Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1747/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Dövlət Neft Şirkəti, “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 300 kv.m-i üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq çıxarışın verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət etmişdir. Onun bu müraciətinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina məktubu ilə cavab verilmişdir. Bildirmişdir ki, həmin torpaq sahəsi o vaxtki Kirov rayon xalq deputatları Sovetinin 13/269 nömrəli 14 iyul 1990-cı il tarixli Qərarına əsasən 600 kv.m. ölçüdə Aslanov A.S.-a verilmişdi. xx.xx.2001-ci il tarixli Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 596 saylı Sərəncamına əsasən həmin torpaq sahəsi ona verilmişdir. Həmin Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Binəqədi qəsəbəsi mərkəzi küçəsi, ev 10, döngə 5-də yaşayan Ə.S.Aslanov Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13-269 saylı, xx.xx.1990-cı il tarixli sərəncamı ilə Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600,0 kv.m. torpaq sahəsində ev tikməyə imkanı olmadığı üçün notarial qaydada aralarında olan qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsinə icazə verilməsini xahiş edir. Bu xahişlə də qeyd edilmiş Sərəncam əsasında sözügedən ünvanda yerləşən torpaq sahəsi X3 onun adına keçmişdir. xx.xx.2002-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 450 nömrəli Sərəncamına əsasən isə həmin torpaq sahəsinin 300,0 kv.m. hissəsi vətəndaş X4 adına keçirilmişdir. Hazırda həmin 600 kv.m.-lik torpaq sahəsinin 300,0 kv.m-i faktiki olaraq iddiaçının mülkiyyətindədir və o məhz həmin hissə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq çıxarışın ona verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10800/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1747/2023 saylı qərardadı ilə “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması, eləcə də fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin addan ada keçirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan başqa, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin addan ada keçirilməsi barədə xx.xx.2001-ci il tarixli, 596 nömrəli sərəncamda istinad edilən 13/269 saylı, xx.xx.1990-ci il tarixli sərəncam qeydiyyatdan keçmiş Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4, ev 181 fərdi yaşayış evinin qovluğunda mövcuddur. İddiaçı tərəfindən göstərilən torpaq sahəsində (S=290 kv.m) 3 ədəd 1 mərtəbəli yaşayış evi mövcuddur və bu torpaq sahəsinin sözügedən (qeydiyyatdan keçmiş) torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində torpaq sahəsinin ünvanı “Mədən 2, korpus 45” kimi göstərilmişdir. Torpaq sahəsi neft buruğundan 20,0 m məsafədə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə- park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai- iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilir. Üçüncü şəxs Dövlət Neft Şirkəti 14-2/2-2071/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda iddiaya münasibət bildirərək bildirmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X9” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR- ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxs Dövlət Neft Şirkəti məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs Dövlət Neft Şirkətinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 sentyabr 2022-ci il tarixli, BA-05605-2022 nömrəli məktubunda bildirilmişdir ki, keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 13/269 saylı, Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2002-ci il tarixli 450 saylı və xx.xx.2001-ci il tarixli, 596 saylı sərəncamları və onlara əlavə edilmiş digər səndlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarına əsasən X5 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evi tikməsi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 596 nömrəli Vət. X5 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin, vət. İddiaçı adına keçirilməsi barədə Sərəncamı ilə Binəqədi qəsəbəsi ərazisində yerləşən, 600 kv.m ölçüdə olan, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 13- 269 saylı, xx.xx.1990-cı il tarixli sərəncamı ilə vət. X5 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin vət. İddiaçı adına keçirilməsinə göstəriş verilmişdir. -İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına ərizə ünvanlayaraq Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 596 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Binəqədi qəsəbəsi ərazisində ona verilmiş 600 kv.m-dən ibarət torpaq sahəsinin 300 kv.m-dən ibarət hissəsinin X4 adına keçirilməsinə etiraz etmir. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 450 nömrəli sərəncamı ilə Binəqədi RİH Başçısının 596 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsində İddiaçı ayrılmış 600.0 kv.m torpaq sahəsinin 300,0 kv.m. hissəsi vətəndaş X4 adına keçirilməsinə göstəriş verilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbəsi inzibati ərazi üzrə nümayəndəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin memarının imza və möhürü ilə təsdiq edilmiş İddiaçı ayrılmış torpaq sahəsinin cizgisinə əsasən torpaq sahəsinin ölçüsü 300 kv.m, yerləşmə koordinatları X-400850.21, Y-4479802.26. İnzibati icraat materialları ilə göndərilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyətini əks etdirən müayinə (baxış) aktına əsasən Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evi ilə bağlı bildirilmişdir ki, təqdim olunmuş sənədlərdə addan-ada keçirilmə sərəncamında qeyd olunmuş 13/269 saylı xx.xx.1990-cı il tarixli sərəncam qeydiyyatdan keçmiş, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4 ev 181 fərdi yaşayış evinin qovluğunda mövcuddur. Ərizəçi tərəfindən göstərilən torpaq sahəsində (S=290.0 kv.m) 3 ədəd 1 mərtəbəli yaşayış evi mövcuddur və bu torpaq sahəsinin sözügedən torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Torpaq sahəsi neft buruğundan 20.0 m məsafədə yerləşir. Torpaq sahəsinin sərhədləri və qonşuluqları 400850, 4479802. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Sahənin yaxınlığında 2 ədəd işlək neft quyuları mövcuddur. Həmçinin cizgidə istinad məsafələri qeyd edilməmişdir. Bundan əlavə olaraq perimetrik ölçülərdə və konfiqurasiyada fərqlər mövcuddur. İdarənin arxiv məlumatlarına əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin 13/269 saylı, xx.xx.1990-cı il tarixli sərəncamı əsasında özəlləşmə aparılmış və özgəninkiləşdirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Sahənin yaxınlığında (7-32 metr aralı) 2 ədəd işlək neft quyuları yerləşməklə mühafizə zonasına düşür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********27 nömrəli məktubu ilə göndərilmiş ünvan 4 ünvanında yerləşən 300.0 kv.m torpaq sahəsinin koordinatları:
1. X- 400840.9134 , Y- 4479803.4601
2. X- 400850.1871, Y- 4479806.2183
3. X- 400861.6938, Y- 4479809.0029
4. X- 400863.8270, Y- 4479797.2944
5. X- 400862.3901 , Y- 4479797.1571
6. X- 400863.1045, Y- 4479793.7043
7. X- 400842.6359 , Y- 4479791.8248
8. X- 400841.2020 , Y- 4479798.7785 Faktiki torpaq sahəsi 294.0 kv.m. Məhkəmə sorğusun cavab olaraq Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il arixli 5-10/2-1621/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı adına keçirilmiş 300 kv.m torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinin Dövlət Neft Şirkəti tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinin istifadəsinə qaytarılması və sözügedən torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara ayrılması ilə bağlı Şirkətin razılığının olub-olmaması barədə hər hansı bir məlumatlar mövcud deyildir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialınınxx.xx.2023-cü il tarixli, 03/1222 nömrəli məktubunda qeyd edilmişdir ki, şirkətin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək müəyyən olunmuşdur ki, sorğunuzda qeyd etdiyiniz vətəndaş İddiaçı ayrılan torpaq sahəsi “X8 haqqında” Sazişə və “X7”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində. UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən kordinatlar daxilində yerləşir: 1.400837.895 4479804.173, 2.400859.390 4479806.890, 3.400860.312 4479791.023, 4. 400838.186 4479791.023. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsi 143065, 140598, 143492, 143216, 142226, 143077, 143067, 143076, 143258, 142351, 143332, 142270 saylı neft quyularının mühafizə zonasında yerləşir. Həmçinin qeyd etmək istəyirik ki, vətəndaş İddiaçı ayrılan torpaq sahəsi bilavasitə fəaliyyətdə olan 143258 saylı neft quyusunun 44 metrliyində, 142351 saylı neft quyusunun 21 metrliyində, 143332 saylı neft quyusunun 32 metrliyində və 142270 saylı neft quyusunun 63 metrliyində yerləşir. Nəzərinizə çatdırırıq k, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən “X11” şirkəti sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. Qeyd olunanları nəzərə alaraq icraatınızda olan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 596 saylı sərəncamına uyğun olaraq iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair 2-1(112)-1747/2023 saylı inzibati işin rədd olunması barədə qərar qəbul etməyinizi xahiş edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin addan ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001 -ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, Kirov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarına əsasən X5 Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evi tikməsi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 596 nömrəli sərəncamı 600 kv.m torpaq sahəsi İddiaçı adına keçirilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixli razılıq ərizəsinə əsasən Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 450 nömrəli sərəncamı ilə İddiaçı adına keçirilmiş 600.0 kv.m torpaq sahəsinin 300,0 kv.m. hissəsi vətəndaş X4 adına keçirilmiş, Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbəsi inzibati ərazi üzrə nümayəndəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin memarının imza və möhürü ilə İddiaçı qalan 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisi və koordinatları tərtib edilərək təsdiq edilmişdir. İddiaçı istifadəsində olan 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan iddiaçının istinad etdiyi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamının xx.xx.2001-ci il tarixli olduğu, xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin addan-ada keçirilməsinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olduğunu əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı iddiasında cavabdehin qeyd edilən imtinasını mübahisələndirmiş, cavabdeh iddiaya etirazında əlavə olaraq həm də elektron kadastr baza məlumatına əsasən naturada göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu, həmçinin 13/269 saylı, xx.xx.1990-ci il tarixli sərəncamın qeydiyyatdan keçmiş Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 4, ev 181 fərdi yaşayış evinin qovluğunda mövcud olduğuna əsaslanaraq iddiaya etiraz etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə ilk növbədə iddiaçının təqdim etdiyi torpağın ayrılması barədə hüquqmüəyyənedici sənədlərə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıya Kirov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 13/269 saylı qərarına əsasən ilkin olaraq X5 Binəqədi qəsəbəsi ərazisində 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmış, daha sonra həmin sahə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 596 nömrəli sərəncamı İddiaçı adına keçirilmişdir. Başqa sözlə, torpaq sahəsinin ayrılması ilkin olaraq xx.xx.2001-ci il tarixdən əvvəl baş vermiş, ilkin torpaqayırma sənədi əsasında həmin sahənin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı üçün hüquqmüəyyənedici sənəd Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 596 nömrəli sərəncamı olmaqla həmin yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçının istifadəsində qalan (sonradan 300 kv.m) torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin addan ada keçirilməsi barədə xx.xx.2001-ci il tarixli, 596 nömrəli sərəncamda istinad edilən 13/269 saylı, xx.xx.1990-ci il tarixli sərəncamın digər daşınmaz əmlakın qeydiyyat qovluğunda olmasına gəlincə cavabdeh özü də iddiaçı tərəfindən iddia olunan faktiki torpaq sahəsinin ilkin sərəncamla qeydiyyatdan keçmiş torpaq sahəsinə aidiyyətinin olmadığını, həmin torpaq sahələrinin üst-üstə düşmə halının olmadığını qəbul etmişdir. Lakin bununla yanaşı məhkəmə yuxarıda qeyd edilən imtina əsaslarından torpaq sahəsinin kateqoriyası, hüquqi rejiminə diqqəti çəkir. Belə ki, cavabdeh faktiki göstərilən koordinatları müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirmişdir. Məhkəmə sorğularına cavab olaraq cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı koordinatları ölçülmüş torpaq sahəsinin neft buruğundan 20.0 m məsafədə yerləşdiyi, sahənin yaxınlığında (7-32 metr aralı) 2 ədəd işlək neft quyuları yerləşməklə mühafizə zonasına düşdüyü qeyd edilmişdir. Bununla əlaqədar iddia olunan sahənin cavabdeh tərəfindən müəyyən edilmiş coğrafi koordinatları Dövlət Neft Şirkəti və Binəqədi Oyl Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinə göndərilərək həmin sahənin həmin şirkətlərin istifadəsinə verilmiş torpaq sahələri olub-olmaması, neft quyularının mühafizə zonasında yerləşib-yerləşməməsi barədə məlumatın verilməsi tələb olunmşdur. Dövlət Nfet Şirkətinin sorğuya cavabında həmin koordinatlarda yerləşən torpaq sahəsinin uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olduğu, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X9” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi bildirilmişdir. Eyni zamanda üçüncü şəxs tərəfindən DNŞ-nin daimi istifadəsində olan, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş Binəqədi Oyl ƏŞ-nin kontrakt sahəsinin Çaxnaqlar və Binəqədi blokunun torpoqrafik planı (xəritəsi) təqdim edilmiş, həmin xəritədə İddiaçı iddia etdiyi sahənin blokun sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sorğuya cavabında yerli mütəxəsisləri tərəfindən həmin sahəyə baxış keçirildiyi, iddia olunan sahənin “X8 haqqında” Sazişə və “X7”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində (1.400837.895 4479804.173, 2.400859.390 4479806.890, 3.400860.312 4479791.023, 4. 400838.186 4479791.023) yerləşdiyi, sözügedən torpaq sahəsinin 143065, 140598, 143492, 143216, 142226, 143077, 143067, 143076, 143258, 142351, 143332, 142270 saylı neft quyularının mühafizə zonasında, eyni zamanda bilavasitə fəaliyyətdə olan 143258 saylı neft quyusunun 44 metrliyində, 142351 saylı neft quyusunun 21 metrliyində, 143332 saylı neft quyusunun 32 metrliyində və 142270 saylı neft quyusunun 63 metrliyində yerləşdiyi qeyd edilmişdir. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş ərazinin ortofotogörütüsündə iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin yaxınlığında neft quyularının olduğu müşahidə olunur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Beləliklə, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahəsi olmaqla “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X9” Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. Müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi həm də neft quyularının mühafizə zonasında yerləşdiyindən təhlükəsizlik cəhətdən də əliverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aiddirlər. Belə olan halda yuxarıda sadalanan normalara əsasən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. İddiaçının iş materiallarına əlavə etdiyi torpaq sahəsinə dair ilkin cizgisindəki qeyd və möhür Socar Azəriqaz İB-nin Binəqədi Qaz istismar Sahəsinin nümayəndəsi tərəfindən imza və idarəyə aid möhürlə təsdiq edilmiş qeydi həmin sahənin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinə aid olmaması barədə deyil, həmin sahədən yeraltıyerüstü qaz xətlərinin keçməməsi barədədir. Bundan əlavə torpaq sahəsini ayıran Binəqədi rayon İcra Hakimiyyəti də məhkəmə sorğusuna cavabda İddiaçı adına keçirilmiş 300 kv.m torpaq sahəsinin Dövlət Neft Şirkəti tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinin istifadəsinə qaytarılmış ərazidə yerləşməsi barədə məlumatın olmadığını bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova