Məhkəmə qərarları › İş №2-1(112)-1750/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1750/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1750/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X4 üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni xx xxxxx 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki vaxtadək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF X4 idarəsinə müraciət etmişdir. Həmin müraciətin nəticəsi barədə xx xxxxxx 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək, guya sənədlərin əslini təqdim etmədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1972-ci ildə Bakı şəhəri X7 Məktəbində təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. 57 yaşı xx.xx.2012-ci il tarixdə olmuşdur. Onun ümumilikdə əmək stajı 41 (qırx bir) ildən yuxarı təşkil edir. Əmək stajı 1978-ci ildən yəni 28 (iyirmi səkkiz) il Bakı X3 Zavodunda “ştamplayıcı” vəzifəsində işləmişdir. Onun 2006-ci il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pesiyası almaq hüququ yaranmışdır. O, 1972-ci il tarixdən xx.xx.1974-cu il tarixə kimi, 02 (iki) il, Bakı Bədən Tərbiyə Texnikumunda oxumuşdur. xx xxxxxx 1974-cü il tarixdən xx xxxxxx 1974-cü il tarixə kimi Daşkəsən rayonu orta məktəbdə idman müəllimi işləmişdir. xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı il tarixə qədər hərbi xidmətdə olmuşdur. xx xxxx 1977-ci il tarixdən xx xxxxxx 1978-ci il tarixə kimi Cəbrayıl rayonunda orta məktəbdə idman müəllimi vəzifəsində işləmişdir. xx xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək “ştamplayıcı”, xx xxxxxx 2016-cı il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyində “Cihaz” İstehsalat Birliyinin “xxxx" EİB-də “4-cü dərəcəli təmirçi çilingər” peşəsi vəzifəsi üzrə işləyir. Onun 57 yaşı 2012-ci il tarixdə olduğundan onun həmin tarixdə umumi 40 (qırx) il əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “ştamplayıcı” işi təşkil edir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx xxxxxx 2001 -ci il tarixli 243 №li Sərəncamı ilə “Azərelektron” EİB xüsusi konstruktor texnoloji bürosu və X3 Zavodu “Azərelektron” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Əmək kitabçasından göründüyü kimi o, 25 (iyirmi beş) ildən artıqdır ki, “Azərelektron” Açıq Səhmdar Cəmiyyətində işlədiyi ştamplayıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 №li Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 15-ci bəndində qeyd edilmiş elektorotexnika istehsalatı və elektrotexniki avdanlığın izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcıları güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. DSMF X4 İdarəsinə ərizə ilə müraciət edərək əmək pensiyanın 57 yaşdan yarandığını nəzərə alaraq hesablanmasını ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Ona xx xxxxxx 2020-ci il tarixli məktubla əsassız olaraq guya sənədlərinin əslini təqdim etməməyi səbəbindən göstərilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əmək stajının müəyyən edilməsi mümkün olmadığından qanunsuz olaraq imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialının yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. iddiaçıya məxsus Ş seriyalı № 662851 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1972-ci il tarixdən xx.xx.1974-cü il tarixə kimi Bakı Bədən Tərbiyə Texnikumunda təhsil almışdır. - NZ seriyal; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 1974-cü ildən xx xxxxxx 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildə Bakı sınaq-eksperimental zavoduna material-texniki təchizat şöbəsinə baş texnik-texnoloq vəzifəsinə təyin olunmuş, xx.xx.1978-ci ildə OQT baş texnoloq şöbəsinə baş texnik-texnoloq keçirilib, xx.xx.1979-cu ildə 10 saylı tədarük sexinə kəsici şagirdi keçirilib, xx.xx.1979-cu ildə 10 saylı tədarük sexinə 1-ci dərəcəli qayçı və pressnən kəsici verilib, xx.xx.1981-ci ildə 2-ci dərəcəli metal ştamplayıcı peşəsi verilib, xx.xx.1985-ci ildə 3-cü dərəcli soyuq ştamp avadanlığının qarışıq peşə sazlayıcısı verilib, xx.xx.1988-ci ildə kənd təsərrüfatı məhsullarının buraxılışı üzrə 5 saylı sexə 2-ci dərəcəli stamplayıcı keçirilib. xx.xx.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci ildə “xxxx” ASC-yə ştamplayıcı təyin edilmişdir, xx.xx.2011-ci ildə öz xahişi ilə tutduğu vzifədən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə “TECH-MACH” şirkətinin Hazırlıq və Quraşdırma sahəsinə boya operator köməkçisi-ştamplayıcı sazlayıcı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2016-cı il tarixdə “Cihaz” İstehsalat Birliyi “xxxx” EİM-nə Alət və tərtibatlar sahəsinə 4-cü dərəcə ilə təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. Məhkəmənin müvafiq sorğularuna cavab olaraq; Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziliyi “Cihaz” İstehsalat Birliyi “xxxx” X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 03/25 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən “xxxx” X2”nin Alət və tərtibatlar sahəsində 4-cü dərəcə ilə təmirçi çilingər peşəsində işləyir. Həmin peşə əmək şəraiti zərərli olan işlərə aid deyildir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 62 saylı cavab məktubunda göstərilmişdir ki, sorğuda adı göstərilən İddiaçı Yunis oğlu “xxxx” ASCdə xx.xx.1978-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi müxtəlif vəzifə və peşələrdə güzəştsiz şərtlərlə işləmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək güzəştli şərtlərlə boya operatoru köməkçisi peşəsində işləmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X4 İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrdən yalnız “xxxx” ASC-də xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi güzəştli şərtlərlə boya operatoru köməkçisi peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar