Məhkəmə qərarları › İş №2-1(112)-1748/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1748/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1748/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 sahədə yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini əldə etmişdir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və bilavasitə onların hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, göstərilən ərazidə hasarlanma işləri düzgün aparılmaması səbəbindən sənəd üzrə sahənin bir hissəsi (36 kv.m) X1 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən, notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişlər ünvanlanmışdır. Həmçinin torpaq sahəsinin ümumi sahəsi sənəd üzrə 0,0277 ha olsa da, faktiki olaraq 0,0185 ha təşkil edir. Həmçinin sənəd ilə faktiki sahə arasında konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, sözügedən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından və hüquqmüəyyənedici sənəddəki koordinatlarla faktiki sahənin koordinatları arasında uyğunsuzluq olduğundan bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8921/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 123F ünvanında yerləşən yaşayış sahəsinin X5 ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 məxsus olmuş torpaq sahəsin plan və ölçüsündə göstərilən koordinatlarda mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və plan-ölçünün həmin ölçülərdə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq, həmçinin qeyd edilməlidir ki, iddiaçının ilkin tələbini dəyişməsi də iddianın mümkünlüyü məsələsinə təsir etmir. Belə ki, iddiaçı işin faktiki hallarından görünür ki, ilkin olaraq Məmmədbəyli küçəsi 123F mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edərkən göstərdiyi torpaq sahəsi iddia tələbi dəqiləşdirilərkən olan torpaq sahəsi ilə tam üst-üstə düşmədiyindən cavabdehin imtinası məhz iddia olunan torpaq sahəsi ilə bağlı olmuş, sonradan iddia tələbi dəqiqləşdirilmiş, yeni iddia tələbi dəqiqləşdirildikdən sonra bununla bağlı dəqiqləşdirilmiş formada iddia tələbi yenidən inzibati icraatın aparılması ilə bağlı cavabdehə məktubla təqdim edilmişdir. Belə ki, 01 noyabr 2022-ci il tarixli məktubdan da görünür ki, məktubda qeyd edilmişdir ki, İddiaçı hazırkı iddiaya dəqiqləşmə verərək məhz X3 mülkiyyətində olmuş çıxarışda nəzərdə tutulan koordinatlar daxilində olan torpaq sahəsinə alqı-satqı müqaviləsi əsasında həmin koordinatlarda onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Göründüyü kimi ilkin tələbindən fərqli olaraq iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə yox, hüquqmüəyyənedici sənəd əsasında aldığı ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Yəni, iddiaçı hesab edir ki, X3 mülkiyyətində sənəd üzrə hansı torpaq sahəsi olmuşdursa ona da həmin torpaq sahəsi verilməlidir. hazırkı formada dəqiqləşmə edilmiş iddia tələbinə münasibət bildirilməsi zərurəti vardır. Belə ki, işin faktiki hallarından görünür ki, imtina onunla bağlı olmuşdur ki, bölgü sxem təqdim edilməmiş, torpaq sahəsi 36 kv.m hissədə X1 mülkiyyətindədir. Hazırkı dəqiqləşmə olduğu təqdirdə isə, torpaq sahəsi bütünlükdə 0,0277 ha hissədə X3 mülkiyyətində olmuş koordinatlar daxilində olan formada iddiaçı tərəfindən tələb edildiyindən hər hansı bölgü sxemin zəruriliyinə ehtiyac məsələsinə münasibət bildirilməlidir. Eyni zamanda, indiki formada torpaq sahəsinin yenə də bir hissəsinin başqasının mülkiyyətində olub-olmaması məsələsi də müzakirə edilməlidir. Odur ki, ünvan 1 ünvanında yerləşən X3 mülkiyyətində olmuş torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən əldə etmiş İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıbalınmaması məsələsinə rəsmi yazılı münasibətin məhkəməyə təqdim edilməsi təklif edilir. Lakin, cavabdeh hazırkı formada tələbin təmini ilə bağlı heç bir tədbir görməmişdir ki, qeyd olunan səbəbdən hazırkı halda məhkəmə cavabdehə əvvəlcədən iddia tələbi ilə müraciət edilməmə ilə bağlı mümkünlük şərtinin ödənilməməsi halı ilə razılaşmır və iddiaya dəqiqləşdirilmiş formada baxılmasına mane ola biləcək mümkünsüzlük halının olmadığı qənaətindədir. Hazırkı halda ilkin müraciətin tamamilə fərqli müraciət olmaması, məhz iddianın 123F saylı bağ sahəsi ilə bağlı olması, koordinatla bağlı və torpaq sahəsinin ölçüsü ilə bağlı tələbin yenilənməsi nəticəsində formalaşmış tələbin iddianın predmeti olması da məhkəmə hesab edir ki, iddianın mümkünlüyü məsələsinə qiymət verilərkən nəzərə alınmalı və prosessual qənaət prinsipi baxımından da yeni müraciətin tələb edilməməsi və 27 avqust 2021-ci il tarixdən məhkəməyə daxil olmuş işə mahiyyəti üzrə baxılması mümkün olmalıdır. Odur ki, iddia mümkün iddiadır. lakin cavabdeh tərəfindən müraciətin İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:

1. Sənəd üzrə sahənin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi;

2. Torpaq sahəsinə dair bölgü sxeminin təqdim olunması;

3. Torpaq sahəsinin ümumi sahəsinin sənəd üzrə 0,0277 ha olduğu halda, faktiki olaraq 0,0185 ha olmasıdır.

Lakin, qeyd olunmalıdır ki, hazırda həmin imtina əsasları əhəmiyyət daşımır. Belə ki, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatdan, eyni zamanda iddia tələbinə dəqiqləşmə ərizəsindən görünür ki, iddiaçının hazırda hüquqi marağı məhz alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququnu əldə etdiyi 0,0277 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Yəni, hazırda iddiaçı məhz alqı-satqı müqaviləsi əsasında köhnə mülkiyyətçiyə məxsus torpaq sahəsi nədən ibarət olmuşdursa, hazırda məhz həmin torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınmasında iddialıdır. İşin faktiki hallarından isə görünür ki, Leyla Məmmədbəyli küçəsi, sahə 123 F ünvanında yerləşən 0,0277 ha torpaq sahəsinin köhnə mülkiyyətçisi X5 olmuş və həmin şəxs 29 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini bütünlükdə İddiaçı, yəni iddiaçıya satmışdır. İddiaçı da həmin alqı-satqı müqaviləsinə istinad etməklə əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmişdir ki, həmin tələb aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inetarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı notarial təsdiq olunmuş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyət hüququ ilə ünvan 2 ünvanda yerləşən 0,0277 ha olan torpaq sahəsini satın almışdır. Göründüyü kimi mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeyd qüvvədədir ki, iddiaçı da vicdanlı alıcı kimi həmin qeydə etibar edərək müqavilə bağlamış, nəticədə də hazırda iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir ki, həmin hallar hazırkı iddianın qanuni və əsaslılığına şübhə yaratmaqla digər imtina dəlillərini aradan qaldırır. Belə ki, iddiaçının müraciəti 0,0277 ha torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Doğrudur, iddiaçı ilkin olaraq iş materiallarının 45-ci səhifəsində olan xəritədən də göründüyü kimi hazırda iddia etdiyi torpaq sahəsi ilə qismən üst-üstə düşən 0,0185 ha torpaq sahəsinə dair iddia irəli sürmüş, həmin torpaq sahəsinin bir hissəsinin isə başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi, faktiki sahənin 0,0277 ha torpaq sahəsi olmaması, tərəflər arasında razılıq olmaması, koordinatlar arasında uyğunsuzluq olması kimi imtina dəlilləri ona qarşı irəli sürsə də, sonradan iddia tələbinə dəqiqləşmə vermiş və məhz hansı torpaq sahəsini almışdırsa həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatını tələb etmişdir ki, həmin hal məhkəmə hesab edir ki, ona qarşı irəli sürülmüş bütün imtina dəlillərinin əhəmiyyətini itirməsi ilə nəticələnir. Belə ki, hazırkı halda 0,0185 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından söhbət getmədiyindən torpaq sahəsi bütünlükdə 0,0277 ha sahə ilə bağlı olduğundan bölgü sxem və ya razılığın tələb edilməsindən, koordinatlar köhnə əvvəlki mülkiyyətçisinin qeydinə əsaslanan texniki ölçülərlə bağlı olduğundan koordinatların uyğunsuzluğundan, nəticədə də başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşmədən söhbət gedə bilməz. Yuxarıda qeyd olunduğu kimi dəqiqləşdirilmiş formada iddia münasibət bildirilməsi və inzibati icraatın aparılması ilə bağlı cavabdehə məktubla göndərilmiş, lakin cavabdeh tərəfindən həmin müraciətin təmininə yönəlmiş heç bir tədbir görülməmişdir ki, iddiaçının müraciətinin təmin edilməməsi və nəticədə də iddiaçının qanuni və əsaslı müraciətinin məhkəmə qaydasında təmin edilməli olması aşkar müəyyən edilir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1113/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarından da göründüyü kimi məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin etirazının dəlilləri isə ondan ibarətdir ki, həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir və həmin ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sadalanan həmin hallar iddiaçının satın aldığı mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən 28 noyabr 2014-cü il tarixdə həmin torpaq sahəsi satıcı X2 adına reyestrdə qeydiyyata alınaraq ona bu barədə çıxarış verilmişdir Eyni zamanda, Ali Məhkəmə 2-1(102)-1023/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarında oxşar mövqedən çıxış edilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, 123F ünvanında yerləşən yaşayış sahəsinin X5 ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 məxsus olmuş torpaq sahəsinə plan və ölçüsündə göstərilən koordinatlarda mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və plan-ölçünün həmin ölçülərdə verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar