Məhkəmə qərarları › İş №2-1(112)-1741/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1741/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1741/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaqı doğub 8 yaşınadək tərbiyə etmiş Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaşa həddi hər uşaq üçün bir il azaldılmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilərək əmək pensiyasının hesablnaması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 10.02.2021-ci il tarixdən, yəni 57 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasına əsasən onun ümumi sığorta stajı 15 il 09 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 571,56 manat, 01.01.2006-cı il tarixindən 24.701.77 manat olmaqla ümumilikdə 24.701,77 manat təşkil edir ki, bu məbləğ qanunvericilikdə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa, 25.01.2010-cu il tarixli arayışda əks olunan M.S.Ordubadi adına kolxozda 1981-11993-cü illərə aid əmək fəaliyyəti onun əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. İddiaçı beş uşaqlı ana kimi pensiya yaşına 10.02.2021-ci il tarixdə (57 yaş) çatsa da, ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda, iddiaçının təqdim etdiyi 25 yanvar 2010-cu il tarixli arayışda onun 1981-ci ilin iyul ayından 1993-cü ilin oktyabr ayının 27-dək “M.S.Ordubadi adına kolxoz” da işləməsi qeyd olunsa da, arayışın verilməsinə əsas olan mənbə göstərilməmiş, iddiaçının isə işə girmə, işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri, qeyd olunan kolxozdaki minimum adam günü norması, işçinin əmək günü ilə bağlı hər hansı bir məlumat öz əksini tapmamışdır. Beləliklə həmin arayış mötəbər sübut olunmadığından iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 10.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə və yazılı etirazından məlum olur ki, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:

1. Ümumi iş stajının 25 ildən az olması;

2. 25.01.2010-cu il tarixli arayışın iddiaçının “M.S.Ordubadlı adına kolxoz” da işləməsini təsdiq edən mötəbər sənəd qismində çıxış etməməsi;

3. Fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 28.800 manat məbləğdən az olmasıdır. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, hazırki iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ümumiyyətlə beş və ya daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası hüququnun yaranması şərtlərinə aydınlıq gətirilməlidir ki, bu hissədə qiymətləndirmənin aparılması aşağıdaki qanunveriliciyinin müddəaları əsasında həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1.Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2.Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Tərəflər arasında hüquq münasibətləri mövcud olduğu anda qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 2.1. çoxuşaqlı analara yaşa görə pensiya təyin edilməsi üçün: 2.1.1. qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.1.2. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti; 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş müyyən edilmişdir. Bəhs edilən qanunvericiliyin və normativ hüquqi aktın müddəalarının birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, iddianın təmin olunması üçün aşağıdakı şərtlər ödənlməlidir: -iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş olmalı; -bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verən yaşa çatmalı; -iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Məhkəmə xüsusi ilə bir məqama toxunmaq istəyir ki, şəxsin beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi müvafiq arayış ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, tərəflər arasında hüquq münasibətləri mövcud olduğu dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsini təsdiq edən arayışın yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən verilməsini şərtləndirmişdir. Hazırki mübahisə üzrə iddiaçı 5 uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsini təsdiq edən sənəd qismində Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş arayışı və doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətini təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçı beş uşaq (X5, X1, X2, X3, X4) anası olmuş və bu uşaqları səkkiz yaşınadək tərbiyə etmişdir. Göründüyü kimi iddiaçının beş uşaq doğub səkkiz yaşınadək tərbiyə etməsi müvafiq arayış və doğum haqqında şəhadətnamələr ilə təsdiq olunduğundan, iddianın təmin olunması üçün nəzərdə tutulan birinci şərt ödənilmiş olur. Məhkəmə qeyd edir ki,iddianın təmini üçün yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olduğundan və onun beş uşaq doğub səkkiz yaşınadək tərbiyə etməsi müvafiq sənədlər əsasında təsdiq olunduğundan onun yaşa görə əmək pensiyası hüququ 57 yaşdan, yəni 10 fevral 2021-ci il tarixdən yaranmış olur. Hesablama qaydası: 62 yaş (01 iyul 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan dövrdə pensiya yaş həddi) – 5 il (5 uşaq olduğu üçün, hər uşağa görə 1 il nəzərə alınır) = 57 yaş Göründüyü kimi iddianın təmin üçün yuxarıda göstərilən birinci və ikinci şərtlər ödənilmişdir. Cavabdeh inzibati orqan özü də hər iki şərtin ödənilməsini mübahisələndirməmişdir. Tərəflər arasında mübahisənin yaranmasında əsas ümumi iş stajının ödənilməməsi və pensiya kapitalının qanunvericilikdə müəyyən edilmiş həddən az olmasıdır. Məhkəmə hər iki hissəyə ayrı-ayrılıqda münasibət bildirir. İddiaçının ümumi iş stajına münasibət: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun ümumi iş stajı 25 ildən çox təşkil etməlidir. İddiaçı ümumi iş stajının ödənilməsi ilə bağlı əmək kitabçasını və əmək kitabçasında əks olunmayan dövrləri təsdiq edən arayışı təqdim etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 15 il 09 ay olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən dövr iddiaçının M.S.Ordubadi adına kolxozda işlədiyi 1981-1993-cü illərə aid əmək fəaliyyəti ilə bağlıdır. Doğrudur ki, 01.01.2006-cı il tarixədək vətəndaşın əmək fəaliyyəti əmək kitabçası əsasında müəyyən edilir. Nəzərə alınmalıdır ki, pensiya hüququnu tənzimləyən qanunvericilik əmək kitabçasında əks olunmayan dövrün sığorta stajına daxil edilməsini mümkün hesab etmişdir ki, bu zaman həmin müddəti, həmçinin müəssisənin həmin dövrdəki faktiki fəaliyyətini təsdiq edən mötəbər sənədlər mövcud olsun. İddiaçı M.S.Ordubadi adına kolxozda işləməsini təsdiq edən sənəd qismində 25.01.2010-cu il tarixdə tərtib olunmuş arayışın notarial qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Məhkəmə tərəfindən həmin arayışın verilməsinə əsas olan sənədlərin, həmçinin İddiaçı 1981-1993-cü illər ərzində “M.S.Ordubadi” adına Kolxozda işləyibişləməsi barədə məlumatın, kolxozda işlədiyi təqdirdə işlədiyi günlər (hər il üçün ayrıayrılıqda göstərilməklə) barədə, o cümlədən qeyd olunan Kolxozda, bu mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan digər bir Kolxozda qadınlar üçün minimum əmək iştirakı norması barədə məlumatın təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə orqanlara sorğular verilmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, işğal edilmiş Zəngilan rayon Dövlət Arxivinin 1993-cu il oktyabr ayının 29-dək olan sənədləri işğal bölgəsində qaldığından, M.S.Ordubadi adına kolxozun sənədləri arxivə təhvil verilməmiş, həmçinin 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidələrin Dövlət reyestrində “M.S.Ordubadi adına Kolxoz”a dair məlumat mövcud olmamış, o cümlədən həmin adlı kommersiya qurumunun qeydiyyata alınması aşkar edilməmişdir. Göründüyü kimi təkcə iddiaçının M.S.Ordubadi adına kolxozda işləməsini təsdiq edən sənəd qismində çıxış edən 25.01.2010-cu il tarixli arayışın verilməsinə əsas olan sənədlər deyil, ümumiyyətlə M.S.Ordubadi adına kolxozun fəaliyyət göstərməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya M.S.Ordubadi adına kolxozda işləməsi ilə bağlı arayış verilsə də, həmin arayışın verilməsinə əsas olan sənədlərin, həmçinin müəssisəsinin mövcudluğu və onun fəaliyyəti ilə bağlı məlumat aşkar olunmadığından, həmin arayış əsasında iddiaçının M.S.Ordubadi adına kolxozda işlədiyi dövr ümumi sığorta stajına daxil edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşın kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, hətta hazırki mərhələdə M.S.Ordubadi adına Kolxoz tərəfindən tərtib olunmuş 25.01.2010-cu il tarixli arayışın verilməsinə əsas olan sənəd aşkar olunsaydı belə, həmin arayışda işçinin əmək günü, kolxozdaki minimum adam günü norması barədə məlumat olmadığından, həmin müddət əsasında ümumi sığorta stajının müəyyən edilməsi mümkün olmazdır. Beləliklə iddiaçı tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı ilə bağlı şərt ödənilməmişdir. Fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına münasibət. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməkdən imtina edərkən onun pensiya kapitalının 01.01.2006-cı il tarixədək 571,56 manat, 01.01.2006-cı il tarixindən sonra isə 24.701,77 manat, ümumilikdə 24.266,47 manat olmasını əsas gətirmişdir. Doğrudur ki, mübahisə yarandığı tarixə vətəndaşın yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 28.800 manat təşkil etməlidir. Hesablama qaydası: 144 ay (gözlənilən pensiya ödənişi müddəti ) x 200 manat (minimum pensiya məbləği) = 28.800 manat. Lakin, hazırki mübahisə üzrə iddiaçının topladığı kapital ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas verir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada hesablanır. Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmaqlarından ibarətdir. Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün 2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının hesablanması şərtləri əks etdirilib. (Nazirlər Kabinetinin 175 № li Qərarına dair izah - https://nk.gov.az/az/article/2142/) Göründüyü kimi qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya kapitalının normadan az olub-olmamasından və ya ümumi iş stajının tamamlanıbtamamlanmasından asılı olmayaraq, fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınarsa, bu zaman yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi mümkün olur. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı qeydə alınmış və 24.701,77 manat təşkil etmişdir. Göründüyü kimi pensiya kapitalının 28.800 manatdan az olması, hazırki mərhələdə iddiaçının yaşa görə əmək pensiyasından məhrum etməməlidir. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin təsirinə altına düşmüş və ona yaşa görə əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün əsas (01.01.2006-01.07.2018 dövrlər arasında fərdi hesabının sığorta hissəsində pensiya kapitalı alındığından) yaranmışdır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının beş uşaq anası olması və onları 8 yaşınadək tərbiyə etməsi səbəbi ilə pensiya yaşının azaldılması, ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbləri əsasında avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsini istisna etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasının təyinində tətbiq olunan güzəştləri nəzərdə tutur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, qanunvericilik hər üç növdə olan pensiyanın (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış qaydada təyinini nəzərdə tutumuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, əmək pensiyaları hüququnu tənzimləyən qanunvericilik “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin normasını hansı hallarda tətbiq edilmədiyini dəqiq müəyyən etmişdir ki, aşağıda bu əsasların hər biri göstərilmişdir: -2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; (22-1.4.1) -2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; (22-1.4.2) -bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; (22-1.4.3.) -bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. (22-1.4.4.) 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. (22-1.5.) Göründüyü kimi iddiaçının beş uşaq anası olması və onları 8 yaşınadək tərbiyə etməsi səbəbi ilə pensiya yaşının azaldılması ilə bağlı əsas “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilmədiyi halların əhatə dairəsinə düşmür. Belə ki, həmin maddədə konkret olaraq maddənin tətbiq olunmadığı əsaslar bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması və əmək pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının ümumi iş stajı 25 ildən və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 28.800 manat məbləğdən az olsa da, onun 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı toplanıldığından, onun avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyini üçün hüququ yaranır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 10 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni 10.02.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 10.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar