Məhkəmə qərarları › İş №2-1(112)-1754/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1754/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1754/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi dərəcəyə görə aylıq təqaüdün təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə təyin olunmuş Prezidentin fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat aylıq təqaüdün bərpa olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və bərpa olunmanın "xxxx" MTK-dan işdən çıxdığı vaxtdan, yəni 06.04.2021-ci il tarixdən etibarən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. 1971-1976-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alaraq, həmin institutu fərqlənmə (qırmızı) diplom ilə bitirmişdir. 30.08.1982-ci il tarixdən 30.08.2003-cü il tarixədək Azərittifaqın Bakı Kooperativ Texnikumunda (Bakı Biznes və Kooperasiya Kolleci) müəllim vəzifəsində işləmişdir. Eyni zamanda 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının qiyabi şöbəsinə daxil olmuş və 1985-ci ildə aspiranturanı bitirdikdən sonra elmi işini Azərbaycan SSR X1 İnstitutunun nəzdində olan elmi sovetdə müdafiə edərək iqtisad elmləri üzrə 27.11.1985-ci il tarixli, 020123 nömrəli diplomla iqtisad elmlər namizədi adına layiq görülmüşdür. 01.09.2003-cü il tarixdə Dağıstan Dövlət Universitetinin Bakı filialına baş müəllim vəzifəsinə təyin olunmuş, 05.07.2007-ci il tarixdə universitetin bağlanması ilə əlaqədar işdən azad olunmuşdur. 01.09.2011-15.09.2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində baş müəllim vəzifəsində işləmişdir. 2016-cı ildə 63 yaşı tamam olduğu üçün əmək pensiyası hüququ yaranmış, təyin olunmuş əmək pensiyasından əlavə olaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində təqaüd də ona təyin olunmuşdur. 2016-cı ildən 01.06.2020-ci il tarixədək əmək pensiyasından əlavə olaraq elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsini almışdır. Zərurətlə əlaqədar 01.06.2020-ci il tarixdə "xxxx" MTK-da işə qəbul olunmuş, 06.04.2021-ci il tarixə qədər orada çalışmışdır. "xxxx" MTK-da işə qəbul olunan vaxtdan elmi dərəcəsi olan şəxslər üçün nəzərdə tutulan 120 manat məbləğində pensiya əlavəsi kəsilmişdir. 06.04.2021-ci tarixdə MTK-dan işdən çıxdıqdan sonra isə pensiya əlavəsi bərpa olunmalı olduğu halda bərpa olunmamışdır. Bununla bağlı tərəfindən cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət olunaraq təhsil müəssisələrində 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən şəxslər üçün nəzərdə tutulan, 2016-cı ildən 01.06.2020-ci il tarixə qədər ona ödənilmiş pensiya əlavəsinin bərpa olunması xahiş olunmuşdur. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialında baxılmış, cavabdeh inzibati orqan tərəfindən ona **********1 nömrəli, 03.07.2021ci il tarixli məktub göndərilmişdir ki, təqdim etdiyiniz 10.08.1976-cı il tarixli əmək kitabçasına əsasən sizin elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqanın təyin olunmuş təqaüdün ödənişini bərpa etməməsi hüquqlarını pozduğundan, hüquqlarının bərpa olunması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı 06.04.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 06.04.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı iddia ərizəsində 2016-cı il tarixdən pensiya aldığını və pensiyaya çıxan zaman pedoqoji elmləri üzrə fəlsəfə doktoru olduğundan onun əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə edilərək ödənildiyini qeyd etmişdir. Lakin iddiaçı pensiya aldığı müddətdə "xxxx" MTK-da işlədiyindən onun əmək pensiyasının sığorta hissəsinə edilən 120 manat əlavə cavabdeh inzibati orqan tərəfindən dayandırılmışdır. İddiaçı 06.04.2021ci ildən həmin müəssisədən işdən ayrıldığı üçün pensiyaya əlavəsinin bərpa olunmasını xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı Kazımov Davud oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara əsasən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qanunun müddəasının məzmunundan göründüyü kimi əmək pensiyasının sığorta hissəsinə Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan qaydada əlavənin ödənilməsi üçün aşağıdakı tələblər məcmu halında qiymətləndirilməlidir: 1) Əmək pensiyaçısı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yer üzrə (əmək kitabçasında qeyd olunmaqla) 25 il xüsusi staja (pedoqoji fəaliyyət) malik olmalı; 2) Elmi dərəcəsi olmalı (fəlsəfə doktoru və ya elmlər doktoru); 3) Əmək pensiyaçısı pensiya aldığı müddətdə işləməyən statusda olmalıdır. Bu üç şərtlərdən ən azı birinin mövcud olmaması halında əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi istisna olunur. Burada Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilir və həmin şəxslərə əlavələrin edilməsi Qanunun 37.3.4-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bu Qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.4-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.2-ci maddəsinə əsasən əmək pensiyasıına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı olduğu təqdirdə pensiyasına 120 manat əlavə müəyyən edilə bilərdi. Lakin iddiaçının əmək kitabçasından da göründüyü kimi iddiaçı 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəsissələrində ümumi stajı qeydə alınmamışdır. Yuxarıda qeyd edilənləri, AR MPM-in 154-cü və AR İPM-in 47-ci maddələrinin tələblərini tutaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 10.08.1976-cı il tarixli, AТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 02.08.1976-cı ildə “Myasomolprom” AİSXKB-nun Qafqaz şöbəsində OASU istehsal sektoruna mühəndis vəzifəsinə qəbul edilmiş, 20.10.1978-ci ildə maşın daşıyıcılarda informasiya hazırlanması texnologiyası qrupunun baş mühəndisi vəzifəsinə keçirilmiş, 01.11.1979-cu ildə əməyin yeni ödəniş şərtlərinə keçidlə OASU istehsal sektoruna mühəndis vəzifəsinə keçirilmiş, 01.08.1980-ci ildə həmin sektorun baş mühəndisi vəzifəsinə keçirilmiş, 01.06.1981-ci ildə operativ informasiya emalı texnologiyası qrupuna həmin vəzifəyə keçirilmiş, 26.08.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 30.08.1982-ci ildə Bakkopitexnikumda texnikumun qiyabi şöbəsinə metodist təyin olunmuş, 08.09.1989-cu ildə “Markisizm-leninizmin əsası” fənni üzrə müəllim keçirilmiş, 01.03.1990-cı ildə “Molodoy kooperator” Bakuçitorq birliyinin metod kabinetinin müəllimi keçirilmiş, 03.11.1990-cı ildə planlı uçot şöbəsinin müvəqqəti müdiri vəzifəsinə keçirilmiş, 28.08.1992-ci ildə menecerlər məktəbinin tədris işi üzrə baş direktor müavini vəzifəsinə keçirilmiş, 01.09.1995-ci ildə pedaqoq vəzifəsinə keçirilmiş, 30.08.2003-cü ildə işdən azad edilmişdir. 01.09.2003-cü ildə Dağıstan Dövlət Universitetinə (Bakı filialına) baş müəllim vəzifəsinə təyin olunmuş, 05.07.2007-ci ildə Dağıstan Dövlət Universitetinin bağlanması ilə əlaqədar işdən azad edilmişdir. 01.08.2007ci ildə "xxxx" MTK-da icraçı direktor vəzifəsinə təyin edilmiş, 15.09.2011-ci ildə işdən azad edilmişdir. 01.09.2011-ci ildə Azərbaycan Kooperasiya Universitetində İqtisadi nəzəriyyə kafedrasına baş müəllim vəzifəsinə təyin edilmiş, 15.09.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Ч № 769082 saylı, 01.07.1976-cı il tarixli diplomun surətinə əsasən İddiaçı 1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 23.06.1976-ci ildə orada iqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan 020123 nömrəli elmlər namizədi diplomunun surətinə əsasən İddiaçı 21.06.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MTK ilə İddiaçı arasında 01.06.2020-ci ildə əmək müqaviləsi bağlanmış və 06.04.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20.08.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinə aid sənədlərdən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında 20.07.2020-ci il tarixli, 1915 nömrəli qərarına əsasən pensiya 12.03.2016-cı ildə Nərimanov DSMF tərəfindən təyin olunmuşdur. Hazırkı pensiya məbləği 401 manat 33 qəpik, yenidən hesablanmış pensiya məbləği 257 manat 22 qəpikdir. - Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 18.04.2016cı il tarixli, 486 nömrəli qərar ilə İddiaçı 12.03.2016-cı il tarixdən elmlər namizədi elmi dərəcəsinə görə əlavə ilə birlikdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Kooperasiya Universitetinin 14.10.2021-ci il tarixli, 01/165 nömrəli məktubu ilə Azərbaycan Kooperasiya Universitetinin sabiq müəllimi İddiaçı 2011-2014-cü illərə dair əmək fəaliyyəti barədə göndərilmiş məlumatlardan görünür ki: - Azərbaycan Kooperasiya Universitetinin 01 sentyabr 2011-ci il tarixli 77-K №-li əmrindən çıxarışa əsasən İddiaçı i.e.n., 15.09.2011-ci il tarixdən “İqtisadi nəzəriyyə” kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. - Azərbaycan Kooperasiya Universitetinin 15 sentyabr 2014-cü il tarixli 160 №-li əmrindən çıxarışa əsasən İddiaçı “İqtisadi nəzəriyyə” kafedrasının 0,5 ştat vahidi ilə müəllimi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə 15 sentyabr 2014-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Kooperasiya Universitetinin 14.10.2021-ci il tarixli, 181 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, Azərbaycan Kooperasiya Universitetində 2011-2014-cü il arası 0.5 ştat vahidi baş müəllim vəzifəsində işləməklə əmək haqqısı göstərilən tarixdə aşağıdakı kimi olmuşdur: 2011-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 960 manat; 2012-ci il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 488,26 manat, sentyabr ayı üçün 124,80 manat, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 2773,06 manat; 2013-cü il üzrə yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün 240 manat, iyul ayı üçün 479,02 manat, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 240 manat, cəmi 2639,02 manat; 2014-cü il üzrə yanvar, fevral, mart ayları üçün 240 manat, aprel, may, iyun ayları üçün 249 manat, iyul ayı üçün 507,75 manat, cəmi 1974,75 manat. Cəmi 8346,83 manat. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Biznes və Kooperasiya Kollecinin 11.11.2021-ci il tarixli, K-661 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 28.08.1982-ci ildən 30.08.2003-cü il tarixədək Bakı Kooperativ Texnikumu və onun hüquqi varisi olan Bakı Biznes və Kooperasiya Kollecində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. Həmin illərdə İddiaçı vəzifə yerdəyişmələri - 28.08.1982-ci ildən 08.09.1989-cu ilədək qiyabi şöbədə metodist (əmr N128. 28.08.1982), 08.09.1989-cu ildən 01.03.1990-cı ilədək “Marksizm-leninizm” fənni üzrə müəllim (əmr N103. 08.09.1989), 01.03.1990-cı ildən 03.11.1990-cı ilədək metodist (əmr N08. 01.03.1990), 03.11.1990-cı ildən 28.08.1992-ci ilədək plan uçot şöbəsinin müdiri (əmr N118. 03.11.1990), 28.08.1992-ci ildən 01.09.1995ci ilədək “Menecer” məktəbinin tədris işləri üzrə baş direktor müavini (əmr N48. 28.08.1992), 01.09.1995-ci ildən 30.08.2003-cü ilədək müəllim (əmr N59. 30.08.1995) kimi olmuşdur. Həmin vəzifələrdə işləyərkən İddiaçı elmi dərəcəsinə uyğun ixtisas fənlərinin tədrisini aparmış və dərs yükünə görə ən yüksək tarif dərəcəsi ilə (15-ci dərəcə) əmək haqqı almışdır. Həmin məktubla göndərilmiş işə qəbul və işdən çıxma əmrlərindən görünür ki: - Bakı Kooperativ Texnikumunun 28.08.1982-ci il tarixli 128 N-li əmrindən çıxarışa əsasən İddiaçı qiyabi şöbədə metodist vəzifəsinə təyin edilmişdir. - Bakı Biznes və Kooperasiya Kollecinin 30.08.2003-cü il tarixli 21 N-li əmrindən çıxarışa əsasən İddiaçı Kollecin müəllimi kimi ərizəsinə əsasən öz arzusu ilə AR ƏM-in 68ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15.02.2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 16.06.2021-ci il tarixində əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində işlədiyi 30.08.1982-ci il tarixindən 30.08.2003-cü il tarixinədək, 01.09.2011-ci il tarixindən 15.09.2014-cü il tarixinədək olan dövrlər (ümumi 24 il 14 gün) nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilir ki, İ.D.X3 Universitetində işlədiyi 01.09.2003-cü il tarixindən 16.05.2007-ci il tarixinədək olan dövr sosial sığorta stajı hesablanarkən nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2009-cu il tarixindən etibarən pensiya sığorta kapitalı qeydə alınmağa başlanmışdır. Nəticədə nəzərə alınmayan dövr üzrə pensiya sığorta kapitalının 2006-cı il tarixindən sonra qeydə alınmaması əsas verir ki, əvvəlki illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajı qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin məktuba əlavə edilmiş ümumi sığorta stajı və pensiya məbləğinin hesablanması cədvəlindən görünür ki, İddiaçı 01.01.1992-ci ilədək 9 il 04 ay 01 gün, 01.01.1992-ci ildən 01.01.2006-cı ilədək 11 il 07 ay 29 gün olmaqla ümumilikdə 01.01.2006-cı il tarixədək 24 il 14 gün sığorta stajı hesablanmışdır. İddiaçı 16.06.2021-ci il tarixdə ərizə ilə 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək elmlər namizədi adına görə prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 03.07.2021-ci il tarixli, **********1 nömrəli pensiya təqaüdünün təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur. Həmin Fərmana əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir. Təqdim etdiyiniz 10.08.1976-cı il tarixli əmək kitabçanıza əsasən sizin elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi stajınız qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu üçün sizə həmin təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən vətəndaş müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı 12.03.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, işləməyən əmək pensiyaçısı kimi iqtisadi elmlər üzrə fəlsəfə doktoru dərəcəsinə görə onun əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə edilərək əmək pensiyası ödənilmişdir. Sonradan iddiaçı 01.06.2020-ci ildə iddiaçı "xxxx" MTK-da işləməyə başlamış, bu səbəbdən onun əmək pensiyasının sığorta hissəsinə edilən 120 manat əlavənin ödənilməsi dayandırılmışdır. İddiaçı qeyd edilən müəssisədən çıxdığı 06.04.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kimi ona fəlsəfə doktoru dərəcəsinə görə prezident təqaüdünün ödənilməsi ilə bağlı inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajının tələb olunan 25 ildən az olduğuna istinad edərək təqüdün təyin olunmasından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. 2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 dekabr 2020-ci il № 240-VİQD Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ləğv edilmişdir. 01.01.2021-ci il tarixdən qüvvəyə minmiş “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmana əsasən: -1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunması; -2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 20 dekabr 2021-ci il tarixli 1494 nömrəli Fərmanla edilmiş dəyişikliyə görə 2022-ci il yanvarın 1-dən elmlər doktoru elmi dərəcəsinə görə təqaüdün məbləği 300 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manat müəyyən olunmuşdur. Sadalanan normalardan müəyyən olunur ki, 01.01.2021-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə əmək pensiyalarının sığorta hissəsinə hesablanaraq aylıq əmək pensiyası ilə birlikdə ödənilirdisə, 01.01.2021-ci il tarixdən elmi dərəcəyə görə ödənilən 120 manat məbləğ əmək pensiyasına əlavə statuslu ödəniş olmaqdan çıxarılmış, artıq Prezident təqaüdü statuslu ödənişə keçirilmişdir ki, bu ödənişin ödənilmə qaydası 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanla tənzimlənir. Hazırkı iş üzrə iddiaçı 06.04.2021-ci il tarixdən təyin edilmiş elmi dərəcəyə görə təqaüdün təyin edilməsini mübahisələndirir və bu halda iddia tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun ləğv edilmiş 19-cu müddəsi deyil, adıçəkilən 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərman çıxış edir. Qeyd edilən Fərmanın tələblərinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd aşağıdakı şəxslərə ödənilir: - əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış olmalı, - elmi dərəcəsi olmalı, - işləməyən olmalı, - əmək pensiyası hüququ olmalıdır. Qeyd edilən şərtlər hazırkı iddiaçıya münasibətdə ödənilir. Belə ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 63 yaşdan, yəni 12.03.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı hal-hazıradək yaşa görə əmək pensiyası alır. İddiaçıya 21.06.1985-ci ildə iqtisadi elmlər namizədi elmi dərəcəsi verilmişdir. İddiaçının axırıncı iş yeri "xxxx" MTK olmuş, həmin MTK-da 06.04.2021-ci il tarixdən işdən azad olunmuşdur, hazırda iddiaçı işləməyən əmək pensiyaçısı statusundadır. Cavabdehin mübahisələndirdiyi hal iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində iş stajının 25 ildən az olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, 01.01.2006-cı il tarixdən sonra sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. 01.01.2006-cı il tarixədək sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya aid əmək kitabçası və məhkəmənin sorğusu ilə iddiaçının işlədiyi elmi müəssisə və təşkilatlardan əldə edilmiş cavablardan müəyyən olunur ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində iş stajı 30.08.1982-08.09.1989-cu ilədək Bakkopitexnikumda texnikumun qiyabi şöbəsində metodist 07 il 09 gün; 08.09.1989- 01.03.1990-cı ilədək “Markisizm-leninizmin əsası” fənni üzrə müəllim 06 ay 23 gün; 01.03.1990-03.11.1990-cı ilədək “Molodoy kooperator” Bakuçitorq birliyinin metod kabinetinin müəllimi 08 ay 03 gün; 03.11.1990-28.08.1992-ci ilədək planlı uçot şöbəsinin müvəqqəti müdiri 01 il 09 ay 26 gün; 28.08.1992-01.09.1995-ci ilədək menecerlər məktəbinin tədris işi üzrə baş direktor müavini 03 il 04 gün; 01.09.1995-30.08.2003-cü ilədək pedaqoq 08 il; 01.09.2003-05.07.2007-ci ilədək Dağıstan Dövlət Universitetinə (Bakı filialına) baş müəllim vəzifəsində işlədiyi dövr 03 il 10 ay 05 gün; 01.09.2011-15.09.2014cü ilədək Azərbaycan Kooperasiya Universitetində İqtisadi nəzəriyyə kafedrasına baş müəllim vəzifəsində işlədiyi dövr üzrə 03 il 15 gün təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi (uçotu) hesabı haqqında məlumatlardan müəyyən olunur ki, İddiaçı 01.09.2011- 15.09.2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bu halda məhkəmə iddiaçının 01.01.2006-cı il tarixdən sonra elmi müəssisədə işlədiyi məcburi dövlət sosial sığorta haqları ödənilmiş həmin dövrü sığorta stajına hesablayır. Cavabdeh iddiaçının elmi müəssisə idarə və təşkilatlarda ümumi iş stajının 24 il 14 gün olduğunu qəbul edir. Cavabdeh orqan iddiaçının qeyd edilən iş stajı dövrlərindən Dağıstan Dövlət Universitetində işlədiyi 01.09.2003-cü il tarixindən 05.07.2007-ci il tarixinədək olan dövrü sosial sığorta stajı kimi nəzərə almır. Cavabdehin nümayəndəsinin izahatından, eləcə də sorğuya cavab məktubundan müəyyən olunur ki, qeyd edilən dövrün sığorta stajına hesablanmasının əsası Dağıstan Dövlət Universitetinin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi və həmin müəssisədə işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsidir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə razılaşmır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə yuxarıda da qeyd edildiyi kimi 01.01.2006-cı il tarixədək ümumi iş stajı sığorta ödəmələrinin ödənildiyi dövrə görə deyil, vətəndaşın ümumi iş stajına daxil edilən təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrlərinin məcmusu ilə müəyyən edildiyini, eləcə də Qanunla 01.01.2006-cı il tarixədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silindiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Dağıstan Dövlət Universitetində fəaliyyəti dövrünün məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə istinad edərək həmin dövrü ümumi iş stajına hesablamaması əsaslı hesab edilə bilməz. Bununla əlaqədar məhkəmə yuxarıda da qeyd edildiyi kimi yalnız 01.01.2006-cı ildən sonra məcburi dövlət sığorta haqları ödənildiyi dövrün ümumi sığorta stajına hesablanmalı olması, 01.01.2006-cı il tarixədək olan dövrün isə sığorta ödəmələrindən asılı olmayaraq ümumi staja daxil edilməsi barədə qanunun tələbini nəzərə alaraq iddiaçının Dağıstan Dövlət Universitetində işlədiyi dövrdən (01.09.2003-05.07.2007-ci il) 01.09.2003-cü ildən 01.01.2006-cı il tarixədək olan dövrü 02 il 04 ay 01 gün olmaqla iş stajına daxil edir. Digər tərəfdən, məhkəmə Dağıstan Dövlət Universitetin Bakı filialının respublika ərazisində qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal- hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Həmçinin xüsusilə qeyd edilməlidir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, Dağısan Dövlət Universitetinin Bakı filialının dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərməsi səbəbindən fəaliyyətinin dayandırılması qərara alınsa da həmin universitetdə təhsil almış tələbələrə verilmiş diplomlar etibarsız hesab edilmədiyi, təhsilini başa vurmayan tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni hesab edilərək müvafiq təhsil müəssisələrində yerləşdirilməsi qət edildiyindən həmin tələbələrə həmin universitetdə təhsil vermiş müəllim kimi İddiaçı pedaqoji fəaliyyəti də qanuni hesab olunmalıdır. Başqa sözlə, Dağısan Dövlət Universitetinin Bakı filialının lisenziya almadan qanunsuz fəaliyyət göstərməsinin məsuliyyəti həmin universitetdə təhsil almış tələbələrə aid edilmədiyi kimi həmin universitetdə tədris edən müəllimin də üzərinə qoyula bilməz və bu hal hazırkı iddiaçının ziyanına təfsir oluna bilməz. Qeyd olunanlara əsasən iddiaçının Dağısan Dövlət Universitetinin Bakı filialında pedoqoji fəaliyyətinin 01.09.2003-cü ildən 01.01.2006-cı il tarixədək olan dövrü onun ümumi iş stajına hesabladıqda iddiaçının təhsil müəssisələrində ümumi iş stajının 26 il 04 ay 22 gün olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün bütün şərtlər ödənilir, cavabdehin qeyd edilən təqaüdün ödənilməsindən imtinası əsassız olmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 06.04.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 06.04.2021-ci il tarixdən əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar