Məhkəmə qərarları › İş №2-1(112)-1747/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1747/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1747/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ölüm haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 117 nömrəli ölüm haqqında akt qeydində düzəliş edilərək “Musa” adının “Mirzə” kimi yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhun həyat yoldaşı X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir. Mərhumun AZ seriyalı, ******* nömrəli ölüm haqqında şəhadətnaməsində ata adı “Musa” kimi göstərilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus olan digər sənədlərdə, o cümlədən nikahın bağlanılması haqqında şəhadətnamədə, mərhumun ata adı “Mirzə” kimi göstərilmişdir. Lakin Cavabdeh tərəfindən tərtib edilmiş 117 nömrəli ölüm haqqında akt qeydində mərhumun ata adı “Mirzə” əvəzinə “Musa”, kimi göstərilmişdir. İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş 117 nömrəli ölüm haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, Bakı şəhəri Cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun mərhum həyat yoldaşının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. İddiaçı cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, mərhum həyat yoldaşına məxsus olan bütün sənədlərdə ata adı ‘‘Mirzə” kimi göstərilmişdir. Yuxarıda qeyd edilənlərdən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, 117 nömrəli ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün yetərli əsaslar mövcuddur. Beləliklə, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçının Şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən X2 Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə tərtib edilmiş 5 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında ata adının "Mirzə” yazıldığı halda, xx.xx.2001-ci ildə tərtib edilmiş 117 saylı ölüm haqqında akt qeydində ata adının “Musa” göstərildiyi aşkar edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni iddiaçının mərhum həyat yoldaşının ölüm haqqında akt qeydində düzəlişin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra cavabdeh inzibati orqana qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-1947-ci illərə dair Laçın rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Laçın rayonu Malıbəy, Piçəniş (Kirov), Təzəkənd, Məlikpəyə, Şəlvə, Lenin icra nümayəndəlikləri) X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilir ki, 1938-ci ilə dair Laçın rayonu Daşlı kənd sovetliyinin Kaha kəndi üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. -xx.xx.1978-ci il tarixdə verilmiş, 5 №-li Nikahın bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1938-ci il təvəllüdlü X7 ilə, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı arasında nikah bağlanmış, kişiyə “Süleymanov”, qadına “Süleymanova” soyadı verilmişdir. -Laçın rayonu Daşlı kənd XDS tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1938-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuş X7 ilə, xx.xx.1949-cu ildə Laçın rayonu, Ərikli kəndində anadan olmuş İddiaçı arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixli, 5 №-li qeyd aparılmışdır. -1969-cu il tarixli, 12 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1969-cu ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -xx.xx.1971-ci il tarixli, 28 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1971-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -xx.xx.1972-ci il tarixli, 51 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1972-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -xx.xx.1974-cü il tarixli, 31 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1974-cü ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -xx.xx.1977-ci il tarixli, 7 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1977-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -xx.xx.1978-ci il tarixli, 21 №-li Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1978-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuşdur. X1, anası İddiaçıdır. -Azərbaycan SSR Laçın rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, ******* №-li Hərbi biletin surətindən görünür ki, o, X7 (Сулейманов Айдын Мирза оглы) 1938-ci ildə Laçın rayonunun, Kaha kəndində doğulmuşdur. -Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli Ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. -Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixli, 117 №-li qeyd aparılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsidir. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisə olmaması halı ilə səciyyələndirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının mərhum ərinin hərbi biletində, iddiaçı ilə arasında bağlanmış nikah haqqında akt qeydində, nikah haqqında şəhadətnaməsində, habelə övladlarının doğum haqqında akt qeydlərində ata adının “Mirzə” kimi göstərilməsi onun ölüm haqqında akt qeydinin müvafiq qrafasında “Musa” adının “Mirzə” kimi qeyd edilməsini qeyri-düzgün məlumatın göstərilməsi kimi qəbul edir və hər hansı ziddiyətli məqam mövcud olmadığından arzulanan dəyişikliyin aparılması üçün kifayət qədər əsas olduğu qənaətinə gəlir. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və cavabdeh tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 117 №-li ölüm haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2001-ci il tarixli, 117 nömrəli ölüm haqqında akt qeydində X4 ata adı qrafasında “Musa” adının “Mirzə” adına dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar