Məhkəmə qərarları › İş №2-1(112)-1746/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1746/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1746/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X13 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X26 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N.Nərimanov adma NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 xx.xx.2007-ci il tarixli 8 saylı qərarı ilə Şıxlar adlanan bağ massivi sahəsindən 1000 kv.m.olan bir saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək nömrə təkrarlanması aradan qaldırılmaqla sahəsi 0,09884 ha olan 2-22 saylı torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X6 müraciət edərək bağ sahəsi kimi istifadə etdiyi üçün fərdi torpaq sahəsinin yaşayış evinin tikintisi məqsədilə ona ayrılmasını xahiş etmişdir. N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X5 xx.xx.2007-ci il tarixli 8 saylı protokola əsasən iddiaçı X8 üzvlüyünə qəbul edilmişdir və Şıxlar adlanan bağ massivi sahəsindən iddiaçıya rəsmi olaraq 1000 kv.m. sahəsi olan bir saylı bağ sahəsi sahəsinin əlavə olunmuş cizgi əsasında ayrılması və sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra iddiaçıya əlavə olaraq 2-22 nömrəli X24 və bağın yerləşdiyi sahənin cizgiləri verilmişdir. Belə olan halda iddiaçıya ayrılmış sahənin ətrafı iddiaçı tərəfindən hasara alınmış və bu müddət ərzində faktiki sahibliyində olmuşdur. Qeyd edilən tarixdən torpaq sahəsi iddiaçının sahibliyində və faktiki istifadəsində olsa da, iddiaçı bu günədək həmin əmlak üzərində mülkiyyət hüquqlarını qeydə aldıra bilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarını qeydə aldırmaq qərarına gəlmiş və buna dair sənədlərini toplayaraq hazırki iş üzrə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3- 21- 3-30/2-17440/2023 **********40 saylı məktubunda qeyd edilmişdir ki, guya torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilərkən qaydalara riayət edilməmişdir, “Dəniz neftçisi” bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir, həmçinin eyni bağçılıq-yoldaşlığın nəzdində “2-22” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və nəticədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Dəniz neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Həmçinin eyni bağçılıq-yoldaşlığın nəzdində “2-22” saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin X2 xx.xx.2007-ci il tarixli 8 saylı qərarı ilə Şıxlar adlanan bağ massivi sahəsindən rəsmi olaraq 1000 kv.m olan bir saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Dəniz neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Məlumat üçün qeyd edirik ki, eyni bağçılıq-yoldaşlığın nəzdində vətəndaşın iddia etdiyi “2-22” saylı torpaq sahəsi X3, “22” saylı torpaq sahəsi isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Elektron baza məlumatlarına əsasən torpaq sahəsi “Dəniz neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşsə də, bölgü sxemi olmadığından göstərilən sahəsinin hansı bağ sahəsinin ərazisinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin faktiki ərazisi 998 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. N.Nərimanov adına NQÇİ “Dəniz neftçisi” X8 İdarə Heyətinin HİK və müdiriyyətlə birgə iclasının xx.xx.2007-ci il tarixli 8 saylı Protokolundan Çıxarışa əsasən N.Nərimanov adına NQÇİ-də işləyən aşağıda adları qeyd edilən işçilər “Dəniz neftçisi”, “Bağçılıq yoldaşlıq” təsərrüfatı üzvlüyünə qəbul edilmiş və hər birinə Şıxlar bağ massivində ***-**** kv.m torpaq sahəsi ayrılmışdır. № Soyadı, adı və atasının adı № Kv.m 8 X27 2/22 1000

7. N.Nərimanov adına NQÇİ-nin Şıxlar bağ massivindən torpaq sahəsi alan işçilərin siyahısı: № A.F.A İşlədiyi Bağın Tarix Qərarın Sahənin yer №-si №-si ölçüsü (Sahə) (sot) 250 X27 NQÇİ 2,22 xx.xx.2007 8 10

8. İş materiallarına əlavə olunmuş 2-22 nömrəli X16 əsasən X1 cəmiyyəti üzvlərinin xx.xx.2007-ci il tarixli 8 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Şıxlar bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan 2-22 №-li bağ sahəsi xx.xx.2007-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X7 və X17 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

10. “Dəniz Neftçisi” X8 üzvlərinin prorokolundan 27 may 1999-cu il tarixli Protokolundan Çıxarışa əsasən X11 ərizəsinə əsasən X6 üzvlüyə qəbul edilmiş və sahəsi 0,10h olan 2-22 saylı bağ sahəsi ona təhkim edilmişdir.

11. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışa əsasən X11 ünvan ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1021 nömrəli reyestr kitabının 101639 vərəqində qeydiyyata alınmışdır.

12. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23, X28, X12 və X31 mülkiyyətində olan ünvan ni X4 mülkiyyətinə vermişdir.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan üzərində xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır.

14. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X5 üzvlərinin xx.xx.1999-cu il 61 saylı protokolundan Çıxarışa əsasən X10 ərizəsinə əsasən X5 üzvlüyünə qəbul edilmiş və Şıxlar bağ massivində shaəsi 500 kv.m olan 22 saylı bağ sahəsi ona təhkim edilmişdir.

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, N.Nərimanov adına NQÇİ-nin 22 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2015-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır.

16. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-da saxlanılan sənədlər arasında N.Nərimanov adına NQÇİnin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən 2/22 saylı bağ sahəsinin eyni zamanda həm X14, həm də X18 ayrıldığına dair məlumat aşkar edilməmişdir. Belə ki, SOCAR-da saxlanılan “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının sənədləri arasında X11 adına torpaq sahəsi ayrılması barədə hər hansı bir sənəd mövcud deyil. Qeyd edilir ki, 2/22 saylı bağ sahəsi xx.xx.2007-ci il tarixində yalnız X18 ayrılmışdır və bu faktı təsdiqləyən “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzv olan işçilərinin siyahısından və protokoldan X15 adının nəzərdə tutulduğu çıxarış SOCAR-ın xx.xx.2024cü il tarixli, 14-2/2-4308/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuşdur. Həmin məktubda qeyd edildiyi kimi, yuxarıda adı çəkilən siyahıda və protokolda şəxsin adı “Səyyad” kimi göstərilmişdir. Eyni zamanda bildirilir ki, SOCAR-da saxlanılan sənədlər arasında X18 Şıxlar bağ massivində 1 saylı bağ sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar edilməmişdir

17. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X10 oğlunun hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.

18. Üçüncü şəxs X10 nümayəndəsi (əri) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçı X19 tanımır və 22 saylı torpaq sahəsi uzun müddətdir üçüncü şəxsin istifadəsindədir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

23. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

24. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

31. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

32. X35 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

33. X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

34. İddiaçı X26 Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 2-22 saylı sahədə yerləşən 1000 kv.m bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir.

35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - N.Nərimanov adına NQÇİ “Dəniz neftçisi” X8 İdarə Heyətinin HİK və müdiriyyətlə birgə iclasının xx.xx.2007-ci il tarixli 8 saylı Protokolundan Çıxarışa əsasən N.Nərimanov adına NQÇİ-də işləyən aşağıda adları qeyd edilən işçilər “Dəniz neftçisi”, “Bağçılıq yoldaşlıq” təsərrüfatı üzvlüyünə qəbul edilmiş və hər birinə Şıxlar bağ massivində ***-**** kv.m torpaq sahəsi ayrılmışdır. № Soyadı, adı və atasının adı № Kv.m 8 X27 2/22 1000 - N.Nərimanov adına NQÇİ-nin Şıxlar bağ massivindən torpaq sahəsi alan işçilərin siyahısı: № A.F.A İşlədiyi Bağın Tarix Qərarın Sahənin yer №-si №-si ölçüsü (Sahə) (sot) 250 X27 NQÇİ 2,22 xx.xx.2007 8 10 - İş materiallarına əlavə olunmuş 2-22 nömrəli X16 əsasən X1 cəmiyyəti üzvlərinin xx.xx.2007-ci il tarixli 8 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Şıxlar bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m olan 2-22 №-li bağ sahəsi xx.xx.2007-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.

36. Məhkəmə hesab edir, N.Nərimanov adına NQÇİ “Dəniz neftçisi” X8 İdarə Heyətinin HİK və müdiriyyətlə birgə iclasının xx.xx.2007-ci il tarixli 8 saylı Protokolundan Çıxarış 2-22 nömrəli X25 ilə tamamlanmaqla iddiaçı X13 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

37. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, eyni bağçılıq-yoldaşlığın nəzdində vətəndaşın iddia etdiyi “2-22” saylı torpaq sahəsi X3, “22” saylı torpaq sahəsi isə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

38. Məhkəmə bununla bağlı nəzərə alır ki, üçüncü şəxs X10 nümayəndəsi (əri) məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçı X19 tanımır və 22 saylı torpaq sahəsi uzun müddətdir ki, üçüncü şəxsin istifadəsindədir.

39. Məhkəmə digər tərəfdən müəyyən edir ki, hazırda X3 mülkiyyətində olan 2-22 saylı bağ sahəsi xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında X23, X28, X12 və X31 tərəfindən X3 mülkiyyətinə verilmişdir. Məhkəmənin sorğusuna əsasən SOCAR tərəfindən ünvanlanan məktuba əsasən N.Nərimanov adına NQÇİnin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən 2/22 saylı bağ sahəsinin X14 ayrılmadığı müəyyən edilmişdir. Belə ki, SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-da saxlanılan sənədlər arasında N.Nərimanov adına NQÇİnin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən 2/22 saylı bağ sahəsinin eyni zamanda həm X14, həm də X18 ayrıldığına dair məlumat aşkar edilməmişdir. SOCAR-da saxlanılan “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının sənədləri arasında X11 adına torpaq sahəsi ayrılması barədə hər hansı bir sənəd mövcud deyil. Qeyd edilir ki, 2/22 saylı bağ sahəsi xx.xx.2007-ci il tarixində yalnız X18 ayrılmışdır və bu faktı təsdiqləyən “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzv olan işçilərinin siyahısından və protokoldan X15 adının nəzərdə tutulduğu çıxarış SOCAR-ın xx.xx.2024cü il tarixli, 14-2/2-4308/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuşdur.

40. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, digər şəxslərin mülkiyyətində olan 22 və 2-22 nömrəli bağ sahələri mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üstüstə düşmür, ayrı-ayrı torpaq sahələridir, nömrə təkrarlanması baş vermişdir. Odur ki, cavabdeh tərəfindən inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilərək nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.

41. Məhkəmə nəzərə alır ki, N.Nərimanov adına NQÇİ “Dəniz neftçisi” X8 İdarə Heyətinin HİK və müdiriyyətlə birgə iclasının Protokolundan Çıxarışda və X25nda vətəndaşın adı “X27” kimi qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, şəxsin adının yazılışı zamanı formal (texniki) yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır (bu faktı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir).

42. Cavabdeh orqan imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, torpaq sahəsinin faktiki ərazisi 998 kv.m təşkil edir.

43. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı X26 mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki ölçüsünə uyğun olaraq qeydiyyata alınmasını tələb etmişdir.

44. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

45. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İnventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilməklə (nömrə təkrarlanması aradan qaldırılmaqla) Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 2-22 saylı sahədə yerləşən 0,09884 hektar torpaq üzərində iddiaçı X13 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar