Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1746/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əlilliyə görə pensiyanın dayandırılmasına səbəb olan qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-1999-cu illərdə cəbhəyani bölgələrdə hərbi xidmətdə olduğu dövrdə hərbi tapşırıqların icrası zamanı sağlamlığında qüsurlar yaranmışdır. Bunlar tibbi sənədlərdə də öz əksini tapmışdır. Həmin sənədlərə əsasən və keçirilmiş müayinələrdən sonra ona 20.12.2017-ci il tarixdə İİ qrup əlillik təyin edilərək, 5 il ərzində 218.27 manat əmək pensiyası kəsilmişdir. Həmin pensiyanı 2020-ci ilin avqust ayına qədər almışdır. Lakin DSMF-nin Göyçay rayon filialı 17.08.2020-ci il tarixdə ona ünvanlandığı məktubda əmək pensiyasının vaxtından əvvəl dayandırıldığını bildirmişdir. Səbəb kimi DTSERA-nın Alt Sistemində onun əlilliyinin etibarsız sayılmasını və bu barədə DTSERA-nın DSMF-yə ünvanlandığı məktubu göstərmişlər. DTSERA-nın qeyd edilən məktubu ilə şəxsən tanış olmaq istəsə də həmin məktubu nə DSMF-də, nə də DTSERA-nın Bakı və Ucar filiallarında təqdim etməmişlər. Faktiki olaraq pensiyadan məhrum olunma səbəbini bilmir. Onun barəsində pensiyanın dayandırılması qərarı qəbul edilərkən heç bir tibbi müayinə keçirilməmişdir. Fiziki məhdudiyyətlərə məruz qalmağı hələ də davam edir. Ayaq barmağının amputasiyası və buna görə də ayağın inkişafdan geri qalması, sol çiyin körpücüyünün daxilə batması və çiyin sümüyünün sınaraq əyri bitməsi, prostatda adanomiya, kəskin sistit və böyrəkdə periodik daş yığılmasına görə sistematik müalicə alır. Ona kəsilən pensiya dayandırıldıqdan sonra müalicələrinin maddi qarşılanması ciddi çətinlik yaradır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-194/2021 nömrəli, 24.05.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-314/2021 nömrəli, 18.06.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-194/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati iş 28.07.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş, cavabdehdən inzibati icraat materiallarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının 07.12.2017-ci il tarixli 0276003AAFXV saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X2: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.9 - Dəqiqləşdirilməmiş sidik daşları; Diaqnozun mətni: Xroniki kalkulyoz pielonefrit, tez-tez kəskinləşmə ilə, ildə 5-6 dəfə. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Nefrogen hipertoniya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 2017-2020-ci il illər ərzində aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırılma aparılmış həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Buna görə də 19.06.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1746/2022 nömrəli, 18.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının “cavabdehin əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, 20.12.2017-ci il tarixdən təyin olunmuş əlilliyin etibarsız hesab edildiyi 19.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon filailının İddiaçı ünvanladığı 17.08.2020-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 17 iyul 2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən sizin əlilliyiniz Dövlət Tibbi-Sosial Ekspertiza və X5 etibarsız hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Göyçay rayon filailına ünvanladığı 07.08.2020-ci il tarixli **********9 saylı məktuba əsasən sizin əlilliyə görə əmək pensiyanız 01.08.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Mərkəzi Xəstəxanasının 27.04.2021ci il tarixli, 1786 nömrəli məktubunda bildirilmişdir ki, Göyçay rayonu, Qarayazı kənd sakini, 1977-ci il təvəllüdlü İddiaçı 26.05.2017-ci il tarixdən “Böyrək daşı xəstəliyi, xroniki kalkulyoz pielonefrit” diaqnozu ilə poliklinikada ambulator qeydiyyatdadır. Xəstəyə 04.12.2017-ci il tarixdən 15.01.2018-ci il tarixədək xəstəlik vərəqəsi açılmış, 19.12.2021-ci il tarixdə sənədləri rəsmiləşdirilmiş və “Forma 88”-ə əsasən Tibbi Sosial Ekspert komissiyası tərəfindən İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı qeydiyyatda olduğu müddətdə həmçinin travmatoloq tərəfindən müayinə olunmuş, rentgen müayinəsindən keçirilmiş və ona “Sol pəncənin İV barmağının travmatik amputasiyası, körpücük sümüyünün lateral 1/3-nin köhnə bitişmiş sınığı, aşağı döş-bel fəqərələrinin soltərəfli İİ dərəcəli skaliozu” diaqnozu aşkar edilmişdir. Həmçinin xəstənin gözü ilə bağlı da şikayətləri olduğu üçün oftalmoloq həkimin konsultasiyasında olmuş və ona “Astiqmatizm, şüşəvari cisimdə bulanmalar, görmə sinirinin hissəvi atrofiyası” diaqnozu təyin edilmişdir. Xəstə hal-hazırda ambulator nəzarətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25.01.2021-ci il tarixli, 23 nömrəli qərarına əsasən Göyçay RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və 11.11.1997-ci ildən 03.12.1997-ci ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Kəskin sistit” və 05.02.1997-ci ildən 03.03.1997-ci ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müalicə olunduğu xəstəlik-diaqnoz “Kəskin sistit” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin 15.12.2020-ci il tarixli 800 nömrəli göndərişi, 15.12.2020-ci il tarixli 800 nömrəli arayışı, SQ Baş Klinik Hospitalından verilmiş 03.07.2018-ci il tarixli 3900 nömrəli, 09.06.2018-ci il tarixli 3476 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndi. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının 19.12.2017-ci il tarixli 0276003AAFXV saylı göndərişi əsasında 20.12.2017-ci ildə qiymətləndirilmiş və “Diaqnoz: Xroniki kalkulyoz pielonefrit, tez-tez kəskinləşmə ilə, ildə 5-6 dəfə. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Nefrogen hipertoniya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18-N18...” əsası ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xidməti məruzədən görünür ki, 2017-2020-ci il illər ərzində aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırılma aparılmış həmin şəxslərə dair məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı” və “Sığorta” altsistemlərində olan məlumatlarla qarşılaşdırılmışdır. Müəyyən olunmuşdur ki, həmin şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcuddur. Bundan savayı, stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 208 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi məqsədəmüvafiqdir. Bununla əlaqədar Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırıq verilməsi xahiş olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının 19.12.2017-ci il tarixli 0276003AAFXV saylı tibbi göndərişi əsasında 20.12.2017-ci ildə qiymətləndirilərək ona cavabdeh orqan tərəfindən beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra cavabdeh orqan 2017- 2020-ci il illər ərzində aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış şəxslər üçün rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunmuş stasionar və ambulator müalicə müddətinə dair məlumatlar “Əlillik” siyasəti şöbəsi tərəfindən araşdırılmanın nəticəsində iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə stasionar və ambulator müalicə müddətinə dair məlumatlarla Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişi aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcud olduğunu əsas gətirərək idiaçının əlillik təyinatı 19.06.2020-ci il tarixdən “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin etibarsız hesab olunması ilə bağlı cavabdeh orqanın hərəkətlərini mübahisələndirərək əlillik dərəcəsi təyinatının bərpasını xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. Əvvəla, məhkəmə qeyd edir ki, məhkəmə icraatı gedişində Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-8916/2021 nömrəli qərardadı ilə cavabdeh orqan tərəfindən iddiaçının əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19.01.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-8916/2021 nömrəli qərardadına əsasən Qurbanov X3 nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 02.11.2021-ci il tarixli **********4 nömrəli çağırış məktubu göndərilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 23.12.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Tam reabilitasiya olunması” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Xroniki pielonefrit, tez-tez kəskinləşmə ilə, ildə 5-6 dəfə. Xroniki böyrək çatışmazlığı İİ mərhələ. Nefrogen hipertoniya” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “Tam reabilitasiya olunması” qərarı verilmişdir. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin həlli və cavabdehin inzibati icraat qaydasına riayət etməklə inzibati icraat aparması aralıq qərardad vasitəsilə öz həllini tapmamışdır. Cavabdeh orqanın məhkəmənin aralıq qərardadı ilə keçirdiyi əyani müayinə nəticəsində iddiaçının tam reabilitasiya olunması nəticəsinə gəlməsi inzibati orqanın 20.12.2017-ci il tarixdə sağlamlıq vəziyyətinin yoxlanılması nəticəsində təyin etdiyi əlillik dərəcəsinin 19.06.2020-ci il tarixdən etibarsız hesab etməsi ilə bağlı hərəkətlərinin inzibati icraat və əlillik təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin pozması nəticəsini dəyişdirmir və ya həmin pozuntuları aradan qaldırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi, lakin tibbi göndərişdə müalicə müddəti ilə bağlı məlumata dair uyğunsuzluğa dair şübhəsi olduğu halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyəyn olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Ramin Seyfəddin oğluna təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı 20.12.2017-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab edildiyi 19.06.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1746/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1746/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver