Məhkəmə qərarları › İş №2-1(112)-1754/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1754/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1754/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07.05.1992-ci il tarixdən 2704 saylı avtomobil dəstəsinin sürücüsü kimi Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin xətti ilə 36 (otuz altı) gün döyüş zonalarında ezamiyyətdə olmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən gələn cavab məktubunda xidməti haqqında məlumat aşkar edilməməsini əsas göstərilir. Buna görə də, Müharibə veteranı statusunu ala bilməmişdir. Qeyd edilən məsələni iddiaçının döyüş yoldaşları təsdiq edə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin müvafiq komissiyasının İddiaçı müharibə veteranı statusunun verməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə onun hər hansı bir hərbi hissəsin tərkibində hərbi xidmət keçməsi, hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir sənəd yoxdur. 2704 saylı avtomobil dəstəsinin rəisi tərəfindən iddiaçının adına tərtib edilmiş 04.05.1998-ci il tarixli 75 nömrəli arayışı onun Müdafiə Nazirliyinin tərkibində hər hansı bir hərbi hissənin tərkibində hərbi xidmət keçməsini sübut etmir. İş üzrə növbəti məhkəmə hazırlıq icraatının iclası 26 avqust 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılaraq, təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci və 33.2-ci maddələrinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehin etirazından və iş materiallarında olan sənədlərdən müəyyən edildi ki, iddiaçı müharibə adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, o, hərbi qulluqçu statusuna malik olmadığına görə, ona “Müharibə veteranı adı və vəsiqəsi” verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müvafiq komissiyaya müraciət etməyi məqsəduyğundur. Buna baxmayaraq, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh qismində məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərmiş və həmin inzibati orqana olan müraciəti əlavə etmişdir. Cavabdeh qismində Müdafiə Nazirliyinin göstərilməsinin əsası kimi bildirmişdir ki, o, 07.05.1992-ci il tarixdən 2704 saylı avtomobil dəstəsinin sürücüsü kimi Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin xətti ilə 36 (otuz altı) gün döyüş zonalarında ezamiyyətdə olmuşdur. Məhkəmə bunun ilə bağlı müvafiq araşdırma aparmış, aidiyyəti üzrə sorğular göndərmişdir. Məhkəmə sorğularına cavab məktublarından görünür ki: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin 11 iyun 2020-ci il tarixli, 630 saylı məktubuna əsasən, 1951-ci il təvəllüdlü ehtiyatda olan zabit İddiaçı 11.11.1969-cu il tarixdən 18.11.1971-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmiş, şəxsi işi yaş həddinə çatdığına görə akt əsasında 25.12.2019-cu ildə ləğv olunmuşdur. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 11 iyun 2020-ci il tarixli, 1-2-118/3680-20 saylı məktubuna əsasən, X1 Bakı X2 Birliyinin 2704 nömrəli Avtomobil Dəstəsinin ezamiyyə əmrləri Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir (bu xarakterli sənədlərin saxlama müddəti 5 ildir). - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 iyun 2020-ci il tarixli, 9/2-6583 saylı məktubuna əsasən, Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserin Bakı X2 Birliyinin 2704 saylı Avtomobil Dəstəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı döyüş bölgələrinə ezam olunması barədə araşdırma apara bilmirlər. Göründüyü kimi, iddiaçı 2704 saylı avtomobil dəstəsinin sürücü kimi Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyinin xətti ilə döyüş zonalarına ezam olunmasına istinad etsə də, Məhkəmə araşdırılması zamanı iddiaçının ezam olunması ilə bağlı məlumat aşkar edilməmişdir. Hətta, iddiaçı belə bunun ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya cavabdehin dəqiqləşdirilməsini, yəni cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini göstərməsi barədə ərizəni, həmçinin ona üvnalanmış müracitəin və ona verilən imtina məktubunun surətinin təqdim olunması tələb olunsa da, iddiaçı tərəfindən tələb olunan sənədlər təqdim olunmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Başqa sözle desək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə arasında inzibati hüquq və həmin hüquq nəticəsində yaranan inzibati mübahisə mövcud deyildir. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının 8.3-cü bəndində qeyd edilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr 216 nömrəli qərar ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veeranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1- ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbi ilə, yəni müharibə adı və vəsiqəsinin verilməli ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsinə müraciət etməli, həmin müraciətə imtina cavabı verilərsə, iddiaçı İPM-nin 2.2.2-ci maddəsini rəhbər tutaraq, məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar