Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1751/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili X1, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “Samir” firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı “Samir” firması (bundan sonra – İddiaçı) bir neçə dəfə, o cümlədən 28.04.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanənda yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh sonuncu dəfə 08.06.2021-ci il tarixli, **********66 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında ciddi uyğunsuzluq var. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Eyni zamanda qeyri-yaşayış binasına dair razılaşdırılmış layihə, tikintiyə icazə və istismara icazə sənədi ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı təqdim edilmiş “Torpaq sahəsinin ayrılması haqqında" Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 04.02.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı “Samir” firmasının təsisçisi İddiaçı 28.07.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası- çörəkbişirmə sexi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. 20.08.2021-ci il tarixdə və 29.12.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə verilmiş və iddiaçının “Samir” firması kimi qəbul edilməsi və “ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində “Samir” firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuş, ərizələr icraata qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 25.08.1998-ci il tarixli 03/186 saylı məktubu və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1147 saylı 04.11.1998-ci il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələşdirilməsi və tikintisi üçün “Samir” firmasına 0,008 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10711 nömrəli 16.07.1999-cu il tarixdə İnşaat Pasportu və 100 nömrəli 1999-cu il tarixli Ayrıc aktı verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normallaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən “Samir” firmasına torpaq sahəsi ayrılması barədə 21 yanvar 1999-cu il tarixdə NTNŞ-29 nömrəli Rəy də verilmişdir. 10711 nömrəli 16.07.1999-cu il tarixli İnşaat Pasportunun 8-ci bəndində nəzərdə tutulan tikilinin 2 mərtəbəli olduğu göstərilsə də, maliyyə imkanları məhdud olduğu üçün iddiaçı tərəfindən 1 mərtəbəli tikili inşa edilərək istismar edilir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi 07.09.2021-ci il tarixli etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********57 qeydiyyat nömrəli 21.05.2021-ci il tarixli məktub ünvanlanmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iddia mümkün iddiadır, çünki istifadəsindəki əmlaka hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və mübahisə inzibati xarakterli olmaqla Bakı şəhərində yerləşən daşınmaz əmlakla bağlı olduğundan iddia düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
11. İddianın əsasılılığına gəldikdə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunan aşağıdakı sübutlara əsasən müəyyən edilir ki: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılması haqqında” 1147 nömrəli sərəncamı ilə Nizami rayon İcra Hakimiyəti Başçısının 25.06.1998-ci il tarixli, 03/186 nömrəli məktubu və Bakı şəhər İcra Hakimiyyəti Aparatının əlillərə və şəhid ailələrinə kömək komissiyasının rəyi nəzərə alınaraq, Qarabağ müharibəsinin 2-ci qrup əlili İddiaçı təsisçisi olduğu “Samir” firmasına Nizami rayonu, Ə.Kürçaylı küçəsindəki 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Sərəncamda Sifarişçiyə sahəni yerində qəbul etmək, qorumaq və onun sanitar vəziyyətinə nəzarət etmək, layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirmək, ərazinin və obyektin memarlıq-planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırmaq, layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş İdarəyə təqdim etmək, layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların görülməsini razılaşdırmaq üçün Memarlıq və şəhərsalma baş idarəsinə məlumat vermək tapşırılmışdır. Bundan sonra Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmiş, cizgidə qonşu torpaqlar kimi ərazinin şimal şərqdən Ə.Kürçaylı küçəsi ilə, digər tərəflərdən boş ərazi ilə əhatə olunduğu göstərilmiş, çizgiyə situasiya planı əlavə olunmuşdur. 01.04.1999-cu il tarixdə isə həmin torpaq sahəsinin ayrıc aktı tərtib edilərək ayrıc aktlarının qeydiyyat kitabında 99/100 nömrə ilə qeydiyyata alınmış, həmin ayrıc aktında “Samir” firmasına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 4 noyabr 1998-ci il tarixli 1147 nömrəli sərəncamı ilə Nizami rayonu, Ə.Kürçaylı küçəsi, məhəllə 2513 ünvanında cizgidə göstərilən sərhəd daxilində 0,008 hektar çörəkbişirmə sexi üçün torpaq sahəsinin verildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Normallaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsinin “Samir” firmasına torpaq sahəsi ayrılması haqqında 21.01.1999-cu il tarixli, NTNŞ 29 nömrəli Rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi qanunvericiliyin tələblərinə əsasən ayrılmış torpaq sahəsindən artıq sahənin mənimsənilməməsi və öz təyinatına görə istifadə olunması, mövcud olan bina və qurğularla yanğına qarşı ara məsafəsinə riayət edilmək şərti ilə yararlıdır. Mübahisəli qeyri-yaşayış sahəsinin su təchizatı ilə bağlı X5 Su Cəmiyyətinin 26.04.1999-cu il tarixli, 89/T saylı, çörəkbişirmə sexində yaranacaq çirkli sularla bağlı Bakkanalizasiyanın 26.04.1999-cu il tarixli, 8805 saylı, elektrik təchizatı ilə bağlı “Bakıelektrikşəbəkə” İB-nin 03.05.1999-cu il tarixli, 011-1/599 saylı, qaz təchizatı ilə bağlı Bakı şəhəri istehsalat qaz idarəsinin 29.04.1999-cu il tarixli, ƏA-554/4-10 saylı Texniki Şərtləri verilmişdir. 16.07.1999-cu ildə həmin torpaq sahəsi ayrılmasına dair 10711 nömrəli İnşaat Pasportu Bakı şəhərinin Baş memarı tərəfindən təsdiq edilmiş, layihənin razılaşdırılmaq üçün Memarlıq və şəhərsalma baş idarəsinə təqdim edilməsinin zəruri olduğu bildirilmiş, İnşaat pasportunda razılaşdırma və texniki şərtlər öz əksini tapmışdır. 06.10.1999-cu ildə çörəkbişirmə sexinin eskiz layihəsi Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır.
12. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilərək "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmiş, iddiaçıya torpaq sahəsinin ayrıldığı zaman həmin Əsasnamə qüvvədə olmuşdur. Həmin Əsasnamənin 13-cü maddəsinin “q” bəndinə əsasən İcra hakimitəri başçısı torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir, tikilməli, təmir edilməli, və genişləndirilməli olan obyektlərin titul siyahılarını qanunla müəyyən edimiş qaydada təsdiq edir, tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyalarını yaradır, başa çatdırılmış obyektlərin istifadəyə verilməsi haqqında aktları təsdiq edir.
13. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 06.06.2012-ci il tarixədək qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə“nin 28.1-ci maddəsinə əsasən kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; Həmin Əsasnamənin 31.1-ci maddəsinə əsasən tikinti, nəqliyyat və rabitə sahələrində icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək;
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın 2-ci hissəsinə əsasən: 2.1. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yer üzərində yerləşdirilməsi təklifinə yerli icra hakimiyyətinin memarlıq tikinti xidməti tərəfindən baxılmalı və nəticəsi yerli icra hakimiyyəti rəhbərliyinə bildirilməlidir. 2.2. Yeni obyektlərin yerləşdirilməsi ilə əlaqədar hazırlanan memarlıq-planlaşdırma həlli (sxem və cizgi şəklində) təsdiq olunmuş şəhərsalma sənədlərində dəyişikliklər edilməsini tələb etdiyi hallarda o, yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti ilə razılaşdırılır. 2.4. Yeni obyektlərin yerləşdirilməsi və tikintisi üzrə tamamlanmış layihə təsdiq edilənə qədər o, layihə müəllifinin iştirakı ilə yerli icra hakimiyyətinin memarlıq-tikinti xidməti tərəfindən baxılmalı və razılaşdırılmalıdır.
15. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
16. Yuxarıda istinad olunan və məhkəmə iclasında tədqiq olunan sənədlərə əsasən müəyyən olunur ki, yerli icra hakimiyyəti çörəkbişirmə sexinin layihələndirilməsi üçün iddiaçıya torpaq sahəsi ayırmış, cizgisi, ayrıc aktı təsdiq edilmiş, tikili aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra inşaat pasportu tərtib olunmuşdur. İddiaçı hazırda bu qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, iddiaçı imtina cavabı vermişdir. Sonuncu imtina məktubunun dəlilləri:
1. təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında uyğunsuzluq təşkil etməsi;
2. qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi;
3. qeyri-yaşayış binasına dair razılaşdırılmış layihə, tikintiyə icazə və istismara icazə sənədlərinin ərizəyə əlavə edilməməsi;
4. “Torpaq sahəsinin ayrılması haqqında" Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 04.02.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməməsi olmuşdur.
17. Məhkəmə cavabdehin istinad etdiyi bu dəlillərlə bağlı qeyd edir ki: dəlil 1: İşdə olan və cavabdeh tərəfindən təqdim edilmiş 03.05.2021-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında görünür ki, hüquqmüəyyənedici sənəd-tayihə üzrə və faktiki olaraq tikintinin ümumi sahəsi 81.4 kv.metrdir, ayrıc aktında torpaq sahəsinin ölçüsü 80.4 kvadrat metr göstərilmişdir, təqdim olunan eskiz-layihəyə və yerləşmə mövqeyinə uyğundur. Göründüyü kimi, təqdim edilən sənədlərlə faktiki vəziyyət arasında yerləşmə, konfiqurasiya və perimetrik ölçülər arasında uyğunsuzluq olmadığını cavabdehin öz nümayəndələri yerində müayinə etməklə bilavasitə müəyyən etmişlər. dəlil 2: 16.07.1999-cu il tarixdə təsdiq edilmiş 10711 nömrəli İnşaat Pasportunun 6-cı bəndində göstərilmişdir ki, sahədə heç bir tikinti və yaşıllıq yoxdur. Cavabdeh isə dəlilini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. dəlil 3. İddiaçı cavabdehə 04.02.1998-ci il tarixli, 1147 nömrəli tikinti üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı, 06.10.1999-cu il tarixdə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihəni təqdim etmişdir. İstismara icazə sənədinə gəldikdə isə tikinti 1998-ci ildə aparılmış, həmin dövrdə istismara icazə sənədi qanunvericiliklə nəzərdə tutulmamış, bununla yanaşı bütün aidiyyəti dövlət orqanları tikintinin aparılmasına razılıqlarını bildirmişlər (həmin sənədlərə artıq yuxarıda istinad olunmuşdur). dəlil 4: 04.02.1998-ci il tarixli, 1147 nömrəli sərəncamda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməsə də, həm ayrıc aktında, həm inşaat pasportunda ayrılmış torpaq sahəsinin 0,008 ha olması göstərilmiş, həmin sənədlər torpaq sahəsini ayıran dövlət orqanın vəzifəli şəxsləri tərəfindən təsdiq olunmuşdur.
18. Beləliklə, göründüyü kimi cavabdehin dəlilləri əsassız olmuş, formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz.
19. Çünki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi üzərində “Samir” firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova