Məhkəmə qərarları › İş №2-1(112)-1751/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1751/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1751/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 63 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qiyabi olaraq Bakı Neft texnikumunu bitirəndən sonra, əmək fəaliyyətinə başlamışdır. Belə ki, 01 oktyabr 1976-cı il tarixdən 10 iyun 1977-ci il tarixədək qablaşdırıcı vəzifəsində, daha sonra, 05 aprel 1978-ci il tarixdən 03 may 1978-ci il tarixədək seçici vəzifəsində, daha sonra, 25 avqust 1980-cı il tarixdən 02 aprel 1984-cü il tarixədək nəzarət mühasibi vəzifəsində, daha sonra, 01 oktyabr 1986-cı il tarixdən 01 yanvar 1987-ci il tarixədək texnik vəzifəsində, daha sonra, 01 avqust 1987-ci il tarixdə başqa müəssisəyə köçürülərək 01 dekabr 1988-ci il tarixdə 2ci dərəcəli texnik vəzifəsində işləməyinə davam etmişdir. Daha sonra, 01 aprel 1990-cı il tarixdə başqa müəssisəyə köçürülərək 02 aprel 1991-ci il tarixədək texnik vəzifəsində işləmişdir. Daha sonra, 15 aprel 1991-ci il tarixdən 28 noyabr 1997-ci il tarixədək ümumi şöbənin müdiri vəzifəsində işləmişdir. Daha sonra, 01 dekabr 1997-ci il tarixdən 30 dekabr 2005-ci il tarixədək iş üzrə qrup rəhbəri vəzifəsində işləmişdir. İddiaçının ümumlikdə 27 il 07 ay 16 gün əmək stajı var. Lakin, buna baxmayaraq, cavabdeh ona 13 iyun 2024-cü il tarixdə ərizəsinə cavab olaraq bildirmişdir ki, guya onun əmək stajı cəmi 15 il 2 gün təşkil edir və bu səbəbdən yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı müraciətinə imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, "xxxx" Mühəndis İstehsalat müəssisəsinin təqdim etdiyi xx.xx.2013-cü il tarixli əməkhaqqı arayışına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və 2000-ci il üzrə 6 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 15 il 2 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdəki işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənmişdir. Halbuki 1991-ci il tarixdən Azərbaycan ərazisində latın əlifbasından istifadə olunurdu. "xxxx" Mühəndis İstehsalat müəssisəsinin təqdim etdiyi xx.xx.2012-ci il tarixli arayışda iddiaçının 1997-ci il tarixdən 2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri ərzində əməkhaqqı almadığı dövrləri onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, sözügedən arayışın sonuncu səhifəsində müəssisədə istehsalat sifarişləri olmayan aylarda və illərdə (2001, 2002, 2004) əməkhaqqı saxlanılmamaq şərtilə işçilərin məcburi məzuniyyətə göndərildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazda göstərilənlərə uyğun izahat verərək, həmçinin bildirdi ki, aparılan inzibati icraat zamanı iddiaçı "xxxx" firmasının arayışını cavabdehə təqdim etmişdir ki, həmin arayışda iddiaçının müvafiq dövrlər üzrə əmək haqqı almadığı öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının AТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdə “Okean” firmasına qablaşdırıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə işdən azad edilmişdir. O, xx.xx.1978-ci il tarixdə Bakı oyuncaqlar fabrikinə yumuşaq oyuncaqlar sexinə seçici kimi qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. O, xx.xx.1978-ci il tarixdə Bakı şəhəri 3371 saylı mərkəzi Sberkassa 3371 saylı NSK-ya müvəqqəti nəzarətçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-cı il tarixdə mühasib nəzarətçi vəzifəsinə köçürülmüş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Bakı şəhəri geofiziki cihazların texnologiyası və keyfiyyəti şöbəsinə texniki işçi qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə “SKT SPT NPO” Bakı şəhəri geofiziki cihazların texnologiyası, alət mühəndisliyi və keyfiyyəti şöbəsinə texniki işçisi qəbul edilmişdir (Bakı alət mühəndisliyi zavodu). xx.xx.1987-ci il tarixdə Bakı texnologiya və keyfiyyət şöbəsi VNİQİK-ya dəyişdirilmişdir. xx.xx.1987-ci il tarixdə 215 saylı şöbəyə baş texnik vəzifəsinə köçürülmüşdür. xx.xx.1990-cı il tarixdə 10 saylı şöbədə attestasiya nəticələrinə əsasən 2 dərəcəli texnik kimi qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə Ümumi şöbə rəhbəri kimi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə "xxxx" MTT kargüzarlıq qrupuna rəhbər kimi qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna 08 yanvar 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, "xxxx" Mühəndis-İstehsalat Müəssisəsi xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Mühəndis-İstehsalat Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 02 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Mühəndis-İstehsalat Müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən "xxxx" Mühəndis-İstehsalat Müəssisəsinin 1997- 2000-ci illər üzrə Əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir. İddiaçının müraciətinə əsasən cavabdehin 13 iyun 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddia tələbinə cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşdən göründüyü kimi iddiaçı 63 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. O, həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki: 1) iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənib) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdəki işdən azad olma əmri kiril qrafikalı möhürlə təsdiqlənmişdir. Halbuki 1991-ci il tarixdən Azərbaycan ərazisində latın əlifbasından istifadə olunurdu. 2) İddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" Mühəndis- İstehsalat Müəssisəsində olan əmək fəaliyyəti zamanı əməkhaqqı almadığı dövrləri onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, "xxxx" Mühəndis İstehsalat müəssisəsinin təqdim etdiyi xx.xx.2012-ci il tarixli arayışda iddiaçının əmək fəaliyyəti dövrləri ərzində əməkhaqqı almadığı müddətləri onun sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, sözügedən arayışın sonuncu səhifəsində müəssisədə istehsalat sifarişləri olmayan aylarda və illərdə (2001, 2002, 2004) əməkhaqqı saxlanılmamaq şərtilə işçilərin məcburi məzuniyyətə göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən o, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı şəhəri geofiziki cihazların texnologiyası və keyfiyyəti şöbəsinin Ümumi şöbə rəhbəri vəzifəsində işləmişdir. Qeyd müəssisənin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh qeydin latın əlifbası ilə deyil, kiril qrafikalı möhürlə təsdiqləndiyinə əsaslanaraq həmin dövrü iddiaçının əmək stajına daxil etməmişdir. Öncə qeyd edilməlidir ki, iddiaçı işlədiyi müəssisənin möhürünün kiril və yaxud latın qrafikalı olmasına görə cavabdehlik daşıya bilməz. Digər tərəfdən Azərbaycan ərazisində latın əlifbasından 1991-ci ildən etibarən istifadə olunur, bundan öncə isə uzun illər ərzində kiril əlifbasından istifadə olunurdu. Bu səbəbdən müəssisənin möhürünün kiril qrafikalı olması möhürün müəssisə rəhbərliyinin məsuliyyətsizliyi və sair səbəbdən dəyişdirilməməsi səbəbindən ola bilər. Bu isə iddiaçının əmək stajının şübhə altına alınmasına səbəb ola bilməz. Həmçinin, iddiaçının əmək kitabçasında olan qeydə əsasən o, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" Mühəndis-İstehsalat Müəssisəsində kargüzarlıq qrupuna rəhbər vəzifəsində işləmişdir. Cavabdeh həmin dövrün bir hissəsini mübahisələndirərkən "xxxx" Mühəndis İstehsalat müəssisəsinin təqdim etdiyi xx.xx.2012-ci il tarixli arayışda iddiaçının əmək fəaliyyəti dövrləri ərzində əməkhaqqı almadığı müddətləri onun sığorta stajına daxil etmək mümkün olmadığına əsaslanmışdır. Cavabdeh bildirmişdir ki, sözügedən arayışın sonuncu səhifəsində müəssisədə istehsalat sifarişləri olmayan aylarda və illərdə (2001, 2002, 2004) əməkhaqqı saxlanılmamaq şərtilə işçilərin məcburi məzuniyyətə göndərildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, həmin arayış cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı iddiaçının özü tərəfindən cavabdehə təqdim edilmişdir. Eyni zamanda inzibati icraat materialında olan həmin arayış oxunaqsız vəziyyətdə olmuş və hər hansı imza və ya möhürlə təsdiq edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə həmin arayışın mötəbərliyinə tənqidi yanaşır. Eyni zamanda "xxxx" Mühəndis İstehsalat müəssisəsinin hazırda real olaraq mövcudluğu müəyyən edilə bilməmiş, həmin müəssisənin arxiv sənədləri məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Göründüyü kimi iddiaçı öz tələbinin əsasında duran sübutları məhkəməyə təqdim etmişdir. Yəni, iddiaçının cavabdeh tərəfindən mübahsələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiqini tapır. Belə olan halda həmin halın əksini, yəni iddiaçının əmək kitabçasında qeyd edilmiş, lakin cavabdeh tərəfindən nəzərə almayan staj dövrlərinin real olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Qeyd edilməlidir ki, iddia iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ona 63 yaşının tamam olduğu tarixdən əmək pensiyası təyin edilməsini xahiş etsə də, həmin tarixi yanlış olaraq 22 avqust 2023-cü il kimi göstərmişdir. Məhkəmə bunu texniki səhv kimi qiymətləndirir. Çünki iddiaçının hüquqi marağı ona 63 yaşının tamam olduğu tarixdən (xx.xx.2022-ci ildən) əmək pensiyasının təyin edilməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 63 yaşından, yəni 03 avqust 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 63 yaşının tamam olduğu 03 avqust 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar