Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1746/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan ünvan 1n), Cavabdehin nümayəndəsi X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hesab edir ki, 1987-1992-cı illərdə Rostov Äli Hərbi Komanda-mühəndislər məktəbində fizika-energetika qurğularının istismarı üzrə mühəndis ixtisası üzrə təhsil almışdır. 1992-ci ildə leytenant rütbəsi almaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissənin energetiki vəzifəsində xidmətə başlamışdır. 16 dekabr 1992-ci il tarixdə Prezident yanında Xüsusi İdarənin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. 21.06.1993-cü ildə baş leytenant, 21.06.1996-cı il tarixdə kapitan hərbi rütbələri verilmişdir. 08.02.1999-cu il tarixdə könüllü olaraq pensiyaya çıxmışdır. 11.12.2003-cü il tarixdən Dövlət Sərhəd Xidmətində zabit kimi xidmətimi davam etdirmişdir. 03.03.2006-cı il tarixdə mayor hərbi rütbəsi verilmişdir. 30.10.2007-ci il tarixdə xidmətdən tərxis olunmuşdur. 01.11.2007-ci il tarixdə həbs olunmuşdur. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin 12.11.2008-ci il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və əlavə cəza olaraq mayor hərbi rütbəsindən məhrum edilmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu zaman pensiyasının Dövlət Sərhəd Xidmətində olan xidməti illərinin də nəzərə alınaraq yenidən hesablanmasına dair müraciət etmişdir. Mürcaiəti təmin edilmiş və cəza çəkdiyi müddət ərzində pensiyasını tam şəkildə almışdır. 24 aprel 2019-cu il tarixdə çəkilməmiş cəzanın qalan hissəsi şərti tətbiq olunaraq cəzaçəkmə yerindən buraxılmışdır. 2019-cu ilin dekabr ayında cəzanın şərti tətbiq olunması müddəti başa çatmışdır. 29 fevarl 2020-ci il tarixdən etibarən isə pensiyanın verilməsi dayandırılmışdır. Bununla əlaqədar olaraq tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunaraq pensiyanın verilməsinin bərpa edilməsi xahiş olunmuşdur. Ərizəyə cavab olaraq cavabdeh təşkilat bildirmişdir ki, 12 noyabr 2008-ci il tarixli məhkəmə hökmü ilə hərbi rütbədən məhrum olunduğu üçün “Əmək Pensiyaları haqqında Qanunun” 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq bildirir ki, o hərbi qulluqçu kimi pensiya hüququnu 08.02.1999-cu il tarixdə qazanmışdı. 2007-ci il tarixdə baş vermiş hadisəyə görə ona təyin edilmiş cəzanın icrası pensiya hüququndan məhrum edilmək üçün əsas deyildir. Məhkəmənin hökmündə ümumiyətlə hərbi rütbədən məhrum edilməyi qeyd olunmamışdır. Yalnız mayor hərbi rütbəsindən məhrum edilməsi barədə təqdimat verilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, mayor hərbi rütbəsi almamışdan öncə kapitan hərbi rütbəsi ilə Prezident yanında Xüsusi İdarənin əməliyyat müvəkkili vəzifəsindən könüllü olaraq pensiyaya çıxmışdır. Belə olduğu halda cavabdeh təşkilatın Əmək Pensiyaları haqqında qanunun 9.5-ci maddəsinə istinad etməklə pensiya hüququmdan məhrum etməsi tamamilə əsassızdır. Həmçinin, qeyd edilməlidir ki, onun pensiya hüququ pensiyaya çıxan zaman qüvvədə olan Hərbi qulluqçuların pensiya təminatı haqqında qanunun tələblərinə əsasən yaranmışdır. Sözügedən qanunda isə hərbi rütbədən məhrum etmənin pensiya hüququndan məhrum edilməsi ilə nəticələnməsi barədə heç bir maddi hüquq norması mövcud deyildir. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, o 11 il hərbi qulluqçu kimi dövlətə xidmət etmişdir. Hərbi qulluqçuların pensiyası onların təminat xərcliyindən hesablanır. Əmək Pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin tələbindən də görünür ki, təminat xərcliyinə hərbi rütbəyə görə əlavədən başqa digər ödənişlər də daxildir. Mayor hərbi rütbəsindən məhrum edilmiş olsa da, kapitan hərbi rütbəsi ilə 1999-cu il tarixdən pensiyaya çıxdığına görə pensiya hüququ bərpa edilməlidir. Yuxarıda göstərilən xüsusatlara görə hesab edir ki, mayor hərbi rütbəsindən məhrum olunmağı onun, ümumiyyətlə, hərbi qulluqçu kimi pensiya hüququndan məhrum edilməsinə əsas ola bilməz. Lakin cavabdeh orqan onun mayor hərbi rütbəsindən məhrum olunmasını əsas gətirməklə əsassız olaraq müraciətindən imtina etmiş, bununla onun pensiya almaq hüququ pozmuşdur. Göstərilən xüsusatlara və istinad olunan hüquq normalarına əsasən, hesab edir ki, pensiya hüququnun bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəmə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, bilindiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bildirirlər ki, iddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 01.04.2015-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 13.02.2020-ci il tarixli məktubuna əsasən 07.03.2020-ci il tarixdən iddiaçıya əmək pensiyası dayandırılmışdır. Belə ki, DSX-nin məktubuna əsasən İddiaçı Oktay oğlu 13.01.2020-ci il tarixli 015 ş/h nömrəli əmri ilə “mayor” rütbəsindən məhrum edilmişdir. Və bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə uyğun olaraq əmək pensiyası dayandırılmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması dövründə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 182.3.1, 182.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsi barədə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmünün surəti Bakı Hərbi Məhkəməsindən tələb edilmiş, lakin sorğuya cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş, -Cavabdeh tərəfindən verilmiş 09.07.2020-ci il tarixli, **********2 saylı əmək pensiya ödənişinin bərpa edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daxil olmuş 002886 nömrəli məlumat vərəqəsinə əsasən 25 sentyabr 2008-ci il tarixində iddiaçıya İdarə tərəfindən yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilərək, 1 yanvar 2007-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən daxil olmuş 000564 nömrəli məlumat vərəqəsinə əsasən 31 mart 2015-ci il tarixində pensiya ödənişi dayandırılmış və həmin məlumat vərəqəsində qeyd olunan məlumatlara əsasən 1 aprel 2015-ci il tarixindən iddiaçıya İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilməklə ödənilimişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İdarəyə təqdim olunmuş məktubda müvafiq məhkəmənin 12 noyabr 2003-ci il tarixli hökmü ilə hərbi rütbədən məhrum olunduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ yoxdur. Buna görə də əmək pensiyası 29 fevral 2020-ci il tarixində dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə 11 il müddətində hərbi qulluqçu olaraq xidmət etdiyini vurğulayaraq Əmək Pensiyaları haqqında Qanunun 1.0.5-ci maddəsinə istinad edərək, mayor hərbi rütbəsindən məhrum edilmiş olsa belə kapitan hərbi rütbəsi ilə 1999-cu il tarixdən pensiyaya çıxdığına görə pensiya hüququnun bərpa edilməsini tələb edir. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu hərbi departament şöbəsi tərəfindən verilmiş 15/1010-001022 №li pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 000564 №li nömrəli məlumat vərəqəsinə uyğun olaraq iddiaçı 31.10.2007-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18 “e” hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə ehtiyata buraxıldığı, 555,00 manat məbləğində vəzifə maaşı, 130,00 manat məbləğində rütbə maaşı, 137,00 manat məbləğində xidmət illərinə görə əlavə, 64,00 manat məbləğindəərzaq payı əvəzinə kompensasiya, 55,50 manat məbləğində sərhəd qoşunlarında xidmətə görə, 83,25 manat məbləğində məharət dərəcəsinə görə, ümumilikdə 1.024,75 manat məbləğində pul təminatı hesablanmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanan 10/143 m №li 17 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin 30 oktyabr 2007-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin "e” bəndinə (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmış mayor İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1, 182.3.1, 182.3.2 və 310 cu maddələri üzrə təqsirli bilinərək Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008ci il tarixli hökmünə əsasən 13 (on üç) il müddətinə azadlıqdan məhrum edilmiş və “Mayor” hərbi rütbəsindən məhrum edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təqdimat göndərilməsi barədə qərar qəbul edilmişdir. Lakin Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmünün surəti, həmçinin ehtiyatda olan mayor F.Q.Lətifovun “Mayor” hərbi rütbəsindən məhrum edilməsinə dair təqdimat Dövlət Sərhəd Xidmətinə daxil olmadığına görə hökmün müvafiq bəndinin icrası təmin olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 182-ci maddəsinə (Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrdən məhrum edilə bilər) müvafiq olaraq ehtiyatda olan mayor İddiaçı Dövlət Sərhəd Xidməti Rəisinin 13 yanvar 2020-ci il 015 ş/h nömrəli əmri ilə “Mayor” hərbi rütbəsindən məhrum edildiyi bildirilmişdir. (Əsas: Ağır Cinayətlərə dair İşlər üzrə azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 noyabr 2008-ci il tarixli hökmü və İstintaq və Təhqiqat İdarəsi rəisinin 25 noyabr 2019-cu il tarixli 11622 nömrəli raportu). Qeyd olunan məktuba əsasən həmin vaxt əmək pensiyası alan iddiaçının pensiya təminatına “Əmək Pensiyaları haqqənda Azərbaycan Respublikası Qanunun” 9.5-ci maddəsinə uyğun olaraq yenidən baxılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02 mart 2020-ci il tarixli Qərarından görünür ki, Dövlət Sərhəd Xidmətinin 13 fevral 2020-ci il tarixli 10/143 saylı məktubuna əsasən əmək pensiyası dayandırılmışdır. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5–ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı barəsində qulluq etdiyi orqan tərəfindən məlumat vərəqəsi verilmiş və həmin məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi yaşa görə 01 yanvar 2007-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən daxil olmuş 000564 nömrəli məlumat vərəqəsinə əsasən 31 mart 2015-ci il tarixində pensiya ödənişi dayandırılmış və həmin məlumat vərəqəsində qeyd olunan məlumatlara əsasən 01 aprel 2015-ci il tarixindən iddiaçıya İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilməklə ödənilimişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İdarəyə təqdim olunmuş məktubla Azərbaycan Respublikası Hərbi Məhkəmənin 12 noyabr 2003-ci il tarixli hökmü ilə iddiaçının hərbi rütbədən məhrum olunması əsası ilə müraciət edilmiş və cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə istinadən hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququnun olmadığı əsası ilə iddiaçıya əmək pensiyasının verilməsi 29 fevral 2020-ci il tarixindən etibarən əsaslı olaraq dayandırılmışdır. İddiaçı pensiya hüququnun 1999-cu il tarixdən yarandığını, mayor hərbi rütbəsindən məhrum edilmiş olsa belə, kapitan hərbi rütbəsi ilə həmin tarixdən pensiyaya çıxdığını qeyd etməklə, ümumiyyətlə hərbi qulluqçu kimi pensiya hüququndan məhrum edilməməli olduğunu əsaslandırmağa çalışsa da, lakin Məhkəmə işin araşdırılan halları ilə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin tələbi baxımından iddiaçının hərbi rütbələrdən məhrum edildiyini nəzərə alaraq onun yaşa görə əmək pensiyası hüququnun da istisna olunduğu qənaətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılmasının əsaslı olduğu, həmin pensiyanın bərpa edilməsi üçün əsaslar olmadığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1746/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1746/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver