Məhkəmə qərarları › İş №2-1(112)-1755/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1755/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1755/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə qarşı “xəsarətin səbəbli səbəbli əlaqəsinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək polis nəfəri kimi 1991-ci ildə Goranboy rayonu, Todan kəndinə ezam olunmağı, eyni zamanda 1991ci ildə Goranboy rayonunun Todan kəndi istiqamətində gedən döyüşlər zamanı aldığı xəsarətlərin döyüş zamanı alınmaqla yetirilmiş xəsarətin səbəbli əlaqəsi barədə tibbi rəy verilməsi öhdəliyini cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliy və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddaçı 12 dekabr 1990-cı il tarixdən 17 mart 1995-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin keçmilş Xüsusi Təyinatlı Polis Dəstəsinin milis nəfəri vəzifəsində xidmət etmişdir.Təxminən 1991-ci ilin oktyabr ayında o, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün polis nəfəri kimi Goranboy rayonunun Todan kəndinə ezam edilmişdir. Ezamiyyətdə olduğu zaman, 14 oktyabr 1991-ci il tarixdə saat 11 radələrində Todan kəndi erməni qulduqları tərəfindən odlu silahlardan atəşə tutulması nəticəsində güllə və qəlpə yaraları almışdır. Yaralanmağı barədə 401 saylı, xx.xx.1991-ci il tarixli ekspert rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Təcili X3 Travtamologiya Şöbəsinin № 6010/863, 05 aprel 2018-ci il tarixli arayışı verilmişdir. Xəstəliyinin şəhadətləndirilməsi üçün döyüş bölgəsinə ezam edilməsini təsdiq edən sənəd tələb olunduğundan, o, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət etmişdir. İdarə tərəfindən ərizəsinə, xx.xx.2019-cu il tarixli, № 0xx/xx-5478Ş- 3219 saylı məktubla verilmiş cavabda bildirilmişdir ki, arxiv şəxsi işinizə baxış keçirən zaman döyüş bölgəsinə ezam edilməyiniz və travma almanız barəsində qeydiyyat aşkar edilməmişdir. O, DİN-nin, eyni zamanda Tibb İdarəsinə müraciət edərək 14 oktyabr 1991-ci ildə Goranboy rayonunun Todan kəndi istiqammətində gedən döyüşlər zamanı odlu silahlardan açılan atəş nəticəsində aldığı xəsarətlərin hansı şəraitdə alınmasını, xəsarətin səbəb əlaqəsi haqqında tibbi rəy verilməsini xahiş etmişdir. Həmin idarənin xx.xx.2019-cu il tarixli cavab arayışı ilə bundan imtina olunmuşdur. İmtina səbəbini isə xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyini və aldığı xəsarətin "sağlamlığı qısa müddtə pozan yüngül dərəcəli bədən xəsarəti" olduğu qeyd olunmuşdur. Həsab edir ki, xüsusi həim komissiyasının qeyd olunan imtinası qanunsuz və əsassız hesab olunmalıdır. Ona görə ki, xidmət etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun Goranboy rayon Todan kəndinə döyüş bölgələrinə 1991-ci ildə ezam olunması və travma alması barəsində qeydiyyatın Nazirliyin arxiv işində olmadığını əsas gətirməsinə baxmayaraq, eyni zamanda Nazirliyin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunur ki, DİN-nin xx.xx.1991-ci il tarixli 311 №-li, DİN-nin xx.xx.1991-ci il tarixli 2169 nömrəli, DİN-nin xx.xx.1991 -ci il tarixli 2496 ş/h nömrəli, DİN-nin xx.xx.1991 -ci il tarixli 3315 ş/h nömrəli və xx.xx.1994-cü il tarixli 289 ş/h nömrəli əmrləri ilə Dağlıq Qarabağ və ətraf rayonlarında gedən döyüş əməliyyatlarında iştirakına görə pulla mükafatlandırılmasını təsdiq etmişdir. Göründüyü kimi DİN-i onun 1991-ci ildə həm döyüş bölgələrinə ezam olunmasını inkar edir, həm də Nazirliyin müvafiq əmrləri ilə Dağlıq Qarabağ və ətraf rayonlarında gedən döyüş əməliyyatlarında iştirakını təsdiq edir. Azərbaycan Respublikası baş prokuroru yanında mühüm işlər üzrə müstəntiqi, 1 dərəcə hüquqşünas F.M.Məmmədovun 31.X.91-ci il tarixli qərarından da görünür ki, 14 oktyabr 1991-ci il tarixdə saat 11 radələrində Todan kəndini erməni quldurları odlu silahlardan atəşə tutarkən İddiaçıR bəndən xəsarəti almışdır. Əlavə etmişdir ki, 1991-ci ildə Goranboy rayon Todan kəndi istiqamətində gedən döyüşlər zamanş onun döyüş bölgəsində vuruşaraq mərminin partlaması nəticəsində xəsərət almasını döyüş yoldaşları təsdiq edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10823/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əsl cavabdeh Azarbaycan Respublikasi Daxili İşlər Nazirliynin Tibb Baş İdarəsi ilə əvəz edilmiş, İddiaçı 1991-ci ilin 14 oktyabr tarixində Goranboy rayonunun Todan kəndi istiqamətində gedən döyüşlər zamanı aldığı xəsarətlərin səbəbli əlaqəsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı öz iddia tələbində 1991-ci ildə Goranboy rayonu Todan kəndinə ezam olunduğunu və bu istiqamətində aparılan döyüşlər zamanı yaralandığını iddia edir. Yaralanmasının təsdiqi kimi X6 Yardım Xəstəxanasından verilmiş xx.xx.2018-ci il tarixli tibbi arayışa və Goranboy rayon prokurorluğunun qərarı ilə “MTE və PA” birliyinin Goranboy rayon şöbəsindən verilmiş ekspert nəticəsinə istinad edir. Bildiririk ki, İddiaçı arxiv şəxsi işində onun 1991-ci ildə cəbhə bölgəsinə ezam olunması barədə məlumat və yaralanması ilə bağlı qulluq etdiyi orqan tərəfindən aparılmış xidməti təhqiqat materialı aşkar edilməmişdir. İddiaçı xx.xx.1995-cı ildə xəstəliyə görə deyil, sıravi və rəis heyəti adına xələl gətirən hərəkət törətdiyinə görə” maddə ilə xidmətdən xaric edilmişdir. 1991ci ildən sonra xəstəliyinin səbəb əlaqəsinin təyin edilməsilə bağlı müraciət etdiyi 2018-ci ilədək (təxminən 27 il) stasionar və ambulator müalicədə olmaması da öz növbəsində haqlı şübhə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci ıl tarixli, 59 saylı qərarının 7.3 bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1990-xx.xx.1995-ci ilədək Daxili işlər orqanlarında xidmət etdiyini, oktyabr 1991-ci ildə ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün Goranboy rayonunun Todan kəndinə ezam olunduğu, bu zaman odlu silahlardan atəşə tutulması nəticəsində güllə və qəlpə yaraları aldığını iddia edir. İddiaçı döyüş bölgələrinə ezam olunmasını təsdiq edən sənəd kimi döyüş əməliyyatlarında iştirakına görə pulla mükafatlandırılması barədə DİN-nin müvafiq əmrlərinə, ezamiyyətdə olarkən yaralanmasını təsdiq eədn sənəd qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Təcili X3 Travtamologiya Şöbəsinin № 6010/863, 05 aprel 2018-ci il tarixli arayışına və Goranboy rayon prokururluğunun qərarı əsasında verilmiş MTE və PA birliyi Granboy rayon Şöbəsinin xx.xx.1991-ci il tarixli 401 nömrəli ekspert rəyinə istinad edir. Həmçinin, iş üzrə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ilə iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsi qarşı iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın (yaralanmanın) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə həvalə edilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə vəsatət ünvanlanaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-473/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarının tam ləğv edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iş üzrə icraata cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasını təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ləğv edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərarı ilə iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilməklə “aldığı travmanın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi” barədə iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1834/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı inzibati məhkəmə icraatında iddiaçı xx.xx.1991-ci il tarixdə aldığı xəsarətlərin səbəbi əlaqəsinin müəyyən edilərək şəhadətləndirilməsini mübahisələndirsə də o bundan əvvəl eyni hüquqi və faktiki hallara əsaslanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın (yaralanmanın) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi tələbini inzibati məhkəmə icratında mübahisələndirmişdir. Həmin iş üzrə iddiaçının iddia tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. İddiaçının hazırkı iş üzrə tələbinin cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsinə qarşı olması belə ona yenidən başqa bir məhkəmə icraatında eyni hüquqi və faktiki hallara istinad etməklə məhkəmə mübahisəsi yaratmağa əsas vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi ilkin olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsinə münasibətdə təmin edilmiş, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəsatəti əsasında həmin qərar ləğv edilmiş və cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilərək iddia tələbi xx.xx.2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxan apelyasiya instansiyası məhkəməsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki:(....) Daxili İşlər Nazirliyinin Tibb İdarəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetnin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarə ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi yer almamış, nazirlik özü inzibati orqan kimi təsbit olunmuşdur. Belə olan halda hazırkı mübahisənin əsal cavbadehi məhz nazirlikdir.(...) Bundan əlavə qeyd edilməlidir ki, hər iki məhkəmə qərarlarından, eləcə də hazırkı məhkəmə gedişində əldə edilmiş 2-1(112)-337/2021 saylı saylı inzibati iş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı iddia tələbinin əsaslandığı sübutlar-yuxarıda sadalanan pulla mükafatlandırılma barədə əmrlər, Gəncə şəhər Səhiyyə İdarəsi Təcili X3 Travtamologiya Şöbəsinin arayışı və Goranboy rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspert rəyi sözügedən məhkəmə icraatında yoxlama predmeti olmuş və nəticə etibarı ilə iddiaçının xəsarətlərinin (travmanın) səbəb əlaqəsinin təyin edilməsinə əsasların olmadığı qənaətinə gəlinmişdir. Beləliklə müəyyən olunur ki, inzibati məhkəmə icraatında iddiaçının iddia tələbiniə mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki mühakimə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə (istər mülki, istər inzibati məhkəmə) mübahisə predmeti ola və baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsinə qarşı “xəsarətin səbəbli səbəbli əlaqəsinin müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar