Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1744/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 60, mənzil 38), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq müddətin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə müvafiq olaraq xidməti vəzifəsini yerinə yetirərkən əmək xəsarəti alaraq İİ qrup əlil olmasını 60 yaş həddini keçməsini nəzərə alıb, 2006-cı ildən pensiyada olduğu müddətin sığorta stajına əlavə olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1058/2020 saylı 18.08.2020-ci il tarixli qərardadı ilə hazırkı işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 18.08.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 19.10.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 15.03.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1993-cü il tarixdən 2006-cı ilin noyabr ayınadək Prokrorluq orqanlarında çalışmışdır. Tərtər hərbi Prokrorluğunda müstəntiq vəzifəsində işləyərkən, müntəzəm olaraq faciəsiz Murov dağ silsiləsinə dislokasiya olunmuş hərbi hissələrin ərazisində təhqiqat və istintaq apararkən hər iki ayaqlarının diz nahiyyəsindən aşağı ətrafları don vurduğundan “obilitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktrla bağlı Azərbaycan Respublikası Hərbi Prokrorluğu tərəfindən araşdırmalar və təhqiqat aparılmış, toplanmış materiallar aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X2 göndərilmişdir. Həmin orqan tərəfindən 02 mart 2006-cı il tarixli 46-T saylı əmr ilə təhqiqat komissiyası yaradılaraq təhqiqat aparılmış don vurma faktı təsdiq olunmuş və Məhkəmə tibb ekspertizası təyin olunmuş ekspertin 24 mart 2006-cı il tarixli 63/TM saylı rəyində aşağı ətrafların don vurması əlamətləri aşkar olunması nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoatrtid” diaqnozlu xəstəliyin əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 6 saylı Zona Tibb Sosial Ekspert Komissiyası tərəfindən don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması “Əmək zədəsi” hesab edilərək, əmək qabiliyyətinin 80% itirildiyindən İİ qrup əlili hesab olunmuşdur. Bakı şəhəri Səbayıl rayon məhkəməsinin 29 noyabr 2006-cı il tarixli 2-1702/2006 saylı qətnaməsi ilə də don vurma nəticəsində “aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması müəyyən olunmuşdur. Həmin tarixdən “Prokrorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 29.21-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunaraq, prokrorluqda xidmət keçməsinə xitam verilibdir. Həmin vaxtdan bu günə qədər pensiyadadır. 03 yanvar 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. “Pokurorluq Orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokrorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşmadək sağlamlığı məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət də sığorta stajına daxil edilir” qaydalarını rəhbər tutaraq, pensiyada olduğu müddətin sığorta stajına hesablanması üçün, cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin Qanunun pensiya hesablanmasına dair 20.8.3-cü maddəsinə istinad edərək, Qanunun 21.2.6-cı maddəsinə göstərilən tələblərin iddiaçıya şamil olunmasından imtina etmişdir. Bu imtinanı qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alır. İddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə görə yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiya hüququ vardır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqularını pozur. Belə ki, işin məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilir: İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan Krasnoselo rayonu, Cıvıxlı rayonunda doğulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçı 01.09.1977-ci il tarixdə müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin 01.12.1993-cü il tarixdən 19.07.2006-cı il tarixədək prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurounun 19 iyul 2006-cı il tarixdə 10/227-k saylı əmri ilə «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq İddiaçı öz arzusuna əsasən 19.07.2006-cı il tarixdən tutlduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilməklə, prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli 10/307-k saylı əmri ilə 19.07.2006-cı il tarixli 10/227-k saylı əmrə dəyişiklik edərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş İddiaçı «prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəziəfdən azad edilmiş və prokurorluq orqanlarından xaric edilməklə prokurorluqda qulluq keçməsinə xitam verilmiş hesab edilmişdir. Səbail Rayon Məhkəməsinin 2-1702/2006 saylı 29.11.2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı «əmrin dəyişdirilməsi və müavinətin verilməsi tələbinə dair» iddia ərizəsi üzrə iddianın müavinətin verilməsi tələbinə dair hissəsi təmin edilməsi, İddiaçı Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi ilə əlaqədar «Prokurorluq orqanlarında xidmət keçmə haqqmda» Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinət ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli 27 saylı və 09.01.2003-cü il tarixli 03 saylı qərarlarına əsasən 06 saylı Tibb Sosial Ekspert Komissiyasının 27.06.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən hər ay müavinat ödənilməsi qət edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 566470 nömrəli Arayışına əsasən İddiaçı əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsinə əsasən 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin onun sığorta stajına daxil edilməsini tələb edir. Cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət isə prokurorluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsinin tətbiq edilməməsinə dair mövcud qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmadığından, həmin normanın iddiaçıya tətbiq edilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 26.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (19.05.2020-ci il tarixədək olan redaksiyası) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 26.2.6-cı maddəsinə əsasən (19.05.2020-ci il tarixdən qüvvədən olan redaksiyası) istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə İİ dərəcə əlilliyinin olması, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatması, həmçinin 08.11.2006-cı il tarixdən əlilliyə görə pensiya alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı 08.11.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1744/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1744/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver