlərində tikililərin ümumi sahəsi 3.665,0 kv. metr göstərilmişdir. Lakin mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama-ölçü işləri nəticəsində tikililərin faktiki ümumi sahəsinin 3.923,0 kv. metr, torpaq sahəsinin isə 2,7448 ha olduğu müəyyən edilmişdir. Arxivdə mövcud olan ilkin özəlləşmə sənədlərindəki göstəricilərlə faktiki ölçülər arasında uyğunsuzluq olduğundan əmlak kompeksinə dair texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Adıçəkilən əmlak kompleksinin emissiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti İdarəyə təqdim ediləcəyi təqdirdə məsələyə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 02 mart 2021-ci il tarixli məktubla həm məhkəməyə, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuş “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin və tikililərin faktiki yerləşmə vəziyyətini əks etdirən 05.02.2021-ci il tarixli sxemdə (mütəxəssis rəyi) səhmdar cəmiyyətə məxsus ümumi sahə 28.842 kv. metr (1 № li inzibati tikili 535 kv.m; 2 № li tikili 1.143 kv.m. 3 № li tikili 682 kv. m kimi qeyd olunmaqla; 4,5,6,7,8,9,10 №li tikililərin sahələri qeyd olunmamışdır) kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli 10/3931 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Bakı Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin və tikililərin faktiki yerləşmə vəziyyətini əks etdirən sxemə əsasən, İddiaçı ASC-yə məxsus əmlak kompleksinin (tikili və torpaq sahəsi birlikdə) ümumi sahəsi 28.842 kv. metr təşkil edir. Mübahisəli ərazidə yerləşən inzibati bina və digər iki yararlı tikilinin yerləşdiyi sahə 2.360 kv. metr təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC tərəfindən hazırda faktiki istifadəsində olan əmlak kompleksi (torpaq və üzərində olan tikili sahələri) üzrə hansı zəbt olunma hallarına yol verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə əsli təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) qeyd olunan Cəmiyyətin əmlakına dair məlumatlardan (tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda) müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən iddiaçı Cəmiyyətə aid ümumi torpaq sahəsi 26.188 kv. metr təşkil edən ərazidə sahəsi 13.511,0 (on üç min beş yüz on bir) kv. metrdən ibarət olan daşınmaz əmlak kompleksi (Tikilinin binalarla birlikdə sahəsi 3.665 kv. metr (o cümlədən: istehsalat 2.563 kv.m., anbar 552 kv. m., köməkçi sahə 545 kv.m.); qurğularla birlikdə tikilinin sahəsi 9.846 kv. metr (o cümlədən: təchiz edilmiş açıq dayanacaqlar 5.500 kv.m.,) mövcuddur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 19 may 1998-ci il tarixli, 705 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamə”nin 7-ci bəndində göstərilmişdir ki, “Emissiya prospekti” dövlət proqramında və ona müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada hazırlanır və Dövlət Əmlak Komitəsi tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Beləliklə məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətin müraciətinin təmin olunmasından imtina edilməsinə əsas olmuş hər üç səbəb (cəmiyyət tərəfindən tikililərin ümumi sahəsinə dair təqdim olunan məlumatla, ilkin özəlləşmə planında qeyd olunmuş və faktiki tikililərin ümumi sahəsinin uyğun gəlməməsi, emisiya prospektinin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi və emisiya prospektində tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda məlumatın qeyd olunmaması) iş materialları, iddiaçının nümayəndəsinin izahatları və məhkəməyə təqdim olunmuş emissiya prospektinin əsli ilə tam təkzib olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı ASC-dən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) göstərilmiş AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən ümumi sahəsi 13.511,0 (on üç min beş yüz on bir) kv. metrdən ibarət olan əmlak kompleksinə (3.665 kv. metr tikililər və 9.846 kv. metr qurğularla birlikdə tikilinin sahəsi) dair İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın və həmin əmlak kompleksinə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı açıq səhmdar cəmiyyətindən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar