Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1739/2022 10.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) 16 saylı Regional Ərazi Filailına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğumuşdur, 1974-cü ildə “Sabir” adına kolxozda sürücü, 1975 – 1977-ci illərdə hərbi xidmətdə olmuş, 1978 – 1981-ci illərdə həmin kolxozda kolxozçu, 1978 – 1980-cı illər ərzində X4 Zavodunda, 1982 – 1997-ci illərdə həmin kolxozda sürücü vəzifəsində, 1998 – 2001-ci illərdə X9 Komissiyasında (YAİQ) maddi məsul şəxs vəzifəsində işləmiş, lakin onun ümumiyyətlə əmək kitabçası olmamışdır. 14 fevral 2021-ci il tarixdə onun 65 yaşı tamam olmuş və pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün o, DSMF-nun Zaqatala rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında öz əksini tapmaması səbəbindən həmin illərin sığorta stajına daxil edilməsinin mümkün olmamasını əsas gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən Hər kəsin sosial təminat almaq hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, dilliyinə,ailə başçısını itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Yuxarıda qeyd olunan səbəblərə görə iddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmiş, lakin cavabdeh ona 26 may 2021-ci il tarixdə **********2 saylı məktub ünvanlayaraq yuxarıda qeyd olunan hərəkətləri həyata keçirməkdən imtina etmişdir. Göstərilənlərə və İPM-in 8, 38, 45, 68, 73-cü maddələrinə əsaslanaraq, iddiaçının 27 il 8 ay iş stajının, o cümlədən 1974-cü ildə bir il iş müddəti, 1975 – 1977-ci illərdə hərbi xidmət dövrü, 1978 – 1981-ci illərdə, 1982 – 1997-ci illərdə və 1998 – 2001-ci illərdə iş stajı sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 14 fevral 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh DSMF 16 saylı Regional Ərazi Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - iddiaçı Hüseynov X3 Sosial Müdafiə Fondunun 16 saylı Regional Ərazi Filialına müraciət edərək 1974-cü il, 1978-ci il tarixdən 1997-ci il tarixədək Zaqatala rayon “Sabir adına kolxoz”da, 1998-ci il tarixdən 2001-ci il tarixədək “YAİK”-də işlədiyi illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavab məktubuna əsasən iddiaçının arxiv arayışı ilə təsdiq edilən iş illəri əmək kitabçasında öz əksini tapmadığından qanunvericiliyə əsasən ərizəçiyə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitləı arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlar pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmə etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosia sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi, İddiaçı (iddiaçı) 1974-cü il, 1978-ci il tarixdən 1997-ci il tarixədək Zaqatala rayon “Sabir adına kolxoz”da, 1998-ci il tarixdən 2001-ci il tarixədək "YAİK”-də işlədiyi illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə və İPM-in 1.2, 47-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək aşağıdakıları bildirmişdir: - Məhkəmə sorğusu nəticəsində İddiaçı barəsində onun Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illərlə bağlı 3 iyun 2020-ci il tarixli 201 saylı arxiv arayışı əldə edilmişdir. Qeyd olunan arxiv arayışından müəyyən edilir ki, iddiaçı Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illərə əsasən 21 il tam sığorta stajı vardır (1981-ci il tarixdən 2001-ci il də daxil olmaqla). Həmin arayışa əsasən iddiaçı Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda 200 adam günü normasının 1974-cü ildə 127 gününü, 1978-ci ildə 116 gününü, 1979-cu ildə 143 gününü, 1980-cı ildə 193 gününü yerinə yetirmişdir. Belə olduğu təqdirdə, qeyd edilən illər üzrə minimum əmək iştirak normasının faktik müddəti, müəyyən edilərək ümumi sığorta stajına əlavə edilməlidir. Belə ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2021-ci il tarixli 2-1(102)-704/2021 saylı qərarının 37-ci paraqrafına əsasən kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Yenə həmin Ali Məhkəmə qərarında qeyd edilir ki, faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu halda, iddiaçının nəzərə alınmayan illər üzrə sığorta stajı aşağıdakı şəkildə olacaqdır: 1) 1974-cü il üzrə – 127 x 12 / 200 = 7,62 ay; 2) 1978-ci il üzrə 116 x 12 / 200 = 6,96 ay; 3) 1979-cu il üzrə 145 x 12 / 200 = 8,58 ay; 4) 1980-ci il üzrə – 193 x 12 / 200 = 11,58 ay. Ümulikdə həmin illər üzrə sığorta stajına daxil edilməli olan müddət 34,74 ay, yəni 2 il 9 ay təşkil edir. Bundan əlavə, iddiaçının hərbi xidmətdə olduğu illər (1975 – 1977-ci illər) də nəzərə alındığı təqdirdə pensiya təminatı üçün nəzərdə tutulan 25 illik staj tələbinə tam cavab verən sığorta stajı olsa da, ona pensiya təyin olunmasından əsassız olaraq imtina edilmişdir. Belə ki, ümumi sığorta stajı yuxarıda qeyd edilənlərə əsasən 25 il 9 ay olaraq müəyyən olunmaqdadır. Əlavə olaraq qeyd edilməlidir ki, «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddənin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədən düşmüş 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları»nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin birinci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin üçüncü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nm 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: (3.2.1) əmək kitabçası; (3.2.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göstərilənlərə əsaslanaraq, İddiaçı 1975 – 1977-ci illərdə hərbi xidmətdə olduğu 2 il müddəti, iddiaçının Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda işlədiyi 1974, 1978, 1979 və 1980-cı illər üzrə minimum əmək iştirak normasından az işlədiyi faktik müddəti 2 il 9 ay, 1981 – 1997-ci illər üzrə 17 il iş müddəti, 1998 – 2001-ci illər üzrə 4 il müddəti olmaqla, ümumi sığorta stajının 25 il 9 ay olduğunu nəzərə alaraq əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya hüququnun yarandığı 14 fevral 2021-ci il tarixdən etibarən ona əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbuİ edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrində göstərilən hallardan başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, işə İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq cavabdehin olduğu yer, yəni Bakı şəhərinin Nərimanov rayonu üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonra qüvvədə olan tələblərinin təsiri altına düşmür. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış (63 yaş + 2 il) kişilər yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: - sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; - 25 il sığorta stajının olması. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filailı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmasını onun əmək kitabçasında Zaqatala rayon Dövlət Arxivinin 3 iyun 2020-ci il tarixli 201 saylı arayışında qeyd edilən əmək fəaliyyəti dövrlərinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, İddiaçı 1975 – 1977-ci illərdə hərbi xidmətdə olması hərbi biletində, 1974, 1978 – 2001-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda işləməsi müvafiq arxiv arayışında olan qeydlərlə təsdiqini tapır. Həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə əsasən bu məlumatları daşıyan sənəd kimi hərbi bilet və müvafiq arayış mötəbər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Azərbaycan Respublikasının 1 fevral 1999-cu il 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən iş stajı üzrə (müvafiq arayış üzrə) dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra həmin dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq, həmin norma iddiaçının 2001-cı ilədək olan iş stajına münasibətdə tətbiq edilməlidir. İddiaçının təqdim etdiyi arxiv arayışına əsasən o, Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda minimum adam günü 1974 – 1981-ci illər üzrə 200 gün, 1982 – 2001-ci illər üzrə 220 gün olmaqla faktiki olaraq 1974-cü ildə 127 gün, 1978-ci ildə 116 gün, 1979-cu ildə 143 gün, 1980-cı ildə 193 gün, 1981-ci ildə 239 gün, 1982-ci ildə 366 gün, 1983-cü ildə 387 gün, 1984-cü ildə 367 gün, 1985 – 1987-ci illər üzrə (hər il ayrııayrılıqda) 365 gün, 1988-ci ildə 360 gün, 1989-cu ildə 300 gün, 1990-cı ildə 320 gün, 1991-ci ildə 300 gün, 1992-ci ildə 368 gün, 1993-cü ildə 343 gün, 1994-cü ildə 341 gün, 1995-ci ildə 339 gün, 1996-cı ildə 305 gün, 1997-ci ildə 312 gün, 1998-ci ildə 304 gün, 1999-cu ildə 308 gün, 2000-2001-ci illərdə (hər il ayrı-ayrılıqda) 311 gün işləmişdir. Həmin məmulatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, həmin arxiv sənədi «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə əsasən mötəbər sayılır. Məhkəmə diqqətə çəkir ki, 1981 – 2001-ci illərdə iddiaçı kolxozda müəyyən edilmiş minimum adam normasını tam yerinə yetirdiyindən (1981-ci ildə 200 gündən çox, 1982-ci il tarixdən 2001-ci il tarixədə 220 gündən çox işləmişdir), həmin illər üzrə iddiaçı 21 il staja malikdir. 1974, 1978 – 1980-ci illərlə bağlı isə, ayrılıqda həmin illər üzrə minimum normalar toplanmasa da, ümumilikdə bu dörd i il üzrə faktiki adam günü (579 gün) 2 il 10 ay 22 gün sığorta stajı kimi hesablanmalıdır (579 x 12 / 200 = 34,74 = 34 ay 22 gün). Həmin arxiv arayınında əks olunan iş stajları barədə əmək kitabçasında qeydlərin aparılmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbində nəzərə alınması göstərilən kolxozda işlədiyi dövrdən sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra 2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabibnetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçının əvvəlki dövr üzrə sözügedən (kolxozda) əmək fəaliyyətinə münasibətdə tətbiq edilməlidir. Ona görə də arxiv arayışında göstərilən iş stajının əmək kitabçasında əks olunmamasını əsası ilə həmin stajın sığorta stajına daxil edilməməsi qanuna zidd qiymətləndirilir; Beləliklə, İddiaçı 1974, 1978 – 2001-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda işlədiyi, 1975 – 1977-ci illərdə (9 may 1975-ci il tarixdən 4 may 1977-ci il tarixədək) hərbi xidmət dövrlərinin cəmi 25 ildən artıq müddət (23 il 10 ay 22 gün + 01 il 11 ay 26 gün = 25 il 10 ay 18 gün) təşkil edir ki, bu həcmdə sığorta stajı toplamış və xx xxxxxx 1956-ci il tarixdə doğulmuş şəxs kimi onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 14 fevral 2021-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin araşdırılması zərurəti yaranmadığından, məhkəmə icraatında həmin xüsusatlara toxunulmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun 1974, 1978 – 2001-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda işlədiyi və 1975 – 1977-ci illərdə hərbi xidmətdə olduğu dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 14 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun 1974, 1978 – 2001-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda işlədiyi və 1975 – 1977-ci illərdə hərbi xidmətdə olduğu dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 14 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafisə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1739/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1739/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver