Məhkəmə qərarları › İş №2-1(112)-17489/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17489/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17489/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçının mərhum həyat yoldaşının doğum akt qeydində soyadının Mahmudov əvəzinə İsrafilov yazılması” kimi dəqiləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya vəfat etmiş həyat yoldaşına düşən pensiyanı almaq məqsədi ilə sənədlər toplayarkən məlum olmuşdur ki, digər sənədlərlə yanaşı həm də nikahda olmağı və hazırda subay olmağı haqda arayış təqdim olunmalıdır. Bildirilmişdir ki, “Doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə Qaradağ rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən sizin Salyan rayon Xıdırlı icra nümayəndəliyi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 57 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında, eləcə də Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 609 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı "İsrafilov" yazıldığı halda, Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 542 saylı doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı "Mahmudov" göstərildiyi müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.” Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir.

4. Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/7-İ-68-194/2025 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sənədlər nəzərdən keçirilərkən sizin Salyan rayon Xıdırlı icra nümayəndəliyi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 57 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında, eləcə də Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 609 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı “İsrafilov” yazıldığı halda, Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 542 saylı doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Mahmudov” göstərildiyi müəyyən edilmişdir.”

5. Cavabdehin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən ərizəçinin Salyan rayon Xıdırlı icra nümayəndəliyi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 57 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında, eləcə də ərizəçinin ərinin Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş 609 saylı ölüm haqqında akt qeydində ölən şəxsin soyadı “İsrafilov” yazıldığı halda, Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1952-ci il tarixdə tərtib edilmiş 542 saylı doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadı “Mahmudov” göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Eyni zamanda Qaradağ rayon qeydiyyat şöbəsinin iş yükünün çoxluğunu nəzərə alaraq xx.xx.2026-cı il tarixə təyin olunmuş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AZE 03604943 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Vəsiqədə şəxsin soyadı “İsrafilov” kimi göstərilmişdir.

13. Qaradağ rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, X5 və X3 nikahı haqqında 04 oktyabr 1975-ci il tarixdə 57-№-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Salyan rayon Xıdırlı icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə, İsrafilov arvada İsrafilova soyadı verilmişdir. Qeyd: xx.xx.2012-ci ildə vəfat etmiş X2 ölümü xx.xx.2012-ci il tarixdə 609 №-li akt qeydi ilə Qaradağ rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən 542 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydinin surətinə əsasən, X6 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən 57 saylı xx.xx.1975-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətinə əsasən, Bakı şəhərində doğulan xx.xx.1952-ci il təvəllüdlü X5 ilə X7 arasında nikah bağlanmışdır, arvada İsrafilova soyadı verilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən 609 saylı xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydinin surətinə əsasən, Bakı şəhərində doğulan xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

IV. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

20. İşin hallarına əsasən, iddiaçı X1 Arif Heybətqulu oğlu ilə xx.xx.1975-ci il tarixdə nikah bağlayaraq İsrafilova soyadın alımışdır. İddiaçının əri X5 xx.xx.2012-ci il tarixdə vəfat edərək buna dair ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında mərhumun şəxsiyyət vəsiqəsi mövcuddur, xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin ad qrafasında şəxsin tam adı “X5”, doğum tarixi “xx.xx.1952”, doğulduğu yer “Azərbaycan, Bakı” olaraq qeyd olunmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

22. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

23. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin AZE 03604943 nömrəli şəxsiyyət vəsiqəsində soyadının “İsrafilov” olması, eyni zamanda - 609 saylı xx.xx.2012-ci il tarixli ölüm haqqında akt qeydi, 57 saylı xx.xx.1975-ci il tarixli nikahın bağlanması haqqında akt qeydində soyadının “İsrafilov” olması iş materialları ilə müəyyən edilir.

24. Göründüyü kimi iddiaçının mərhum ərinə məxsus yuxarıda göstərilən sənədlərdə onun soyadı “X5” kimi, aşkar olunan doğum haqqında akt qeydində isə onun soyadı “Mahmudov” olaraq göstərilmişdir.

25. Nəzərə alınmalıdır ki, ona məxsus şəxsiyyət vəsiqəsi, nikahın bağlanması haqqında akt qeydi, ölüm haqqında akt qeydi və doğum haqqında akt qeydində “ata adı, “adı” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulduğu görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

26. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti doğum akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının mərhum ərinin soyadının “İsrafilov” olduğunu nəzərə alaraq hesab edir ki, onun doğum haqqında akt qeydində düzəliş edilməli və soyadı “Mahmudov” deyil, “İsrafilov” kimi göstərilməlidir.

27. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı mərhum əri X2 542 saylı xx.xx.1952-ci il tarixli doğum akt qeydində soyadı qrafasında “Mahmudov” əvəzinə “İsrafilov” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Bskı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar