Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1743/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi X2, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı riskli vergi ödəyicisi ilə əməliyyat aparılması əsas kimi göstərilərək tutulmuş məbləğin iddiaçının hesabına geri qaytarılması və 2024-cü ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin məqbul hesab edilərək qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 23 fevral 2023cü il tarixdə DA-23-02/23 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmetini karxana materiallarının alqı-satqısı təşkil etmişdir. Müqaviləyə əsasən qarşı tərəfə 75999.20 (yetmiş beş min doqquz yüz doxsan doqquz manat iyirmi qəpik) manat əsas borc və 13679.86 (on üç min altı yüz yetmiş doqquz manat səksən altı qəpik) manat ƏDV borcu üzrə vəsait ödənilmişdir. Müqavilə imzalanan və müqavilədən irəli gələn hərəkətlər yerinə yetirilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi olmamaış və onun maliyyə-vergi riskləri ilə bağlı hər hansı məlumat mövcud olmamışdır. Nəzərə almaq lazımdır ki, həmin müqavilənin bağlanmasından 2 ilə yaxın vaxt keçmişdir. Müqavilə bağlanan dövrdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə cavabdeh inzibati orqranın heç bir sübutu mövcud deyil. İddiaçı tərəfindən 2023-cü ilin aprel ayı üzrə bəyannamə də təqdim edilərkən bütün ödənişlər və əvəzləşmələr X3 tərəfindən qeyd-şərtsiz qəbul edilmişdir. Bu da onu göstərir ki, hətta o zaman da, bununla bağlı hər hansı problem yaşanmamış və inzibati orqan tərəfindən hər hansı xəbərdarlıq edilməmiş və ya irad bildirilməmişdir. İddiaçı problemin həlli üçün xx.xx.2024-cü il tarixli məktubla cavabdehə müraciət etmişdir. Cavabdeh isə 10 iyun 2024-cü il və 13 iyun 2024-cü il tarixdə şablon məzmunlu imtina cavabı vermişdir. Odur ki, həmin imtina məktubunu qanunsuz və əsassız hesab edirlər.
3. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********300800 nömrəli, 17 may 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 882576 nömrəli və ABDB seriyalı 922886 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə fakturalar üzrə ümumilikdə 14 692,32 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 14 692,32 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********402400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndədrilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat təqdim etmədiyinə görə ƏDV bəyannaməsi üzrə 14 692,32 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********300800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə imzalanan və müqavilədən irəli gələn hərəkətlər yerinə yetirilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi olmamış və onun maliyyə -vergi riskləri ilə bağlı hər hansı məlumatı mövcud olmamışdır. Bildirirlər ki, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar, idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Bir məsələni də, nəzərə almaq lazımdir ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni, təkcə operativ vergi nəzarəti deyil, həm də, səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazırki iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınma sxeminin iştiraçısı olmaması üçün Cəmiyyət tərəfindən aparılan əməliyyatların riskliliyi öncədən qiymətləndirilməlidir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 may 2024-cü il tarixli, **********300800 nömrəli qərarına əsasən Mart 2024 Əlavə dəyər vergisi üzrə iddiaçıya 14.708,96 manat məbləğində vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, tərəfindən ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 922886 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 12172.46 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12172.46 manat kənarlaşma yaranmışdır. Tərəflərindən ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 882576 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2519.86 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2519.86 manat kənarlaşma yaranmışdır.
9. Cavabdeh tərəfindən inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.
10. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumata əsasən "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********499600 nömrəli qərara əsasən riskli vergi ödəyici hesab olunmuşdur. İddiaçının isə riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
17. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, işin hallarından göründüyü kimi, hazırki mübahisənin yaranma səbəbi ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDB seriyalı 922886 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunması nəticəsində əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 12172.46 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirilməsi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12172.46 manat kənarlaşmanın yaranması, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (03.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 882576 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab olunması səbəbindən əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-faktura üzrə 2519.86 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2519.86 manat kənarlaşmanın yaranması olmuşdur. Beləliklə, cavabdeh tərəfindən mübahisəli qərarların qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatların riskli hesab edilməsi olmuşdur. Lakin, həmin elektron qaimə fakturalar üzrə əməliyyatların hansı səbəbdən riskli hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də, məhkəmə araşdırması zamanı hər hansı bir mülahizə və təsdiqedici sənəd təqdim edilməmişdir. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının apardığı əməliyyatları riskli əməliyyat kimi qiymətləndirsə də, bununla bağlı iddiaçı barəsində inzibati icraat aparmamış, iddiaçı barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilməmişdir. O cümlədən, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin də, mübahisəli əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri olması ilə bağlı hər hansı bir sübut məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən riskli hesab edilən elektron qaimə fakturalar üzrə əməliyyatlar mart 2023-cü il tarixində aparılmasına baxmayaraq, iddiaçının əməliyyat apardığı vergi ödəyicisi xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin əksinə iddiaçı tərəfindən məhkəmə araşdırmasına mübahisəli elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatlarla bağlı təsdiqedici sənədlər (alqı-satqı müqavilələri, işlərin görülməsinə dair akt, hesab faktura və digər) təqdim edilmişdir ki, bu sənədlər də, iddiaçının apardığı mübahisəli əməliyyatların əmtəəsiz əməliyyat olması ilə bağlı cavabdehin əsaslandırılmamış mülahizəsini təkzib etmişdir.
21. Vergi Məcəlləsinin: 13.2.82.riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
23. Beləliklə, məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən, həmin müəssisələrin riskli olması ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, həm iddiaçının özü, həm də, əməliyyatlar apardığı vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmədən, onların barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilmədən, aparılmış qarşılıqlı əməliyyatların hansı əsaslarla əmtəəsiz olduğu əsaslandırılmadan iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla onun üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
24. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
27. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********300800 nömrəli, 17 may 2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva