Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1754/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ sahəsinə dair atası mərhum X12 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyi ilə Şuriyə oğlu arasında 24 yanvar 1989-cu ildə bağlanmış 19917 saylı müqavilə əsasında atasına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən də bağ onların istifadəsindədir. Atası xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Bağ sahəsi 1989-cu ildən etibarən atasının, atası vəfat etdikdən sonra isə onun istifadəsindədir. O, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ torpaq sahəsi üzərində atası X12 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müqavilədə bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman torpaq sahəsinin istifadənizdə olmadığı aşkar olunmuşdur. Lakin cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi atasına Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ayrılmışdır. Həmin vaxtdan da onların istifadəsində olmuşdur. Müqavilədə bağ sahəsinin ölçüsünün qeyd edilməməsi onun təqsiri deyil və onun hüquqlarına xələl gətirməməlidir. Göstərilən bağ sahəsi 1989-cu ildən etibarən onun istifadəsindədir, sərhədləri müəyyən edilmişdir. Qonşularla heç bir mübahisəsi olmamışdır Müqavilədə bağın ölçüsünün qeyd edilməməsi atasına məxsus bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almamasına maneçilik törədə bilməz. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, təqdim edilən xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilədə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********55 saylı cavab məktubu ünvanlanmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına mljvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən sahəsi 2098,0 kv.m olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayışın arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 17 Sayli Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 26 may 2022-ci il tarixli, 371 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka (Bakı şəh,Sabunçu ray, Ləhiş bağ sahəsi ərazisində yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X10 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etməyinizi xahiş edirəm. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********03 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massiviünvanında yerləşən 359 saylı bağ sahəsinə dair sənədlərin surətindən görünür ki: -Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarına əsasən Bakı şəhəri X5 X4 və istismarı Birliyi ilə Ağagül Şuriyə oğlu arasında bağlanmış 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqaviləyə əsasən həmin birlik tərəfindən X13 Ləhiş qəsəbəsində yerləşən 359 nömrəli bağ sahəsi icarəyə verilmişdir. Müqavilənin 9-cu maddəsinə əsasən bağ sahəsi icarədar 1929-cu il tarixdə doğulmuş X13 ailə üzvləri ilə birgə verilir: Quliyeva K, İddiaçı, X3. X10 Bakı şəhər BağlarBirliyinə ünbanladığı xx.xx.1988-ci il tarixli ərizədə bildirmişdir ki,1966-cı ildən Ləhiş sahəsində badan istifadə edir. 359 nömrəli bağla müqaviləsi olmadığına görə xahiş edir ki, ona da müqavilə verilsin. -Ləhiş 359 nömrəli bağa dair aktda bağın sahəsi 0,25 ha olaraq göstərilmişdir. - Ləhiş 359 nörmrəli bağın yerləşmə cizgisinə əsasən 359 nömrəli bağ üç tərəfdən 358, 291, 360 nömrəli qonşu bağ sahələri və bir tərəfdən yol ilə əhatə olunmuşdur. Bağ sahəsinin eni 25 m, uzunluğu 100 m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********75 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, ümumi metal tor ilə sərhədlənmiş ərazidən şərti olaraq göstərilən torpaq sahəsi 2098,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Şərti olaraq göstərilən 2098,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur.
1. X 410070.1955, Y 4489981.6925
2. X 410134.1042, Y 4490024.6423
3. X 410145.8369, Y 4490002.4061
4. X 410070.3840, Y 4489951.6980 Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi qeydiyyatdan keçmiş qonşu bağ nömrələrinin ardıcılığına uyğun gəlir. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması səbəbi ilə qeyd olunan ərazinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən hansı bağın ərazisi olmasını müəyyənləşdirmək mümkün olmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 26 may 2023-cü il tarixli, 3-48-2F/2-03696/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 5/310 saylı qərarının və ona əlavə edilmiş aktın təsdiq edilmiş ksero surətləri və həmin qərara əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışın surətindən görünür ki: - Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarına əsasən Bakı şəhər sovetinin yaşayış sahələrinin baş idarəedicisi olan Texniki İnventarlaşdırma Bürosuna göstərilən bağ sahələrində salınmış bağ sahələrinin bağlar idarəsinin balansına götürülməsi üçün 1 ay müddətində inventarlaşdırılmasının həyata keçirilməsi, bağlar idarəsinə aktda göstərilən siyahıya uyğun olaraq bağların icarəsi və icarə haqları ilə bağlı lazımı sənədlərin rəsmiləşdirilməsi tapşırılmışdır. xx.xx.1987-ci il tarixli akta əsasən Ləhiş bağ massivində bağ sahələrinin istifadədə olduğu müəyyən edilmişdir: ..... 359- (....). Müəyyən edilmişdir ki, bu bağ sahələri iş yerindən və bağlar idarəsi tərəfindən verilməyib, bağ sahələrinin icarəsi üçün lazımı sənədləşmə işləri aparılmamışdır. Bu akta əlavə edilmiş siyahıdakı vətəndaşların əksəriyyəti fəhlə, təqaüdçülər, X7 iştirakçıları və əlilləridir. Bununla əlaqədar Bakı şəhər Sovetinin qarşısında uzun müddətdir ki, bağ sahələrindən istifadə edən bu vətəndaşlarla müqavilə bağlanması məsələsi qaldırılır. -Həmin qərara əlavə edilmiş Ləhiş massivində sənədsiz bağ sahələrindən istifadə edənlərin siyahısına əsasən: 12.359 X14-təqaüdçü qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********06 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ümumi metal tor ilə sərhədlənmiş ərazidən şərti olaraq göstərilən torpaq sahəsi 2098,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. İdarənin arxiv məlumatlarına əsasən Ləhiş bağ massivində yerləşən 359 saylı bağ sahəsinə dair mərhum Ağagül Şuriyə oğlunun adına bağlanmış xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilə (2 nüsxədə) mövcuddur. Müqavilələrdə bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Sxematik xəritəyə əsasən qeyd olunan ərazinin iddia olunan bağ nömrəsinə uyğunluğunu araşdırmaq mümkün olmamışdır. Lakin qonşu özəl bağ sahələrin ardıcıllığına uyğun gəlir. Həmin məktubla göndərilmiş ortofotonun surətindən görünür ki, həmin bağ sahəsinin qonşuluğunda 361a, 362, 356 nömrəli bağ sahələri yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubunda bildirilmişdir ki, Hüquq sahibi X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “359” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilən xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilədə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin istifadənizdə olmadığı aşkar olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılmasını tələb edir. İddiaçı sözügedən bağ torpaq sahəsinin mərhum atası X13 bağlar idarəsi ilə bağlanmış 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verildiyini əsas gətirərək, X14 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -Təqdim edilən xx.xx.1989-cu il tarixli, 19917 saylı müqavilədə torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. -Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Məhkəmə cavabdehin möqeyi razılaşmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd Bakı şəhəri X5 İcraiyyə Komitəsi X4 və istismarı Birliyi ilə X14 arasında bağlanmış 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqavilədir. Müqaviləyə əsasən birlik tərəfindən X13 Ləhiş massivində yerləşən 359 nömrəli bağ sahəsi icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsinin nüsxəsi cavabdehin arxivində saxlanılır və həmin müqavilədə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür. Müqavilənin özündə təkcə icarəçi X10 deyil, həm də sonuncunun ailə üzvlərininin, o cümlədən oğlu İddiaçı Şuriyə oğlunun adı qeyd olunmuşdur. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər-X14 tərəfindən bağ sahəsinə dair müqavilənin bağlanması ilə bağlı xx.xx.1988ci il tarixli bağlar idarəsi rəhbərliyinə ünvanladığı müraciət ərizəsi, ailə tərkibi haqqında arayış, müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, bağ sahəsinin yerləşmə sxemi (plan) kimi sənədlər saxlanılır. Nəhayət, qeyd edilməlidir ki, 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli müqavilədə müqavilənin Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı əsasında bağlandığı qeyd edilmişdir. Dövlət arxivindən əldə edilmiş Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarından müəyyən olunur ki, xx.xx.1987-ci il tarixli akta əsasən Ləhiş bağ massivində istifadədə olan lakin bağlar idarəsi ilə heç bir rəsmiləşmə aparılmamış bağ sahələrinə dair inventarlaşdırma işlərinin aparılması qərara alınmış, həmin bağlardan istifadə edənlərin siyahısı tərtib edilmiş və siyahıdakı vətəndaşlarla, o cümlədən 359 nömrəli bağ sahəsindən istifadə edən X14 ilə istifadə etdiyi bağ sahəsinə dair icarə müqaviləsinin bağlanması ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Beləliklə, hazırkı iş üzrə iddia olunan bağ sahəsinə dair arxiv qovluğunda saxlanılan 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsinin kökündə dayanan inzibati akt- Bakı şəhəri X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 5/310 nömrəli Qərarı dövlət arxivində mövcuddur və bu hal iddia olunan bağın qanuni istifadədə olduğunu təsdiq edir. Odur ki, 19917 nömrəli, 24 yanvar 1989-cu il tarixli icarə müqaviləsi mübahisə predmeti olan bağ sahəsinə hüququn qeydiyyata alınmasına əsas verən mötəbər hquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir. Bundan əlavə, cavabdehin istinad etdiyi icarə müqaviləsində bağ sahəsinin ölçüsünün qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İddia olunan 359 nömrəli bağ sahəsinin ölçüsü müqavilədə qeyd olunmasa da həmin 359 nömrəli bağ sahəsi ilə bağlı tərtib edilmiş inventarlaşdırma aktında bağ sahəsinin ölçüsü 0.25 ha olaraq göstərilmişdir. Eyni zamanda bağ sahəsinin planında bağın eni 25 m, uzunluğu 100 m göstərilməklə bağ sahəsinin ölçüsünün 2500 kv.m olduğu müəyyən olunur. Beləliklə, iddia olunan 359 nömrəli bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsinin 0.25 ha olduğu öz təsdiqini tapır. İddia olunan 359 saylı bağ sahəsinin hazırda iddiaçının faktiki istifadəsində olmaqla bağ sahəsinin ölçüsü 2098,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda iddiaçı hazırkı iddiasında qanuni faktiki istifadəsində olan 2098,0 kv.m torpaq sahəsinə hüququnun qeydiyyatını mübahisələndirməkdə haqlı hesab edilir. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə arxiv sənədlərində bağ sahəsinin yerləşmə planında 3 tərəfdən ən yaxın məsafədə qonşu 358, 291, 360 nömrəli bağlar olduğu, bir tərəfinin isə yol olduğu əks olunmuş, eyni zamanda məhkəməyə təqdim edilmiş naturada göstərilən bağ sahəsinin ortofoto görüntüsündə müəyyən məsafədə 359 nömrəli bağa yaxın 356, 361a, 362 nömrəli bağlar olduğu görünür. Cavabdeh özü də məhkəmə sorğusuna cavab olaraq sxematik xəritəyə əsasən naturada göstərilən bağ sahəsinin qonşu özəl bağ sahələrinin ardıcıllığına uyğun gəldiyini qeyd etmişdir. Cavabdeh imtinada bağ sahəsinin iddiaçının istifadəsində olmadığını qeyd etsə də, məhkəmə icraatı gedişində cavabdehin mütəxəsisləri tərəfindən əraziyə baxış keçirilərək naturada göstərilən bağ sahəsinin çöl-ölçmə işləri aparılmış, torpağın yerləşmə koordinatları müəyyən edilmiş, ümumi sahənin metal tor ilə sərhədlənmiş olduğu aşkar olunmuş, bununla da iddia olunan bağın həm də iddiaçının faktiki sahiblik və istifadəsində olduğu öz təsdiqini tapmışdır. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş bağ massivi 2098,0 kv.m ölçüdə 359 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin Ağagül Şuriyə oğluna aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının faktiki istifadəsində olan hazırda boş, üzərində tikili olmayan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edənfaktiki və hüquqi əsas mövcud deyildir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən sahəsi 2098,0 kv.m olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən sahəsi 2098,0 kv.m olan 359 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X13 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova