Məhkəmə qərarları › İş №2-1(112)-1755/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1755/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1755/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçı hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona deymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, müayinələrinin tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablarına görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1510/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 10 avqust 1993-cü il tarixdə anadan olmuş, 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsi tərəfidən həqiqi hərbi xidmətə çağırılmış. Bundan sonra Hərbi Tibbi Komissiyasının həkimləri tərəfindən müayinə olunaraq tam sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən olunmuşdur. 2011-2013-cü illərdə Beyləqan rayonunda yerləşən 181 Sayılı Hərbi Hissədə əsgər olaraq hərbi xidmət keçmiş. Xidmət etdiyi zaman, o dövrlərdə məişət şəraitsizliyi olduğundan əsgərlər şəxsi gigiyena qaydalarına tam riayət edə bilmirdilər. Mütəmadi olaraq sıra baxışı zamanı Bölük komandirləri əsgərlərin üz və boyun nahiyəsində qalan tükləri ümumi bir ülgüclə təmizlədirdilər. Məlumdurki, belə hallar infeksion xəstəliklərin yayılmasında başlıca rol oynayır. Yuxarıda qeyd etdiyi halların nəticəsi olaraq, xidmətə başladığı ilk 3 ay ərzində iddiaçını yüksək hərarət, halsızlıq, ürəkbulanma ilə rayonda yerləşən Hərbi Hospitala, oradan da Bakı şəhəri Baş Hərbi Hospitalına (Papaninə) göndərdilər. Hospitaldan göndəriş ilə Sağlam Ailə klinikasında xx.xx.2012 tarixli müayinə zamanı diaqnozumun Hepatit В virusu olduğunu təsdiqlədilər. Hospitalda müalicə həkimləri bu diaqnozla ((Hərbi Xidmətə Yararsız)) hesab olunmaqla onu tərxis edə biləcəklərini söyləsələrdə, sağlamlığına laqeyid yanaşaraq yenidən çətin şəraitli olan Hərbi Hissəyə xidmətini davam etmək üçün göndərdilər. 2013-cü ildə xidmətini tam başa vuraraq Həmin Hərbi Hissədən tərxis olunmuş, təxris olunduqdan sonra sağlamlığının get-gedə pisləşməsi səbəbindən xəstəxanaya müraciət etdikdə, bunun səbəbinin qanında Hepatit В virusu ilə yanaşı X1 (İİV) olması təsdiqləndi. Bakı şəhəri Baş Hərbi Hospitalında qanımda Hepatit В ilə yanaşı başqa qan xəstəliklərinin keçmə ehtimalını sıfırlamaq üçün əlavə analizlər təyin edilmədiyindən İİV yoluxduğunu artıq virus orqanizmində böhran vəziyyət yaratdıqda öyrənə bilmişdir, vaxtında aşkar olunmamış İİV-dən müalicə olunmadığından virus yükü artaraq sağlamlığında başqa fəsadlar törətməsi nəticəsində 2023-cü ilin noyabr ayında iddiaçıya X6 təyin edilmişdir. Həqiqi Hərbi Xidmətə gedərkən tam sağlam, əmək qabiliyyətli olmuş, hərbi xidmət dövründə sağalmaz xəstəliyə tutulmuş, həm hərbi xidmətdə olarkən, həmdə hərbi xidmətdən sonrakı dövürdə xəstəliklə mübarizə apardığından əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə cəmi 26580 manat gəlirdən məhrum olmuş, eyni zamanda keçirdiyi fiziki xəstəliyə görə sağlamlığına 200.000 manat və mənəvi iztirablar nəticəsində ona 30.000 manat məbləğində mənəvi zərər dəymişdir. Xəstəliyə Hərbi Xidmətdə olarkən yoluxduğu üçün ona dəyən zərərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən ona məktub ünvanlanaraq, mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı xəstəliyini 2011-2013-cü illərdə hərbi xidmət keçdiyi dövrdə yaranmasını sübut edə bilməmişdir. Ehtiyata buraxıldıqdan sonra xəstəliyin səbəb əlaqəsinin müəyyən olunması üçün 3 ay müddətində qeydiyyatda olduğu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsinə müraciət etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1.“ə” bəndinə əsasən, hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşda əlillik təyin edilmiş olsun. İddiaçının guya ki, 2011-2013-cü ildə dəymiş maddi və mənəvi zərərin vurulmasını 11-13 ildən sonra, yəni 2024-cü ildə mübahisələndirməsi artıq onu sübut edir ki, ona hər hansı maddi və mənəvi zərər dəyməmişdir, iddianın əsassız olduğunu sübut edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh müraciəti təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus olan AO ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 5/1224 nömrəli iddiaçıya ünvanlandığı məktubunda bildirilmişdir ki, təzminat tələbi əlaqədar məhkəməyə müraciət edilməlidir. İddiaçı əlavə olaraq məhkəməyə tibbi sənədlər təqdim etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

7. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

8. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

9. İddiaçının həqiqi hərbi xidmətə çağırılan zaman qüvvədə olmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən: - 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” 89.1. inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

13. İddiaçının hazırkı iddia tələbi iddiaçı hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona deymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, müayinələrinin tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablarına görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

14. İşin faktiki hallarına əsasən iddiaçı 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2013-cü ildə xidmətdən tərxis edilmişdir. İddiaçı həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı müraciətinin olmamasını, hərbi xidmətə çağırıldığı zaman müayinə olunarkən hər hansı xəstəliyi ilə bağlı şikayətinin olmaması, lakin xidmət zamanı hepatit B virusuna yoluxuduğunu, tərxis olunduqdan sonra isə səhhətinin daha da pisləşdiyini əsas gətirərək cavabdeh inzibati orqana hazırkı tələb ilə bağlı müraciət etmiş, cavabdeh tərəfindən tələb təmin edilmədiyi üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən inzibati mübahisə məhkəmə tərəfindən araşdırılarkən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 T 835/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı ilk dəfə xx.xx.2015-ci il tarixdə Respublika QİÇS- lə Mübarizə Mərkəzində İİV-ə görə müayinədən keçərkən İİV müsbət çıxdığından həmin tarixdən İİV 15-230 kodu ilə daimi qeydiyyata götürülmüşdür. İİV-ə yoluxmuş şəxslərdə xəstəliyin latent dövrü, (yəni heç bir kliniki əlamət büruzə vermədən, yanaşı xəstəlik və ağırlaşma müşahidə olunmadan virusun orqanizmdə dövr etməsi) şəxsin immun sisteminin vəziyyətindən, virusun qanda aktivliyindən və səviyyəsindən asılı olaraq, 2 ildən 10 ilədək davam edə bilər. Xəstənin mövcud olan infeksiyaya nə zaman yoluxmasını, xəstəliyin hansı tarixdən başlamasını bu və ya digər laborator müayinə üsulları ilə təyin etmək mümkün olmadığından onun xəstəliyə tutulması vaxtı barədə fikir söyləmək mümkün olmadı. Bundan əlavə iddiaçının 2013-cü ildə həqiqi xidmətdən tərxis olunması, məhkəməyə isə iddia ərizəsi ilə xx.xx.2024-cü ildə, yəni 11 il sonra müraciət etməsi, onun ziyanına şərh edilməlidir. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericiliyinin normalarına əsasən hərbi xidmət zamanı vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi o halda qiyabi (sənədlər üzrə)müəyyən edilir ki: hərbi xidmətkeçmə dövründə alınmış xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən buraxıldığından sonra 3 ay ərzində vətəndaşda əlillik təyin edilmiş olsun. İş materiallarından göründüyü kimi, nə iddiaçının təqdim etdiyi sənədlərdən, nə də məhkəmə araşdırılması zamanı, iddiaçının istinad elədiyi xəstəliyinin hərbi xidmətdkeçmə dövründə yaranmış xəstəlik olması sübuta yetirilməmişdir. Odur ki, məhkəmə araşdırılması zamanı cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilmir.

15. Bunda əlavə məhkəmə onuda qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ödənilməsi ilə bağlı maddi hüquq normalarının tətbiq edilməsi üçün 3 zəruri şərt mövcud olmalıdır: birincisi mülki hüquq pozuntusu mövcud olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır.

16. İnzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

17. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

18. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

19. Hal-hazırki inzibati məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya münasibətdə qanunsuz hərəkətləri (hərəkətsizliyi) və ya qərar qəbul etməsi müəyyən edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir

20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

21. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçı hərbi xidmətdə olarkən yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona deymiş maddi zərər 2013-cü ildən 2023-cü ilin hal hazırki vaxtınadək Azərbaycanda minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat məbləğində maddi zərərin, müayinələrinin tam aparılmadığından, xəstəliyinin irəliləyərək əlilliyə gətirib çıxarmasını nəzərə alaraq sağlamlığına dəymiş 200000 manat zərərin, psixoloji istirablarına görə 30000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 35ci, 68-ci, 69-cu, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar