Məhkəmə qərarları › İş №2-1(112)-174/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-174/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-174/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, texniki baxış keçirilən zaman qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçüləri ilə faktiki ölçülərində uyğunsuzluq olduğu aşkar olunmuşdur (layihəyə əsasən qeyri-yaşayış binasının ümumi sahəsi - 84.48 kv.m, faktiki sahə - 64.0 kv.m). Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binası yaşayış binalarının ümumi istifadə olunan ərazisində yerləşir. Həmçinin, tikintiyə icazə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti obyektinin istismarına icazə təqdim olunmamışdır. Bundan başqa, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənmiş layihə və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Torpaq sahəsi ayrılması haqqında sərəncamına əsasən ona Xətai rayonu, M.Hadi küçəsindəki 2944-cü məhəllədə bərbərxana tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin xx.xx.1998-ci il tarixli 10451 nömrəli torpaq sahəsi ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir. Zəruri sənədlər mövcud olduğundan cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənləri təkrarlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 411 nömrəli sərəncamından görünür ki, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli İh-118 nömrəli məktubu nəzərə alınaraq, Xətai rayonu, M.Hadi küçəsindəki 2944-cü məhəllədə “Pərviz” kiçik müəssisəsinin nəzdində şəhid atası İddiaçı bərbərxana tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin xx.xx.1998-ci il tarixli 10451 nömrəli “Pərviz” kiçik müəssisəsinin nəzdində şəhid atası İddiaçı Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə bərbərxana tikintisi üçün torpq sahəsi ayrılmasına dair inşaat pasportundan görünür ki, 0,0018 ha torpaq sahəsi ayrılmış, sahə cənubdan, şimaldan və qərbdən boş torpaq sahəsi, şərqdən məhəllədaxil yol ilə əhatə olunmuşdur, sahədə yaşıllıq, tikili və qurğular yoxdur. Torpaq sahəsinin ayrıc aktı xx.xx.1998-ci ildə tərtib edilmiş, xx.xx.1998-ci il tarixli Bakı şəhər Sanitariya və gigiyena mərkəzinin və xx.xx.1998-ci il tarixli DİN-in Baş yanğından mühafizə idarəsinin məktubları ilə razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, daşınmaz əmlak Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllədə yerləşir və hüquqmüəyyənedici sənəd üzrə (layihəyə əsasən) ümumi sahəsi 84,48 kv.metr, tikintialtı sahəsi 53,76 kv.metr, faktiki sahəsi 64,0 kv.metr, tikintialtı sahəsi isə 42,24 kv.metr təşkil edir. Qeyri-yaşayış binasının faktiki ölçüləri layihədən bir qədər fərqlidir. Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, 4866 nömrəli müqavilədən görünür ki, müqavilə üzrə tərəflər, bundan sonra “İcarəyəverən” adlandırılacaq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun şəxsində bir tərəfdən və bundan sonra “İcarəçi” adlandırılacaq İddiaçı şəxsində digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamına əsasən müqavilə bağladılar ki, İcarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 54.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli, Ö/003627 nömrəli istismara hazırlıq aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 411 nömrəli sərəncamı əsasında sifarişçi İddiaçı tikintisinə icazə verilmiş Xətai rayonu, M.Hadi küçəsi 86, 2944-cü məhəllədə 1 mərtəbəli zirzəmili qeyri-yaşayış binasında tikinti quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsi təsdiq edilmişdir. Akta əsasən tikinti xx.xx.1998-ci ildə başlanmış, xx.xx.1998-ci ildə qurtarmışdır. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 08 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Xətai rayonu, Məhəmməd Hadi 86 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir İddiaçı hazırda həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Göründüyü kimi, Qanun, xx.xx.2013-cü il tarixədək tikilimiş qeyri yaşayış binalarına hüququn qeydə alınması üçün aşağıdakı sənədlərin təqdim edilməsini zəruri hesab etmişdir:

1. - torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd – iddiaçının bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 411 saylı sərəncamını və Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 4866 nömrəli icarə müqaviləsini təqdim etmişdir.

2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə - iddiaçı 2013-cü il tarixdə tərtib edilmiş obyektin işçi cizgilərini təqdim etmişdir.

3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı – Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 411 saylı sərəncamı ilə torpaq sahəsi iddiaçıya bərbərxananın tikintisi üçün ayrılmışdır.

4. istismara qəbul aktı – iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli, Ö/003627 nömrəli istismara hazırlıq aktını və Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 08 nömrəli tikinti obyektinin istismarına icazə sənədini təqdim etmişdir. Belə ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 saylı Fərmanının 1-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək tikilmiş qeyri-yaşayış sahələrinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin obyektin istismara hazırlığı barədə rəyi əsasında yerli icra hakimiyyəti orqanının həmin obyektin istismarına icazə verilməsini təsbit etmiş, iddiaçı həmin sənədləri cavabdehə təqdim etmişdir. Belə olan halda, aydındır ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmiş, bununla da həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən: 1.qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçülər ilə faktiki ölçülərində uyğunsuzluq olmasına;

2. qeyri-yaşayış binasının yaşayış binalarının ümumi istifadə olunan ərazisində yerləşməsinə;

3. tikintiyə icazə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti obyektinin istismarına icazənin təqdim olunmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qeyri-yaşayış binasına dair təqdim edilən layihədə qeyd olunan ölçülər ilə faktiki ölçülərində uyğunsuzluq olması onun istismarına təsir etməmiş, səlahiyyətli orqan aktı ilə bu halı təsdiq etmiş, iddiaçı layihədə göstəriləndən artıq deyil, əksik ölçüdə tikili inşa etmişdir. Qeyri-yaşayış binasının yaşayış binalarının ümumi istifadəsində olunan ərazidə yerləşməsinə gəldikdə, birincisi, iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.1998-ci il tarixli 411 saylı sərəncam qüvvədədir, ləğv olunmamışdır. Həmçinin cavabdeh həmin sərəncamın qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin həmin torpaq sahəsini ayrımaq səlahiyyətinin olmaması barədə hər hansı bir normaya istinad etməmişdir. Əksinə, xx.xx.1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən umumi istifadədə olan torpaqlar ticarət çadırlarının, köşklərin, dükanların, pavilyonların və s. quraşdırılması üçün müəssisələrin, idarələrin və təşkilatların müvəqqəti istifadəsinə verilir. Cavabdehin üçüncü dəlilinə isə artıq yuxarıda göstərilənlərə əsasən qiymət verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə, 88 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar